Sosial

Azərbaycanda əmək münasibətləri: "Məcəllə sanki postkolxoz dövrü üçün nəzərdə tutulub"

24 İyun, 2021
2944

Açıq mənbələrdən götürülüb

“Əmək Məcəlləsi sanki 90-cı illərin postkolxoz dövrü üçün nəzərdə tutulub. Məcəlləyə 325-dən çox dəyişiklik edilib və tamamilə yarasız hala salınıb. Bu qanun mövcud münasibətlərin tənzimlənməsini sonadək həyata keçirə bilmir”.
 
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov "Toplum TV-yə belə deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləmək iqtidarında deyil.
 
S. Məmmədovun sözlərinə görə, əmək müqaviləsiz işlətmə hallarına bütün sahələrdə, xüsusilə də ticarət, tikinti, iaşə sahələrində rast gəlmək mümkündür.

Sahib Məmmədov - Sosial Media


 
Bəs şirkətlər niyə işçilərlə əmək müqaviləsi bağlamır?
 
“Kassir olduğum üçün ancaq ayaq üstə çalışmalıyam, oturmaq qadağandır. İstirahət üçün də cəmi 30 dəqiqə nahar fasiləsi verirlər. Çay içmək üçün icazə almaq o qədər çətin olur ki, buna artıq cəhd etmirəm. Bizə 9 saatlıq iş rejiminin olduğunu desələr də, bəzən kassa bağlanmadığı üçün 10 saat qalmalı oluram”, - bunu isə iri market şəbəkələrinin birində kassir işləyən Aişə Qasımlı “Toplum TV”-yə deyib.
 
Dediyinə görə, o, əmək müqaviləsi ilə deyil, xidməti müqavilə ilə işə başlayıb.
 
Gündə 9 saat, həftədə istirahət günü olmadan çalışan Aişə işindən narazı olduğunu söyləyir.
 
Sahib Məmmədov vurğulayır ki, əmək müqaviləsinin bağlanmamasına görə işçi yox, işəgötürən məsuliyyət daşıyır: “Əmək və ya xidməti müqavilə olmadan belə faktiki əmək münasibətində olan istənilən işçi işəgötürənlə aralarında əmək mübahisəsi yarananda məhkəməyə müraciət edə bilər. Öncəliklə o sübut etməlidir ki, faktiki olaraq əmək münasibətindədir və hüquqları pozulub. Nəticədə şikayətçi kompensasiya da ala bilər”.
 
Əmək müqaviləsi hansı öhdəlikləri əhatə edir?
 

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir.
 
İşəgötürən işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi, işçi isə müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
 
Respublika qanunlarına görə, 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.
 
15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərinin və ya qəyyumlarından birinin razılığı alınmalıdır.
 
Bəzən işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır.
 
Xidməti müqavilənin isə bəzi çatışmazlıqları var. Məsələn, əmək müqaviləsindən fərqli olaraq xidməti müqavilədə əmək kitabçası açılmır, iş stajı hesablanmır, qanunvericilik işəgötürənə işçi üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhtəliyi qoymur.
 
Xidməti müqavilə əsasında əməkdaşlıq forması ölkə qanunvericiliyində qadağan edilməyib.
 
Bu, əsasən, qüsamüddətli və ya spesifik xidmətlərin göstərildiyi hallar üçün nəzərdə tutulur. Amma müşahidələr göstərir ki, işəgötürənlər işçiləri ilə xidməti müqavilə bağlamağa üstünlük verirlər. Bununla onların vergi ödənişləri və işçiləri qarşısındakı öhtəlikləri azalmış olur.
 
Aişə Qasımlı bir aydır ki, marketdə işləsə də, ona hələ ki istirahət günü verilməyib: “Sistem o qədər dağınıqdır ki, hər kəs istədiyi vaxt istirahət günü götürür, hətta bunun üstündə marketdə dava gedir. Mən də məcbur qalıb kənara çəkilməli oluram. Bu əziyyəti isə cəmi 350 manat qarşılığında çəkirəm”.
 
Milli Məclisin bu il fevralın 23-də keçirilən iclasında da bu məsələ müzakirə olunub.
 
Məcəllənin 7-ci maddəsinə edilən əlavəyə görə, bəzi hallarda xidməti müqavilə yazılı əmək müqaviləsi ilə əvəz olunacaq.

Toğrul Maşallı - Sosial Media

Toğrul Maşallı: "İnsan hər gün işə gedib-gəlirsə və xidməti müqavilə ilə işləyirsə, bu, onun hüquqlarının pozulmasıdır"
 
İqtisadçı Toğrul Maşallı “BBC Azərbaycanca”ya deyib ki, son zamanlar ölkədə "işçilərin leqallaşdırılması tendensiyası" olsa da, bu, bir qədər doğru istiqamətdə getmir: "Yəni trendin əsas məğzi ondan ibarətdir ki, işçilər maaş alsın. Qanuni işləsinlər. Sadəcə, hazırda işə götürənlər qanunvericilikdə olan boşluqdan istifadə edərək, işçiləri xidməti müqavilə ilə işləməyə cəlb edirlər. Bununla da bütün öhdəliklər işçinin üstündə qalır. Sosial müdafiə, vergilər, tibbi sığorta, bunların hamısını vətəndaş ödəməli olur. İnsan hər gün işə gedib-gəlirsə, rəsmi olaraq xidməti müqavilə ilə işləyirsə, bu, onun hüquqlarının pozulmasıdır".
 
İşçi əmək müqaviləsiz fəaliyyət göstərdiyi halda hansı hüquqlarından məhrum olur?
 
1. Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
2. Müqavilədə əmək haqqının göstərilməməsi gələcəkdə pensiya təminatına mənfi təsir edir;
3. Əsas əmək məzuniyyəti, iş stajına, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar və onlarla imzalanmış müqaviləyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
4. Əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər;
5. İşəgötürən müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə Əmək Məcəlləsində göstərilən tələblərə əməl etmədən şifahi qaydada xitam verə bilər.
 
Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar isə bunlardır:
 
1. Minimum əmək haqqı almaq hüququ (son 3 ildə 250 manat təşkil edir);
2. 8 saatlıq iş hüququ;
3. Əmək məzuniyyətindən istifadə hüququ;
4. Peşə-əmək;
4. Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ;
5. Xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə alınması hüququ;
6. İpoteka və digər kreditləri almaq imkanı;
7. Məhkəmədə hüquqların müdafiəsi.
 
Dövlət Statistika Komitəsinin 2021-ci ilə aid olan məlumatına görə, son üç ildə əmək müqavilələrinin sayı 30% artıb. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə bu il əmək müqavilələrin sayı 393 min artaraq 1 milyon 703 min 249-a çatıb.
 
Özəl sektor üzrə əmək müqaviləsi artımı 63%, dövlət sektoru üzrə 10% təşkil edib. Təkcə 2020-ci ildə əmək müqavilələrinin sayında 149 min və ya 10% artım qeydə alınıb.
 
İyunun 21-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qruplarını açıqlayıb.
 
Məlumata görə, nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan 1,7 milyonadək əmək müqaviləsinin ən çox hissəsi - 28,1%-i və ya 464,3 mini 31-40 yaşlı şəxslərlə bağlanıb.
 
E-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında olan işçilərə aiddir. Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.
 
Əmək Məcəlləsinin 45-ci maddəsinə görə əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Əgər müqavilədə onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
 
Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin işə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Təyyarəyə üç xarici təsir olub - AZAL rəsmisi

29 Dekabr 2024

Trend

Təyyarəyə üç xarici təsir olub və nəticədə qəza baş verib. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov bunu hava limanındakı vida mərasimində deyib (APA). O bildirib ki, qara qutu artıq açılıb. "İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanları təyyarəni qəbul etməyiblər. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir" deyə,  Əmirov əlavə edib. Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə...
Sosial

Keşlə bazarı boşaldılır, satıcılar narazıdır

19 Dekabr 2024

açıq mənbədən götürülüb

Keşlə bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar. Bazarda fəaliyyət göstərən icarədarlar bundan narazıdırlar (“Qafqazinfo”). Onlar prosesin azı 4 ay sonraya keçirilməsini istəyirlər. “Bizə deyiblər ki, bura 1 həftəyə boşaldılmalıdır. Mən mağazanı o vaxt ərzində necə boşaldım? 3-4 banka kredit ödəyirəm. Evdə otura-otura o krediti necə ödəyim?” İcarədarlar bazarda 2 min adamın işlədiyini deyir və onlara yeni yer verilməsini istəyirlər. “120 ton nar vurmuşam. Mən o narı nə edim? Heç olmasa, yer versinlər, mart ayına kimi müddəti artırsınlar, malımızı sataq, sonra çıxaq”. Keşlə bazarının ərazisinə nəzarət edən şəxs isə bildirir ki, ona elə...

Seçilmiş Videolar

Toplum TV loqo