Siyasət

Fazil Qasımovun vəkili Fuad Ağayev: “42 illik təcrübəmdə bu dərəcədə rüsvayçılıq görməmişəm”

20 Dekabr, 2024
116

açıq mənbədən götürülüb

 İqtisadçı-alim Qubad İbadoğlunun işinə görə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir. 

Ötən məhkəmə iclasında vəkil Fuad Ağayev onun müdafiəsinə yeni qoşulduğuna görə hakimdən sənədlərlə tanış olmaq üçün vaxt istəmişdi. Vəkil  müttəhimin də işlə tanış olmadığını qeyd edərək ona bunun üçün saxlanıldığı təcridxanada şərait yaradılmasını istəmişdi. 

 

Vəkildən şikayət: “Sonuncu cildi məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər”

Bu dəfə məhkəmə başlayan kimi Fuad Ağayev bildirib ki, cinayət işinin sonuncu cildini ona məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər və onunla tanış ola bilməyib. O, buna görə hakimə iradını çatdırıb. Üstəlik, müvəkkilinin sənədlərlə tanışlığına təcridxanada şərait yaradılmadığını da vurğulayıb. Vəkil vəsatət qaldırıb ki, hər ikisinin sənədlərlə tanışlığı üçün vaxt verilsin və şərait yaradılsın. 

Dövlət ittihamçısı Fuad Musayevsə vəkilin və müvəkkilin məhkəmənin vaxtını qəsdən uzatdığını söyləyib və vəsatətin təmin olunmamasını xahiş edib. 

“Fazili götürüb apardılar, imkan vermədilər ki, heç olmasa burda - məhkəmə binasında iş materialları ilə tanış olsun. Nə burda, nə orda imkan verilir. İndi məhkəmə baxışı davam etdirilsə, bu, bizim hazırlıqlı olmamağımız, birmənalı olaraq müdafiə hüququnun pozulması deməkdir”, vəkil qeyd edib. 

Hakim yerində müşavirə keçirərək vəkilin vəsatətini təmin etməyib. Bu, vəkilin də, müttəhimin də narazılığına səbəb olub. 

 

“Silah özümün olub, başqa heç nə danışmaq istəmirəm” 

Hakim Fazil Qasımova və Anar Əliyevə ittiham olunduqları maddələri xatırladıb və bu maddələrlə irəli sürülmüş ittihamlar sübuta yetirilərsə, onları 12 ilədək həbs cəzası gözlədiyini deyib. O, müttəhimlərdən özlərini təqsirli bilib-bilmədiklərini soruşub. Fazil Qasımov özünü təqsirli hesab etmədiyini söyləyib. Digər təqsirləndirilən Anar Əliyevsə odlu silah ittihamı ilə bağlı özünü tam, saxta valyuta ittihamı üzrə isə qismən təqsirli bildiyini deyib. 

Hakim, prokuror və vəkillər ondan həmin ittiham üzrə əsasən hansı hissədə özünü təqsirli bildiyini öyrənməyə çalışıblar. O, “silah özümün olub, başqa heç nə danışmaq istəmirəm” deməklə kifayətlənib. 

 

Nəzarətçilər və mülkigeyimli şəxs vəkilə mane oldular

Fazil Qasımov vəkili Fuad Ağayevlə məsləhətləşmək üçün hakimdən fasilə elan olunmasını xahiş edib. Hakim 10 dəqiqəlik fasilə elan edib. Ancaq vəkil müvəkkili ilə danışa bilməyib. Penitensiar Xidmətin əməkdaşları və məhkəmə zalındakı mülki geyimli şəxs tərəflərə danışmağa imkan verməyib. Onlar vəkillə kobud və aşağılayıcı davranıblar. Vəkil mülki geyimli şəxsdən özünü və vəzifəsini təqdim etməsini istəyəndə “o, sənə qalmayıb, vəkilsən, get vəkilliyini elə”, deyə cavab verib. 

Fasilədən sonra vəkil hakimə nəzarətçilərlə, əsasən də mülki geyimli şəxslə bağlı iradını çatdırıb: “Təəsüflər olsun ki, elan etdiyiniz fasilə zamanı Penitensiar Xidmətin nəzarətçiləri və özünü təqdim etməyən bu şəxs (hakimin masasına yaxın yerdə dayanan şəxsi göstərir - red.) mənim müvəkkilimlə ünsiyyət qurmağıma mane oldu, hətta əlimdən yapışıb itələdi. Bu, heç bir əndazəyə sığmır. Məhkəmə belə məsələlərə görə öz qəti mövqeyini ortaya qoymalıdır. Belə biabırçılıq olmaz. 42 illik təcrübəmdə bu dərəcədə rüsvayçılıq görməmişəm. Bu adam özünü təqdim etmir, mülki geyimdədir, rütbəsi də bilinmir, kimdir, nəçidir, bu zalda nə gəzir, haranı təmsil edir, heç kim bilmir”. 

Hakim məhkəmə zalında fasilə vaxtına düşdüyü üçün baş verənləri görmədiyini, buna görə də münasibət bildirməyəcəyini deyib.  

Dekabrın 26-na təyin olunmuş növbəti məhkəmə iclasında Anar Əliyev ifadə verəcək. Fazil Qasımovsa iş üzrə bütün dindirmələr başa çatandan sonra ifadə verəcək. 

 

Xatırlatma 

Türkiyədə yaşayan Fazil Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib. Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. May ayında isə o, polis nəzarərinə verilib. 

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həbsdə olan AXCP üzvü ac-susuz saxlanıldığını deyir

20 Dekabr 2024

açıq mənbədən göndərilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzov polis bölməsində pis rəftara məruz qalmasından şikayətçidir (Turan). Vəkili Nemət Kərimlinin dediyinə görə, dekabrın 13-də saxlanıldıqdan sonra AXCP üzvünü Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirərək  bütün gecə soyuq beton döşəmənin üstündə, ac-susuz saxlayıblar. Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib. Nemət Kərimlinin sözlərinə görə, polis 10 günlük həbsi "yüngül cəza" hesab edib və şikayət verib, amma dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. AXCP-dən bildiriblər ki, partiyanın Səbail Rayon Təşkilatının sədri Ceyhun Novruzov dekabrın 13-də taksi sürücülərinin əsassız cərimələnməsinə etiraz etdiyinə görə saxlanılıb....
Siyasət

İctimai fəal Nicat İbrahimin işi üzrə ibtidai istintaq başa çatıb

20 Dekabr 2024

açıq mənbədən götürülüb

İctimai fəal Nicat İbrahim haqqındakı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş bu günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək, vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.  İctimai fəalın həyat yoldaşı Pərvin İbrahimin sözlərinə görə, Nicat İbrahim istintaqa etiraz olaraq bir neçə dəfə özünə xəsarət yeriməklə intihara cəhd edib. “O üçüncü dəfə, bu günlərdə ayaqları və əlləri sulu halda özünü elektrik cərəyanına qoşub. Həyatını xilas edə biliblər. Amma, qollarında və sinəsində yanıq yerləri qalmaqdadır”, həyat yoldaşı qeyd edib. O bildirib ki, həyat yoldaşı intihara cəhd etdikdən sonra boğazında qan laxtaları yığılır, qulaqlarında və sinəsində kəskin ağrılar var, təzyiqi yüksəkdir....

Seçilmiş Videolar

Toplum TV loqo