RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”
sosial media
“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb.
Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib.
“Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir.
Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır.
Jurnalistin yaxınlarının daha əvvəl yaydığı məlumata görə, oktyabrın 14-də Bakı İstintaq Təcridxanasında saxlanılan Elgünəşin vəziyyəti daha da ağırlaşıb.
“Aynur böyrəyindəki təzyiqə görə əziyyət çəkir, insan stabil təzyiq görmür. Belə laqeyd yanaşmanı işgəncə adlandırmaq olar. Müalicə almaq üçün o mütləq Müalicə Müəssisəsinə aparılmalıdır. Hər ötən gün onun əleyhinə işləyir və geridönməz fəsadlar yarana bilər. Daxildə gedən prosesin kritik olduğunu onun üzündən anlamaq olar artıq. Çəki itirib, gözləri çuxura düşüb, çox solğun görünür, tez-tez də ağrıları olur. Bu sağlamlıq məsələsidir və bunun ciddiyyətinə varmaq lazımdır. Nəyi gözləyirlər, anlamırıq. Biz yaxınları olaraq Aynur Elgünəşin səhhəti ilə bağlı həyəcan təbili çalırıq”, - yaxınları bildiriblər.
“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.
2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da bu iş üzrə həbs ediliblər.
Onlar, əsasən, qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”