“Meydan TV işi”: Jurnalist sənədlərinin götürüldüyünü və zorakılığa məruz qaldığını deyir
Meydan TV
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Meydan TV”nin məlumatına görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb.
Təqsirləndirilən jurnalist Nurlan Libre (Qəhrəmanlı) Bakı İstintaq Təcridxanasında sənədlərinin götürüldüyünü və bunun müdafiə hüququnu məhdudlaşdırdığını bildirib. O, sənədləri yanında olmadığından şahidlərə sual verə bilməyəcəyini deyərək onların dindirilməsinə etiraz edib.
Jurnalistin sözlərinə görə, oktyabrın 18-də saxlanıldığı kamerada axtarış aparılıb. Bu zaman ittiham aktı və məhkəməyə hazırlıq üçün topladığı qeydlər də daxil olmaqla bütün sənədləri götürülüb.
Nurlan Libre iddia edib ki, sənədləri götürüldükdən sonra təcridxana rəisinin otağında fiziki zorakılığa məruz qalıb:
“İstintaq təcridxanasının rəisi Elnur İsmayılovun sifarişi ilə qaldığım kamerada ‘şmon’ elədilər, bütün sənədlərimi götürdülər - ittiham aktını, qeydlərimi. Sonra da Elnur İsmayılovun otağında zorakılığa məruz qaldım. Vəkilimi təhqir etdilər, mən də dözmədim, o ifadələri qaytardım. Ona görə döydülər”.
Jurnalist bundan sonra üç gün cərimə kamerasında (“kars”) saxlanıldığını deyib. Onun sözlərinə görə, kamera yoldaşı da cəzalandırılıb və beton döşəmədə yatmağa məcbur edilib.
“Adını qoydular ki, guya ‘şmona’ maneçilik törətmişəm, ona görə kars cəzası veriblər. Amma yalan idi. Hicabla bağlı yazdıqlarıma görə cəzalandırırdılar”, - Nurlan Libre əlavə edib.
O, sənədləri qaytarılmadan məhkəmədə özünü lazımi qaydada müdafiə edə bilməyəcəyini bildirərək prosesin təxirə salınmasını istəyib.
İclasda iştirak edən bir neçə vəkil də sənədlərin götürülməsinin təqsirləndirilən şəxsin müdafiə hüququna təsir etdiyini bildirib.
Proses zamanı həbsdə olan digər jurnalist Xəyalə Ağayeva da məhkəmə qərarının icra edilməməsinə etiraz edib.
“Məhkəmə olaraq siz mənim nikah bağlamaq barədə vəsatətimi təmin etmişdiniz. Lakin ASAN Xidmət qərarı icra eləmir”, - Xəyalə Ağayeva bildirib.
Hakim Zaur Hacıyev məhkəmənin bu barədə qərar qəbul etdiyini təsdiqləyib və vəkilin həmin qərar əsasında ASAN Xidmətə müraciət edə biləcəyini deyib.
“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası noyabrın 2-nə təyin olunub.
Bu iş üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az”ın baş redaktoru və “Meydan TV” ilə əməkdaşlıq edən Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da bu iş üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq olmaqla, bir neçə maddə üzrə ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"
Portağal Media
IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”