Siyasət

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

19 noyabr, 2026
51

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub. 

“Analgin, strabon, təzyiq dərmanından başqa heç bir dərman verilmir. Amma bu o demək deyil ki, Penitensiar Xidmətin Tibb Baş İdarəsinə ümumiyyətlə dərman verilmir. Verilir. Sadəcə məhbuslara heç nə verilmir. Məsələn, şəkər xəstələrinə insulin belə vermirdilər. Və yaxud QİÇS xəstələri olub ki, dərmanlarını vaxtında verməyiblər deyə həyatlarını itiriblər”, - o qeyd edib. 

İki dəfə məhkumluq həyatı yaşayan Salayev 2020-2022-ci illərdə 16 və 17, 2023-cü ildən bu ilin avqustuna qədər isə 11 saylı Cəzaçəkmə Müəssisələrində saxlanılıb. O deyir ki, müəssisələrdə ciddi infrastruktur və idarəetmə problemləri hökm sürür. 

“Şəraitsizlik var. Elə həbsxanalar var ki, su çatışmazlığı mövcuddur. Məsələn, 5 saylı Cəzaçəkmə Müəssisəsi var, Xərəz deyilən yerdir. Oradakı şəraitlə gəlib tanış olsanız deyərsiz ki, bu 18-19-cu əsrə aid olan həbsxanadır. Qidalar zəifdir. İnsana verilən o qidalarla bilirsən ki, hansısa sağalmaz xəstəliyə düçar olacaqsan”, - o əlavə edib.

11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmış, anonimliyin qorunması şərtilə “Toplum TV”yə danışan keçmiş məhkumlar bildirib ki, müəssisədə varlı məhkumlar üçün nəzərdə tutulmuş, hər cür şəraitlə təmin olunan sahə var. İddiaya görə, buraya girişin qiyməti 7-10 min manat arası dəyişir, lakin məhkum əlavə olaraq aylıq 300 manat ödəyir, nasazlıq baş verdikdə təmir xərclərini də məhkumlar öz cibindən, özü də 3-4 qat baha qiymətə qarşılayır. 

“Toplum TV”nin 11 saylı Cəzaçəkmə Müəssisəsindən iddiaya münasibət öyrənmək cəhdi baş tutmayıb. Penitensiar Xidmət də məqalə yayımlanana qədər sorğumuza cavab verməyib. 

Oktyabrın 27-də Penitensiar Xidmətin rəhbərliyində dəyişiklik baş verib. Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Seyidov rəis vəzifəsindən azad olunub, onun yerinə Sahib Rzayev təyin edilib. Rzayev bu təyinata qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb. 

Mirsaleh Seyidovun rəhbərliyi dövründə xeyli sayda məhkum, xüsusilə siyasi məhbus kimi tanınan şəxslər cəzaçəkmə müəssisələri və təcridxanalarda saxlanma şəraiti ilə bağlı problemləri ictimailəşdirib. “Toplum TV işi” üzrə həbsdə olan Ramil Babayev bu ilin mayında saxlanıldığı Bakı İstintaq Təcridxanasında 11 tələb irəli sürərək aclıq aksiyasına başlamışdı. Onun tələbləri sırasında təcridxanada işgəncə hallarına və məhbuslar arasında ayrı-seçkiliyə son qoyulması, cərimə kameralarında sanitar vəziyyətin yaxşılaşdırılması, şikayətlərin ünvanlarına çatdırılması və başqa məsələlər var idi. 

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli “Toplum TV”yə açıqlamasında deyir ki, rəhbərlik etdiyi qurum dəfələrlə həbsxanalarda şəraitin yaxşılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət edib və təkliflər verib. 

“Həbsxanalarda hazırda vəziyyət, doğrudan da, acınacaqlıdır. Məhbusların sıxlığı, tibbi vəziyyət və digər problemlər qalmaqda davam edir. Penitensiar Xidmətdə dəyişikliyin edilməsi isə, hesab edirəm ki, ümumilikdə nizam-intizama təsir edə bilər. Çünki həbsxanalardakı sıxlıq Penitensiar Xidmətin səlahiyyəti çərçivəsində deyil”, - o qeyd edib. 

Ötən ay yerli mətbuata müsahibə verən ədliyyə naziri Fərid Əhmədov isə yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib. Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən bu həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.

Həmin vaxt nazirin açıqlamasına sosial mediada münasibət bildirən Fikrət Cəfərli isə qeyd etmişdi ki, islahatlara təkcə həbsxanalar tikməklə nail olmaq mümkün deyil. Hüquq müdafiəçisi həbsxanalarda sıxlığın aradan qaldırılması üçün digər həll yollarını, xüsusilə həbsə alternativ cəzaların tətbiqini tövsiyə edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International”: “AbzasMedia” jurnalistləri müstəqil jurnalistikaya görə 3 ildir həbsdədir”

19 noyabr 2026

sosial media

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbslərinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı təzyiqlərin davam etdiyini bildirib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers deyib ki, “Abzas Media”nın yeddi jurnalisti üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır. “Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı başlayan genişmiqyaslı təqiblərin ilk hədəfləri olublar”, - Strazers bildirib. Bəyanatda qeyd olunub ki, təzyiqlər təkcə əsassız həbslərlə bitmir. Jurnalistlərin yaxınları və vəkilləri həm “Abzas Media” əməkdaşlarına, həm də tənqidi fəaliyyətinə və fərqli fikirlərinə görə həbs edilən digər şəxslərə qarşı pis rəftar hallarının artdığını deyirlər. Təkadamlıq kameralarda saxlama,...
Siyasət

Araşdırma: "Deutsche Bank"dan sızan sənədlərdə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin adı keçir

18 noyabr 2026

Toplum TV

ABŞ prezidenti Donald Trampın sahibi olduğu şirkətlərlə Azərbaycanın "çirkli pul yuma şəbəkəsi"nin əlaqələri olduğu bildirilir.   Bu barədə noyabrın 17-də dərc olunan, müxtəlif ölkələrdən olan 200-dən çox jurnalistin ərsəyə gətirdiyi araşdırmada qeyd olunub.  Araşdırma Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan sızdırılan sənədlər əsasında hazırlanıb. Bankın iki işçisi 15 milyondan çox məxfi sənədi jurnalistlərə sızdırıb.  Sənədlərdən aydın olur ki, hələ 2014-cü ildə bank Trampın Azərbaycanda qeydiyyatda olan "DT Marks Baku" şirkətinə şübhəli köçürmələr barədə ABŞ hüquq-mühafizə orqanlarını xəbərdar edib. Buna nümunə kimi həmin vaxt şirkətə Danimarkanın "Danske Bank"ının Estoniya filialının adı çəkilməyən müştərisindən edilən köçürmələr göstərilib. Sonradan məhz bu filialın...

Seçilmiş Videolar

Toplum TV loqo