Siyasət

Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb" 

28 Oktyabr, 2026
8

sosial media

Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın fasadının zədələndiyi bildirilir. 

Bu barədə oktyabrın 27-də memar və ictimai fəal Abdul Hüseynov sosial media hesabında məlumat verib. 

"Bu il Azərbaycan Memarlar İttifaqı yaradılmasının 90 illiyini qeyd edir. Tarixi-memarlıq irsinin kütləvi şəkildə sökülməsi, eləcə də Bayırşəhər ərazisini əhatə edən fərdi memarlıq abidələrinin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da təsir edib. Memarlıq abidəsinin yaxınlığında hasar çərçivə və onun çəpəri quraşdırılıb, divarları bərkidilib", - o qeyd edib. 

Paytaxtın Bayırşəhər kimi tanınan ərazisində Murtuza Muxtarov küçəsində yerləşən bina 1899-cu ildə inşa edilib və dövlət əhəmiyyətli memarlıq abidələrinin reyestrində yer alır. 

Faktın ictimailəşməsindən sonra Memarlar İttifaqı sosial media hesabında açıqlama yayaraq hasar çərçivə və çəpərin artıq söküldüyünü xəbər verib. 

"İctimaiyyətin diqqətinə çatdırırıq ki, Azərbaycan Memarlar İttifaqının binasının yaxınlığında hasarın quraşdırılması ilə bağlı işlər axşam saatlarında, binada heç kimin olmadığı vaxt aparılıb. Bu səbəbdən məsələ vaxtında diqqətimizə çatmayıb.
Hazırda Memarlar İttifaqının tələbi əsasında həmin hasar sökülüb. Növbəti mərhələdə hasarın birbaşa torpağa ankerlərlə bərkidilməsi və ittifaqın binası ilə heç bir təmasının olmaması təmin ediləcək", - deyə qeyd olunub. 

A.Hüseynov isə "Toplum TV"yə çərçivənin sökülməsinin yetərli olmadığını, tarixi abidənin zədələnmiş hissələrinin bərpa edilməli olduğunu bildirib. 

"Bu, mala və s. ilə düzələn iş deyil. Dövlət tərəfindən layihə hazırlanmalıdır, dövlət ekspertizasından keçməlidir və sonra bərpa prosesinə başlanmalıdır. Tarixi abidənin bərpası üçün tələb olunan normalar təmin olunmalıdır. Eyni zamanda, bu əməli törədən şəxslər məsuliyyətə cəlb olunmalı və bu barədə ictimaiyyətə məlumat verilməlidir", - o deyib. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktla bağlı açıqlama verməyib. 

A.Hüseynov xatırladır ki, təxminən üç ay əvvəl Memarlar İttifaqının binasının arxa fasadı da digər binaların sökülməsi nəticəsində zədələnib və həmin hissələr də bərpa edilməmiş qalır. 

Bayırşəhərdə bir ildən çoxdur söküntü işləri aparılır. Sökülmüş binalar arasında yaşı 100-dən çox olan və tarixi abidələrin dövlət reyestrində yer alan binalar da olub. 

Yasamal Rayon İcra Hakimiyyəti söküntünün ərazidəki Qış Parkının genişləndirilməsi məqsədilə aparıldığını bildirir. 

Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən, Bayırşəhərdə Təzəpir məscidi ətrafındakı ərazi "xüsusi mühafizə olunan ərazi" statusuna malikdir. 

Bu statusa əsasən, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP üzvünə sosial media paylaşımına görə 10 sutka həbs verilib

28 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov 10 sutka müddətinə inzibati qaydada həbs olunub. AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova bu barədə “Meydan TV”yə bildirib. Onun sözlərinə görə, kombi ustası kimi çalışan Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə təmir işləri görmək üçün gedib. “Rəşidov evdə işlədiyi vaxt qapı döyülüb. Qapını açan ev sahibinin qarşısına mülki geyimli dörd nəfər çıxıb. Onlar həyətdəki avtomobilin kimə məxsus olduğunu soruşublar. Ev sahibi maşının kombi ustasına aid olduğunu deyib”, - Rəhimova bildirib. Gülnarə Rəhimovanın bildirdiyinə görə, həmin şəxslər avtomobilə zərər dəydiyini və maşının sürtüldüyünü...
Siyasət

Kamal İsayevin apellyasiya iclası eyni hakimin işə baxmasına etirazdan sonra təxirə salınıb

28 Oktyabr 2026

sosial media

Oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. İnsan Haqları Uğrunda Həmrəylik Komitəsinin məlumatına görə, iclasa hakim Telman Hüseynov sədrlik edib. Müdafiə tərəfi bildirib ki, Hüseynov İsayevin işinə birinci instansiyada da hakim kimi baxıb. Vəkillər bunun hakimin qərəzsizliyinə dair əsaslı şübhələr yaratdığını deyərək, Cinayət-Prosessual Məcəllənin 109.1.6-cı maddəsinə əsasən ona etiraz ediblər. Müdafiə tərəfinin hakimin işə baxmaqdan kənarlaşdırılması ilə bağlı vəsatəti təmin edilib. İclas qeyri-müəyyən müddətə təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2026-cı il tarixli hökmü ilə İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kamal İsayev Cinayət Məcəlləsinin...

Seçilmiş Videolar

Toplum TV loqo