Polad Aslanov aclıq aksiyasını dayandırıb: “Həkimlər iflic qala biləcəyimi dedilər”
sosial media
Həbsdə olan jurnalist Polad Aslanov 20 gün davam edən aclıq aksiyasını dayandırıb.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, hicab qadağına etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan Aslanov oktyabrın 31-də Müalicə Müəssisəsində aksiyanı dayandırıb.
Gülmirə Aslanova həyat yoldaşının səhhətinin kəskin pisləşdiyini bildirib. Polad Aslanov aksiyanı dayandırmasının səbəbini belə izah edib:
“Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim. Gözlərim qaralır, qulaqlarımdan şiddətli ağrılar qalxırdı. Həkimlər hər an komaya düşə biləcəyimi və iflic qala biləcəyimi bildirdilər. Səhhətimdə yaranan problemlərə görə aclıq aksiyasını dayandırdım. Gücüm bu qədər yetdi”.
Aslanov həmçinin oktyabrın 15-də Müalicə Müəssisəsinə köçürülərkən üzündə və boynunda döyülmə izlərinin olduğunu bildirib. Onun sözlərinə görə, müəssisənin həkimləri xəsarətlərin fotolarını çəkiblər. Jurnalist Ombudsman Aparatının əməkdaşlarına da oktyabrın 12-də saxlanıldığı 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov və Teymur adlı əməkdaş tərəfindən döyüldüyünü deyib. Onların da xəsarətlərin fotolarını çəkdiyi bildirilir.
Gülmirə Aslanova həyat yoldaşına istinadla yazıb ki, Polad Aslanov döyülməsini hicab qadağasına etiraz olaraq aclıq aksiyasına başlaması ilə əlaqələndirib.
Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı qəbul etmir və peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi qapalı keçirilib, fəallar prosesə buraxılmayıb
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar