Ruslan İzzətli oğluna məktub yazıb: Nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var
Foto: sosial media
III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından oğluna məktub yazıb:
Əziz oğlum, 15 sentyabr - təxminən eyni vaxtda ikimiz də mahiyyətcə toplumu, dövləti inkişaf etdirəcək, ayaqda tutacaq fərqli qurumlara gedəcəyik: sən təhsil ocağı məktəbə, mən isə ədalətin qoruyucusu olan məhkəməyə.
Niyə mahiyyətcə deyirəm? Çünki sivil ölkə və cəmiyyətlərdə bu iki qurum cəmiyyətin əsas sütularıdır. Amma təəssüf ki, məmləkətimiz elə bir vəziyyətə salınıb ki, nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var.
Etatizmin getdikcə gücləndiyi məmləkətimizdə hər iki qurum bilərəkdən korrupsiya bataqlığında boğulur. Çünki anlayırlar ki, təhsilin və ədalətin mövcud olduğu ölkədə istədikləri idarəetməni hakim edə bilməzlər.
Hüqo “Ölüm məhbusunun son günü” əsərində deyirdi: “Baş verən məhkəmələr fərqli düşüncəyə görə qisas almaq və cəzalandırmaq mexanizmidir. Ədalətin artıq mahiyyətində qisas var”.
Əziz oğlum, Hüqonun XVII əsr Fransasını təsvir etdiyi əsəri bu gün XXI əsr Azərbaycanının reallığına uyğun gəlir. Demək ölkəmiz illərlə deyil, əsrlərlə geriyə atılıb. 30 ildən çoxdur ki, bir rejim ölkəni 300 il geriyə aparıb. Məmləkətimizi idarəedənlərin Fransa kralı XV Louisinin düşüncəsindən fərqlənməməsinin bir çox səbəbləri var.
Ən böyük səbəblərdən biri toplumun təhsilsiz olmasıdır. Korrupsiya bataqlığında boğulan təhsilimizdə nə qədər sadəcə diplomlu insanlar var ki, nə sorğulaya, nə də səsini çıxara bilir. Çünki illərdir dövlətçilik propaqandası altındakı təhsil sistemi insanlara cəlladlarına sevgi aşılayıb. Daha dəqiq desək, insanlar ədalətlə bir tikə çörək arasında seçimə məcbur edilir.
Bu siyasət sovet dövründə də belə olub, sovetin siyasi varislərindən biri kimi Azərbaycan hakimiyyəti dövründə də.
Ona görə də heç vaxt unutma: bu rejim və ona xidmət edənlər heç vaxt cumhuriyyətçi varisi ola bilməzlər. Bunlar cumhuriyyətçiləri hər cür repressiyalara məruz qoyan stalinizmin varisləridir. Bu təkcə sənə ata nəsihəti deyil, tarixin gerçəkləridir.
Məktəbdə sənə ədalətdən, dürüstlükdən dərs deyən nə qədər müəllim seçki saxtakarlığının fədakar əsgəridir. Bunu da bilərəkdən edirlər, çünki bütün sahələrdə hər kəsi çirkaba bulayırlar ki, sistemə sadiq olsunlar.
Getdiyim məhkəmlərdə hakimlər o qədər korrupsiyaya bulaşıblar ki, siyasi qərarları “Femidanı zorlayaraq” icra etməsələr Kürdəxanaya göndəriləcəklər. Ona görə də istənilən hakim siyasi qərarın qarşısında müti və qorxaqdır.
Əziz oğlum, ilk dərs günündə yanında ola bilmədim. Konvoyun müşahidəsi ilə əli qandallı məhkəməyə gedəcəm. Bu gün səninlə birlikdə ola bilməməyimin səbəbi beyni, düşüncəsi iflic olanların qaranlığa qərq etdikləri məmləkətimizi aydınlığa çıxartmaq mücadiləmizdir.
Mən bir tikə çörəklə ədalət arasındakı seçimimi sən doğulmamışdan etmişəm. Sən də bilmədən artıq bir savaşın içindəsən. Qoyma ki, korrupsiyanın bataqlığında boğulan təhsil sistemi səni özünə bənzətsin. Bunun üçün fərdi hazırlıqlarına, dərslərinə daha çox zaman ayırmağa çalış.
Mən və mənim kimi onlarla insan sənin və həmyaşıdlarının bu məmləkətdə azad, xoşbəxt yaşamağınız üçün ədalətsizliklə barışmadılar, əzaba qatlanmağı üstün tutdular.
İnan və əmin ol ki, bacaracağıq və bu ölkədə xoşbəxt yaşayacaqsan. Sadəcə səndən və dostlarından xahişim odur ki, yaxşı təhsil alın. Liderimiz Rəsulzadə deyirdi ki, elm olmadan heç bir nöqsanımız arada qalxmayacaq.
Unutmayın, sevgi və həqiqət qalib gələcək!
Ruslan İzzətli
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: açıq mənbə
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Azərbaycanda partiya liderləri niyə “beynəlxalq ekspert”ə çevrildi?