Siyasət

Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)

5 Avqust, 2022
3351

Açıq mənbələrdən götürülüb

Avqustun 4-də Mehdi Nökərləri Birliyi təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum edib, Azərbaycan bayrağını yerə düşürüb. Toplum TV hadisə ilə bağlı din xadimlərinin, siyasi, ictimai fəalların reaksiyasını təqdim edir.

*****************************************

"Din Azərbaycan üçün ən ciddi təhdid amilidir"  
 
Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin deputatı Ceyhun Məmmədovun "Toplum TV"-yə dediyinə görə, bu, Azərbaycana qarşı növbəti təxribatdır: "Çünki  Azərbaycanın güclənməsi, müstəqil xarici siyasət yürütməsi bir sıra dövlətləri və dairələri ciddi şəkildə narahat edir. Ona görə də Azərbaycana təzyiq etmək üçün bu kimi təxribatlar törədilir".  
 
Deputatın sözlərinə görə, din hazırda Azərbaycan üçün ən ciddi təhdid amilidir: "Müəyyən dairələr dinin gücünə o qədər də önəm vermirlər. Amma nəzərə almalıyıq ki, din güclü amildir, güclü siyasi alətdir. Və bu alətdən Azərbaycan dövləti mövcud olduqca istifadə olunacaq". 
 
Deputat olayları bir müddət əvvəl ölkədəki dindarların sıxışdırılması iddiaları ilə əlaqələndirir.  
 
"Bir müddət əvvəl dedilər ki, guya, Azərbaycanda dindarlar sıxışdırılır. İnsanlar küçələrə, mitinqlərə çağırıldı. Müəyyən qruplar küçələrə çıxaraq ölkə əleyhinə fikirlər səsləndirdilər. Bir müddət sonra da Londonda belə bir hadisə baş verdi.  Bu iki hadisə arasında əlaqə var. İddialara görə, bu təxribat ona görə həyata keçirilir ki, guya Azərbaycanda dini etiqad və vicdan azadlığına qarşı təzyiqlər var. Əslində isə burada məqsəd Azərbaycana qarşı təzyiqdir", - deputat belə söyləyir.

*****************************************

İlahiyyatçı Hacı Şahinin dediyinə görə, bu hərəkətin dinlə heç bir əlaqəsi yoxdur.

“Çünki onlar özlərinə müsalman desələr də, nə islam dini ilə, nə də  hansısa məzhəblə əlaqələri yoxdur. Onlar hansısa xarici dövlət orqanlarının təsiri altında  olan marginal qruplardır. Əsas niyyətləri müsəlmanlar arasında nifaq salmaqdır. Heç zaman Azərbaycanda fəaliyyətlərini genişləndirə bilmədiklərindən öz aləmlərində ölkənin imicinə zərbə vurmaqla qisas alırlar. Dini şüarla dövlət bayrağının təhqir edilməsi, açıq-aşkar təxribatçılıqdır, vandalizm aktıdır”. 

İlahiyyatçı deyir ki, bu qrup  xüsusilə məhərrəmlik ayında gərginlik yaratmaqda maraqlıdır:

“Hesab edirəm ki, məqsədlərinə nail ola bilməyəcəklər. Çünki, onlar bu kimi hərəkətlərlə Azərbaycan cəmiyyətində heç bir təsir və nüfuz qazana  bilməzlər”.

*****************************************

Depuat Fəzail Ağamalı hesab edir ki, bu İranın radikal dairələrinin Azərbaycana düşmənçiliyinin ifadəsidir:

“Bu İranın rəsmi şəkildə ifadə etdiyi dostluq, qonşuluq münasibətlərinin ruhuna kölgə salır. Əminəm ki, Böyük Britaniya belə hadisələrin təkrarlanmaması üçün qətiyyətli mövqe nümayiş etdirəcək”.

Deputatın fikrincə, azərbaycanlı dini icma ölkədə hər hansı təzyiqlə üzləşmirlər:

“Azərbaycan dünyəvi dövlətdir, vicdan və əqidə azadlığı konstitusiya ilə təsbit olunub. Dini icmalar mövcuddur, çoxsaylı məscidlər var. Dindarlar məscidlərə hər hansı müqavimətə rast gəlmədən gedib ibadətlərini edirlər. O kəslər ki, Azərbaycanda təriqətçiliyi gücləndirməyə çalışırlar, Azərbaycanı islam ölkəsi kimi görməyə cəhd edirlər onlara qanun çərçisivəsində cavab veriləcək. Unutmasınlar ki, Azərbaycan dünyəvi dövlətdir”. 

*****************************************

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hadisə ilə əlaqədar ölkə vətəndaşlarını birliyə səsləyib:

“Bu hərəkət motivindən asılı olmayaraq barbarlıqdır. Çox yaxşı haldır ki, Azərbaycan xalqının bütün təbəqələri bunu pisləyir. Ölkə daxilində dövlət-vətəndaş  münasibətlərinin gərginləşdirilməsi və müəyyən inanclı insanlara qarşı təzyiqlərin artırılmasına çağırışlar var. Hesab edirəm ki, tam əksinə olmalıdır. Biz azərbaycanlılar dövlət bayrağının endirilərək təhqir olunmasına məyus olmuşuq və hiddətlənmişik. Biz həmin əməlin sifarişçilərini  sevindirməməli, ölkə daxilində hansısa gərginlik yaranmasına  imkan verməməliyik. Dövlət bayrağına olan münasibət bizi bir araya gətirməli, hadisə əlavə gərginlik üçün istifadə edilməməlidir”.
 

*****************************************

Arif Hacılı: Bu, Azərbaycan dövlətinə hücumdur

Azərbaycanın Londondakı səfirliyinə edilən hücumla bağlı "Müsavat" Partiyasının başqanı Arif Hacılı da reaksiya göstərib:

"Londondakı terror hücumu olub, dövlətimiz və milli bayrağımız təhqir edilib. 

Bu bir binaya, bir səfirliyə olan hücum deyil, bu, Azərbaycan dövlətinə qarşı hücumdur. 

Bu aksiyanı təşkil edənlər, onların hər hansı ölkədə, o cümlədən Azərbaycanda olan havadarları tapılıb layiq olduqları ən ağır cəzaya məhkum edilməlidir", - deyə Arif Hacılı bildirib.

*****************************************

İlqar İbrahimoğlu: "İngilis şiəliyi..."

Londonda səfirliyə hücumu Cümə məscidi dini icmasının rəhbəri, ilahiyyatçı İlqar İbrahimoğlu qınayıb. O bildirib ki, Azərbaycan bayrağının üstündə islam rəngi var, o toxunulmazdır. İbrahimoğlu həmçinin bildirib ki, provokativ hərəkətlər, o cümlədən hətta məscidlərin içində belə İmam Hüseynə aid şüarların yazılmasına nəzarət cəhdləri belə təxribatlara bəhanə verir. 

https://toplum.tv/siyaset/londondaki-azerbaycan-sefirliyine-hucum-edenler-kimlerdir

İlahiyyatçının sözlərinə görə, İslam dünyasını parçalamaq cəhdləri var və Londondakı hadisədə də bu cəhdlərin izləri var. Onun fikrincə, "ingilis şiəliyi" də bunların bir təzahürüdür. 

İbrahimoğlu Londondakı səfirliyə hücumu təşkil edənləri surroqat, saxta müsəlman təşkilat adlandırıb.

*****************************************

Qubad Ibadoğlu: Suverenliyimizə təcavüz

Milli Şuranın sədri Cəmil Həsənli və Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Azərbaycanın Britaniyadakı səfirliyinin önünə gediblər. 

İbadoğlu Facebookda hadisə ilə bağlı bəyanat yayıb: 

" Londonda dövlətimizə qarşı terror, suverenliyimizə təcavüz olub. Bugün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb və ələ keçirilib. Beynəlxalq hüquqa görə səfirlik binası Azərbaycan Respublikasının ərazisi hesab edilir, onun toxunulmazlığı mövcuddur. Bu vandalizmi qətiyyətlə pisləyirəm və cinayətkarların cəzalanmasını tələb edirəm", bəyanatda bildirilir.

*****************************************

Mevlut Çavuşoğlu: "Keçmiş olsun"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə telefon danışığında onu Londonda səfirliyə hücum haqqında məlumatlandırıb. TRT bildirir ki, Mevlut Çavuşoğlu Azərbaycana " keçmiş olsun" diləyini çatdırıb və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib.

​​​​​*****************************************

Anar Məmmədli: Müəmmalı və qorxunc hadisə 

"Londonda səfirliyin binasına edilən hücum müəmmalı və qorxunc hadisədir. Ona görə müəmmalıdır ki, London kimi şəhərdə asanlıqla diplomatik binaya daxil olub orada öz aksiyalarını keçirə bilirlər. Ona görə qorxuncdur ki, ölkəni dini radikal qrupların hədəfinə çevirirlər. Bu olaya görə saxlanılanların istintaq və məhkəmə prosesi mütləq şəkildə izlənilıməlidir".

 Bunu Facebook sosial şəbəkəsində Londonda baş verən hadisələri şərh edən vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli yazıb. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri deyib ki, şiə müsəlman qrupu vasitəsilə Londondakı səfirliyin hücuma məruz qalması hökuməti və cəmiyyəti bəzi mövzularda yenidən düşündürməlidir:

"- Azərbaycan dünyəvilik o zaman ciddi təminat qazanacaq ki, ölkədə ədalətli mühakimə hüququ, hüququn üstünlüyü və ifadə azadlığına təminat yaranacaq; 

- Vətəndaşların dini və siyasi baxışlarına görə təqib olunması davamlı şəkildə baş verərsə, bəzi fanatik qruplar üçün siyasi ekstrimizm daha da cəlbedici olacaq; 

-İslamın Azərbaycan modeli dövlətin müdaxiləsi olmadan, vətəndaş cəmiyyəti və müasir təhsili proqramlarını dəstəkləməklə formalaşacaq. Bu modeldə həm şiə, həm də sünni məzhəblərinə bərabər və ədalətli yanaşma təmin edilməlidir" - Anar Məmmədli bildirib.

*****************************************

XİN: Hadisə araşdırılır

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumla bağlı məlumat yayıb. 

Məlumatda deyilir ki, səfirliyə radikal dini dəstə hücum edib. Amma yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. 

Qeyd olunub ki, hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

"Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb", - deyə məlumatda bildirilib.

İngiltərə mediasının yazdığına görə, hücumu Mehdi Xidmətçiləri Birliyi (MXB) təşkil edib. 

Səbəb olaraq, Azərbaycanda şiə müsəlmanların təzyiqə məruz qaldıqları göstərilib. 

"MXB bəyanatında bildirib ki, liderləri onları prezident İlham Əliyevə qarşı təcili tədbir görməyə çağırıb" - Londonun şəhər qəzeti "Metro" yazır.

Rəhbəri Yasir Əl Həbib olan MXB Londonda yerləşən təşkilatdır və internet səhifəsində elan edir ki, məqsədi sivilizasiya üzərində hökmranlığı təmin etməkdir. Təşkilat həm də İran hökumətini tənqid edir. Təşkilatın hazırladığı "Cənnətin Xanımı" filmi bu ilin əvvəlində Londonda sünni müsəlmanların etirazlarına səbəb olduğu üçün kinoteatrlarda yayımdan çıxarılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

CHP-dən olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb 

6 İyun 2025

Foto: sosial media

Türkiyənin İstanbul və Adana vilayətlərində müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.  Türkiyənin Daxili İşlər Nazirliyi müvafiq qərarı iyunun 5-də qəbul edib.  Qərara əsasən, İstanbulun Avcılar, Böyükçəkməcə və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarının bələdiyyə sədrləri vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb.  Sözügedən şəxslər iyunun 3-də rüşvət və vəzifədən sui-istifadə edərək mənimsəmə maddələrilə ittiham olunaraq həbs ediliblər.  Bununla da, həbsdə olan CHP-çi bələdiyyə sədrlərinin sayı 11-ə çatıb. CHP sədri Özgür Özəl iyunun 4-də mitinqdə çıxışında həbsləri partiyasına hücum olaraq qiymətləndirib.  “Heç bir konkret sübut olmadan xeyli böhtan və təhqirlərlə yeni həbs dalğası yaratdılar”, - o deyib.  Türkiyə polisi CHP-dən...
Siyasət

Trampla Mask söz davasında: “Mən olmasam, o, prezident olmazdı” 

6 İyun 2025

Foto: Getty Images

ABŞ Prezidenti Donald Tramp və onun seçki kampaniyasında ən böyük müttəfiqlərindən olmuş İlon Mask arasında qalmaqal yaşanır.  Söz davasının başlamasına səbəb Maskın Konqresdə qəbul olunan və Trampın şiddətlə dəstəklədiyi, “Böyük, Gözəl Qanun Layihəsi” adını verdiyi büdcə layihəsini tənqid etməsi olub.  Mask iyunun 3-də “X” səhifəsində qanun layihəsini “iyrənc bir rüsvayçılıq” adlandırıb və yazıb ki, ona səs verən Konqresmenlər özlərindən utanmalıdır: "Bu büdcə layihəsi onsuz da nəhəng olan büdcə kəsirini kəskin şəkildə artıraraq 2.5 trilyon dollara (!!!) çatdıracaq və Amerika vətəndaşlarını dözülməz dərəcədə dayanıqsız borc yükü altına salacaq”. ABŞ-ın ötən il üçün olan büdcə kəsrinin 1.8 trilyon ABŞ dolları həcmində olduğu...

Seçilmiş Videolar

Toplum TV loqo