president.az
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen iyulun 1-də Azərbaycana rəsmi səfərə gəldi. O, sonuncu dəfə Azərbaycanda dörd il əvvəl səfərdə olub.
Bu dəfəki səfəri fərqli edən amillərdən biri Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayında olan artım idi. 2023-cü ilin noyabrından bəri ölkədə müstəqil jurnalistika və vətəndaş cəmiyyəti fəaliyyəti ilə məşğul olan onlarla insan müxtəlif ittihamlarla həbs olunub. Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbusların sayının 330-dan çox olduğunu deyir.
Səfər ərəfəsində həbsdə olan bir qrup jurnalist, siyasi fəal və vətəndaş cəmiyyəti üzvləri von der Leyenə açıq məktubla müraciət edərək ondan Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə ölkədə insan haqlarının vəziyyətini müzakirə etməsini istədilər.
Avropa İttifaqı (Aİ) rəsmisi isə Əliyevlə keçirdiyi brifinqdə bu mövzuya toxunmadı. Onun çıxışı, əsasən, Azərbaycanla Ermənistan arasında sülh prosesi və Aİ-Azərbaycan iqtisadi əməkdaşlığı üzərində qurulmuşdu.
“Enerji əməkdaşlığı tərəfdaşlığımızın ən güclü pillələrindən biri kimi qalmağa davam edir. Son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu sübuta yetirmişdir. Biz Rusiyanın enerjini silah kimi istifadə etdiyi və qazı kəsdiyi zaman Azərbaycanın irəliyə addım atdığını unutmamışıq. Cənub Qaz Dəhlizi, həqiqətən, Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə sizə təşəkkürümü ifadə etmək istəyirəm”, - von der Leyen Əliyevə xitabən deyib.
Əliyev də öz növbəsində Aİ-ni Azərbaycanın “əsas ticarət tərəfdaşı” adlandırıb. O bildirib ki, Azərbaycan hazırda Aİ-nin 10 ölkəsinə təbii qaz ixrac edir və bu sayın artırılması potensialı da var.
Von der Leyen dörd il əvvəlki səfəri çərçivəsində Azərbaycan prezidenti ilə enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalamışdı. Əliyevin sözlərinə görə, həmin vaxtdan etibarən Aİ-yə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb.
Son illərdə həm yerli, həm də beynəlxalq hüquq müdafiəçiləri və tənqidçilər Aİ rəsmilərini Azərbaycanda insan hüquqlarının vəziyyətini gözardı etməkdə tənqid edirlər.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ötən ilin aprelində Azərbaycana etdiyi səfərdən sonra bu cür tənqidlərə cavab olaraq bəyanat yaymışdı. O, Azərbaycanda keçirdiyi qapalı görüşlərdə insan hüquqları məsələsini də qaldırdığını iddia edirdi.

Kuinsi İnstitutunun elmi işçisi, Avropa Parlamentinin Xarici siyasət komitəsində məsləhətçi kimi çalışmış Eldar Mamedov isə “Toplum TV”yə deyir ki, buna inanmaq sadəlövhlükdür.
“Gizli tənbeh ritorikası Aİ rəsmiləri üçün insan hüquqlarından bəhs etməkdən çəkinmək və bununla maraqlandıqlarını iddia etmək üçün klassik bir düsturdur. Aİ bariz şəkildə geosiyasi layihəyə çevrilib və bunun sübutu odur ki, Gürcüstandakı vəziyyət Aİ rəsmiləri tərəfindən müntəzəm olaraq sərt tənqidlərə məruz qalır, halbuki Azərbaycanın insan haqları sahəsindəki vəziyyəti ilə bağlı heç bir tənqid yoxdur. Kimsə ciddi şəkildə inana bilərmi ki, Gürcüstanda demokratik geriləmə olsa belə, oradakı vəziyyət Azərbaycandakından daha pisdir? Buna inanmaq belə gülüncdür”, - o qeyd edib.

Şərhçi düşünür ki, “bağlı qapılar arxasında təzyiq” ritorikasının ən problemli tərəfi hesabatlılıq mexanizminin olmamasıdır.
“Yaxşı, tutaq ki, Kallas “gizli şəkildə” təzyiq göstərib. Bəs o, nəyə nail oldu? Nəticələr haradadır? Neçə siyasi məhbus azadlığa buraxıldı? Bu Aİ rəsmilərini necə sözlərindən məsul tutmaq olar? Heç bir mexanizm yoxdur. Yalnız ara-sıra Avropa Parlamentinin qətnamələri olur. Lakin onların da icra mexanizmi yoxdur. Həmçinin, Avropa Parlamenti tənqidi qətnamə verdikdə, icraedici orqanlar - Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti sakitcə rəsmi Bakını bu qətnamələrin heç bir çəkisi olmadığına inandırır”, - o əlavə edib.
Siyasi şərhçi, keçmiş diplomat Nahid Cəfərov da “Toplum TV”yə deyir ki, bu cür görüşlərin gündəliyi əvvəlcədən razılaşdırılır.
“İlham Əliyevin isə insan hüquqları və demokratiya məsələlərinin bu cür görüşlərin gündəliyinə daxil edilməsinə razı olması inandırıcı deyil. Hazırda Azərbaycan Aİ-yə daha çox lazımdır, İlham Əliyev də bunu başa düşür və buna görə də öz şərtlərini asanlıqla diqtə edə bilir. Qısa müddətdə Aİ-nin iki yüksək çinli rəsmisinin Azərbaycana səfəri bunu sübut edir”, - o bildirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Fərqanə Novruzova
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib