Siyasət

“QHT işi”: Asəf Əhmədov barəsində 8 illik həbs hökmü qüvvədə saxlanılıb

2 Sentyabr, 2026
93

sosial media

Sentyabrın 1-də Gəncə Apellyasiya Məhkəməsi “QHT işi” üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədov barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu barədə ictimai fəalın həyat yoldaşı Xalidə Əhmədova məlumat yayıb.
O, apellyasiya instansiyasının qərarını ədalətsiz adlandırıb və birinci instansiya məhkəməsində yol verildiyini bildirdiyi hüquq pozuntularının nəzərə alınmadığını deyib.

Müdafiə tərəfinin etirazlarından biri Əhmədovun ittiham olunduğu maddələrdən biri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin başa çatması ilə bağlı olub. Xalidə Əhmədova bildirib ki, buna baxmayaraq, həmin maddə üzrə çıxarılan hökm də qüvvədə saxlanılıb.
“Asəf Əhmədovla birlikdə 1 il 5 aydır məhkəməyə getsəm də, mən məhkəmə görmədim”, - deyə o bildirib.

Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov iyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsində səsləndirdiyi son sözündə ittihamları rədd edib:
“Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli düşündüyünə görə ittiham edib mühakimə etmişdilər. Bu gün onu mühakimə edən vəzifə sahiblərini heç kim xatırlamır, amma Sokratın irsi yaşayır, insanlar onu hələ də oxuyur və tanıyırlar. Hüseyn Cavidi və onlarla ziyalımızı da məhz belə qondarma ittihamlarla, sadəcə düşüncələrinə görə mühakimə etmişdilər. O dövrün müstəntiqləri və prokurorları qalib gəldiklərini düşünürdülər. Ancaq tarix həmin qərarları verənləri bağışlamadı. Ədalət gec də olsa öz yerini tapdı və tapacaqdır”.

“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti nümayəndələri həbs olunub, 10-a yaxın şəxs barəsində isə həbsə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslərin məhkəməsi davam edir, bəziləri barəsində isə artıq hökm çıxarılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo