Sosial

Bahalı layihədən söylənənlər: “Şikayət edib söyüş yiyəsi olaq? Etsək guya nolacaq ki?..”

31 Mart, 2022
3706

Sosial Media

2018-ci ildə açılışı olan “Qobu Park” yaşayış kompleksinin problemləri layihənin yaşından artıqdır. Hər halda burda yaşayan sakinlərin dediklərindən belə başa düşmək olur.

Məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin təməli 2017-ci ildə Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Sifarişçisi “Paşa Holding”, podratçısı “Kristal Abşeron” MTK olan bu layihə 2020-ci ildə “Qobu Park 3”-ün istismara verilməsi ilə yekunlaşıb.

Məcburi köçkünlərin yaşaması üçün nəzərdə tutulan yaşayış kompleksində bütün zəruri infrastrukturun qurulduğu qeyd olunur: mərasim evindən tutmuş poçt, tibb, polis məntəqələri, istirahət parkı, uşaq meydançaları və s. yaradılıb.

Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında- açıq mənbələrdən götürülüb

Rəsmi məlumatda tikinti işlərinin yüksək səviyyədə həyata keçirildiyi, elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət yetirildiyi vurğulanır.

Amma

“Qobu Park 2”-də yaşayan Rövşən Əsədov buraya köçdüyü gündən su problemi yaşadığını söyləyir. Onun sözlərinə görə, ərazidə hər 6-7 binaya tutumu təxminən 150 ton olan su çəni qoyulub. Su borularla həmin çənə toplanır, buradan isə yaşayış binalarına ötürülür.

“Su istənilən vaxt, günün müxtəlif saatlarında kəsilir. Su kəsilən saatları toplasaq demək olar ki, həftədə 2-3 gün susuz qalırıq. Kəsilməmişdən qabaq isə heç bir xəbərdarlıq olunmur. Təsadüfi hallarda biz bilirik ki, filan gün susuz qalacağıq. Bu, bizim üçün artıq adi haldır”.

Binanın 10-cu mərtəbəsində yaşayan Rövşən Əsədov deyir ki, təzyiq zəif olduğundan bəzən su gəlsə belə yuxarı mərtəbələrə çıxmır.

"İçməli su hovuzunun tutumu təxminən 150 tondur. Lakin hovuza daxil olan boru ilə təchizat borusu fərqli ölçülərdə olduğu üçün hovuzda su tez bitir, bu halda nasoslar boş işləyib yanmasın deyə dayandırılır. Yetərli su hovuza yığıldıqdan sonra yenidən işə salınır".

Onun sözlərinə görə, təmir işləri əsaslı aparılmadığından su borusu tez-tez partlayır.

Toplum TV 

“Qobu Park 2”-nin ərazisində olarkən deyilənləri gözlərimizlə görürük. Binanın həyətində boruların keçdiyi yerlər yenicə qazılıb. Onların keçdiyi müxtəlif yerlərdə gölməçələrin yaranması, torpağın palçıqlı olması boruların müxtəlif istiqamətlərdə partladığını göstərir.

"Qobu Park 2"- Toplum TV

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, borular dəyişdirilmək əvəzinə “yamaq vurulduğundan” tez-tez qəza baş verir.

“Qəza xidmətinə zəng  edəndə onlar ya gec reaksiya verirlər, ya da problemli yeri tapmaqda çətinlik çəkirlər. Normalda qəzanın hansı istiqamətdə olduğunu müəyyənləşdirmək üçün aparat olmalıdır, amma onlar təxmini yerləri qazırlar. Buraları qazmaqdan qəbirstanlığa döndəriblər”,- sakinlərdən biri belə deyir.

Toplum TV

Söhbətləşdiyimiz sakinlərdən durumla barışıb şikayət etməyənlər də var: “Şikayət edib söyüş yiyəsi olaq? Şikayət etsək guya nolacaq ki?..”

Xarab kameralar, deşik "kafellər", nəmişlik...

Sakinlər burada vaxtaşırı oğurluq hallarının baş verməsini də deyirlər. Ərazi boyunca binalara quraşdırılan kameraların sınıq və naqillərinin kəsik olması onların işlək olmadığını göstərir.

Binaların fasadına vurulan üzlük divara şuruplarla bərkidilib. Bəzilərinin şuruplarının boşalıb, düşdüyü görünür. Həmsöhbətimiz Rövşən Əsədov deyir ki, kafellər yapışdırılmaq əvəzinə deşilərək bərkidildiyi üçün yağış və külək olanda binalara su damır, nəticədə divarlar nəmişlikdən göyərir.

Toplum TV

Daha əvvəl də sosial mediada, mətbuatda “Qobu Park”-dakı binaların keyfiyyət məsələsi gündəmə gəlmişdi.

Yazılarda binaların əyildiyi, sonuncu mərtəbələrdə tavandan su damdığı qeyd olunurdu.

“Azərsu”nun mövqeyi nikbindir

Qurumun 2020-ci ilə aid məlumatına görə, “Azərsu” ASC “Qobu Park” yaşayış kompleksini dayanıqlı içməli su ilə təmin etmək üçün yeni alternativ magistral kəmər inşa edilib, zəruri infrastruktur yaradılıb. Gələcəkdə  xətlərin hər hansı birində planlı fasilə və ya qəza baş verdikdə sakinlərin normal rejimdə içməli su ilə təmin olunacaqları vurğulanır.

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Toplum TV”-yə açıqlamasında boruları “Azərsu”nun quraşdırmadığını, onların keyfiyyətinə cavabdeh olmadıqlarını söyləyir.

Anar Cəbrayıllı- Son Xəbər.az

O həmçinin, su xəttində qəza baş verdikdə aradan qaldırıldığını, amma bunun tez-tez baş vermədiyini qeyd edir.

“O ki qaldı boruların yamanmasına, bunu deyən sakinlərin özlərindən soruşarsınız”,- deyə mətbuat katibi açıqlamasını bununla yekunlaşdırır.

“İstismarçı dövlət qurumudursa irad onlara bildirilməlidir”

Araşdırmaçı jurnalist Hafiz Babalı deyir ki, podratçı şirkətlərin əsas işi layihəni icra edib təhvil verməkdir.

Hafiz Babalı - Abzas Media

“Qanunvericiliyə görə, podratçı təşkilat təhvil-təslimat etdikdən sonra bütün əməliyyatlara cavabdeh  sifarişçi olur. Yəni layihə təhvil verilməmişdən qabaq nöqsanlar aşkar olunubsa “Kristal Abşeron”-a deyilə bilərdi. “Qobu Park” yaşayış kompleksinin istismarçısı Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsidir. Komitə istismar, abadlaşdırma, təmir, təchizat və s. işləri üçün tender, kotirovka sorğusu keçirir. Dövlət büdcəsindən bu məsələlərlə bağlı vəsait ayrılır. İstismarçı dövlət qurumudursa, irad onlara bildirilməlidir. Belə layihələrdə tərəflər kollektiv məsuliyyət daşıyırlar”.

Deyilənlərlə bağlı “Kristal Abşeron” MTK-ya müraciət etsək də, onlardan cavab almaq mümkün olmadı.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğunun qəbul edildiyini, cavab veriləcəyini bildirdilər.

Sifarişçi və podratçı şirkətlər kimlərindir?

Azərbaycanın ən iri şirkəti olan, sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat, texnologiya, ekosistem, investisiya, brokerlik və digər biznes sahələrində çalışan "Paşa Holdinq"in əsas pay sahibləri prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır. Bu haqda jurnalist araşdırmalarında qeyd olunur.

İnhasırçı şirkət kimi tanınan bu holdinqə «Paşa Bank», «Paşa Sığorta», «Paşa Həyat Sığorta», «Paşa İnşaat», «PMD Group», «Paşa Beton», «Amal İnvestment Group», «Lenkeran Hotel and Resort Company», «Paşa Development», «Qlobeks» MMC-lər və digər şirkətlər daxildir.

Meydan TV

“Kristal Abşeron” MMC-nin təsisçisi kimi Tovuzdan olan iş adamı Məhayət Nəbiyev göstərilsə də, mətbuatda şirkətin qeyri-rəsmi sahibinin deputat Ağalar Vəliyev olduğu qeyd olunur. “Şərəf Orden”li deputatın da adı tez-tez biznes layihələrində hallanır. Məsələn, sədri olduğu  «Azəraqrartikinti» Səhmdar Cəmiyyəti (40 filialı məlumdur) adətən dövlət tenderlərinin qalibi olub.

Həm Paşa Holdinq, həm də “Kristal Abşeron” MTK haqqında yazılanlar və səsləndirilən iddialar “Qobu Park” kimi böyük bir layihənin nə qədər şəffaf həyata keçirilməsini sual altına qoyur.

“Azərbaycanda şəffaf satınalma sistemi işləmir”

“Qobu Park”-dakı çatışmazlıqları şərh edən iqtisadçı ekspert Rövşən Ağayev belə deyir.

Rövşən Ağayev- "Toplum TV"

Onun fikrincə, bu qədər böyük sərmayə və satınalmanı rəqabət olmadan  hakimiyyətə yaxın şirkət şəbəkəsi qazandığından tikintiyə məsuliyyətli yanaşma olmaya da bilər.

“Rəqabət mühiti olduqda şirkətlər işə məsuliyyətli yanaşır: onların sərancamında peşəkar kadrlar, zəruri resurslar olur. İşin keyfiyyətli görülməsi üçün mümkün qədər daha çox şirkət tenderlərdə iştirak etməli, proses şəffaf keçirilməlidir”,- iqtisadçı bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?

6 Avqust 2026

president.az

Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası (birləşdirilməsi) üçün qanunlara dəyişikliklər etməyə hazırlaşır.  Bu barədə qanun layihəsi iyulun 10-da parlamentin iclasına çıxarılıb. Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. Layihənin müzakirəsində çıxış edən deputatlar dəyişiklikləri “torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi” məqsədi ilə əsaslandırıblar.  Məsələn, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, torpaqların birləşdirilməsi ilə “ərzaq bolluğu və ərzaq təhlükəsizliyinə nail olacağıq”. O, qanun layihəsinin zərurətini kiçik torpaq sahələrinin əkilib-becərilməsinin çətin olması ilə əsaslandırıb. Deputat bu mövzuda inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməyi təklif edib.  Avqustun 3-də “Azərtac”a danışan Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib...
Sosial

“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib

4 Avqust 2026

Sosial media

Oğuz rayonunun Dəymədərə kənd sakini olan 20 yaşlı gənc narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmədə ittihamı qəbul etməyərək saxlanılmasının ötən ilin mayında Gəncədə vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı paylaşdığı videoya görə baş verdiyini bildirib. "Abzas Media" yazır ki, hökm iyunun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə çıxarılıb. İttihama görə, gənc satış məqsədi olmadan 5,586 qram metamfetamin əldə edib, saxlayıb və daşıyıb. İstintaq materiallarında qeyd olunur ki, o, 2025-ci ildə Bakının Nizami rayonunda "özünü şübhəli apardığına" görə polis əməkdaşları tərəfindən saxlanılıb. İttiham aktına əsasən, 24-cü Polis Şöbəsində aparılan şəxsi axtarış...

Seçilmiş Videolar

Toplum TV loqo