Sosial

Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”

27 Aprel, 2022
3979

Toplum Tv

Axşam saatlarında “Əhmədli” metrostansiyasından çıxanlar boş uşaq arabası ilə rastlaşırlar. Onun sahibi 9 aylıq Hüseyndir, hər axşam anası körpə qucağında pilləkənlərdə oturub dilənir.

“Əhmədli”-nin qarşısında uşaqlar üçün şar, gül, nübarlıq meyvə, şirniyyat, əl işlərini satanların səsi bir-birinə qarışıb. Bu, Bakının soyuq, qaranlıq gecələrindən yalnız birinin mənzərəsidir...

Toplum Tv

“Əhmədli”-nin “Bakı” kinotetarına tərəf çıxışı adətən daha qələbəlik olur. Burada küçə satıcılarını, dilənçiləri, son vaxtlar artan lotereya piştaxtalarını, taksi şoferlərini görmək olar. Bu sıxlıqda səhərdən axşamın gec saatlarına qədər evə çörək pulu aparmaq uğrunda yarış gedir.

Bir az mərhəmət, bir az minnət dilənənlər

- Bayaq sənə demədim burada dilənmək olmaz?

Polisin iradından sonra cavan qadın körpəsi qucağında köşkün yanındakı uşaq arabasına tərəf gedir. Az keçmir yenidən yerinə qayıdır.

22 yaşlı Nuray hər axşam saat 5-dən sonra 9 aylıq oğlu Hüseyni də götürüb metrostansiyanın qarşısına dilənməyə gəlir. Əhmədli sakinlərinin qəpik-quruşunu, bir az mərhəmətini, bəlkə də daha çox minnətini dilənir.

Toplum Tv

Müsahibə təklifimi əvvəl qəbul etmək istəməsə də, sonra danışmağa razı sala bilirəm. O deyir ki, bura gələndə 4 yaşlı qızı Zeynəbi ev sahibinin yanında qoyur. Bunu əlacsızlıqdan, imkansızlıqdan etdiyini söyləyir.

“Saat 5-ə qədər gündəlik işlərə gedirəm. Suraxanıda ayı 150 manata kirayədə qalıram. Ev haqqı, uşaqların yeməyini çatdırmaq üçün pul lazımdır. Hüseynin yeməyi 10 manatdır, 2 gün çatır. Gündəlik işlər həmişə olmur deyə dilənməyə məcburam”.

“Heyif sənin gözəliyindən”

Nuraydan ailəsi haqqında soruşuram. Əvvəlcə anasının ruhi xəstə qardaşına qulluq etdiyini, ona və uşaqlarına baxmağa imkanı olmadığını bildirir. Sonra ailəsi ilə əlaqəsinin kəsildiyini deyir.

Nurayın hekayəsinin fərqli bir yanı da yoxdur. 17 yaşında qoşulub qaçdığını, oğluna 5 aylıq hamilə olarkən 1 uşaqla tərk edildiyini söyləyir. Bütün bunları birnəfəsə danışdığından əzbərlənmiş təəssüratı yaradır.

Nuray yazıb oxuya da bilmir: “Ha deyirəm ki öyrənim, bacarmıram...”

-Heyif sənin gözəlliyindən, qızım.

Bunu dilənçinin ovcuna qəpik sıxışdıran orta yaşlı qadın deyir. Nuray qara çadrasıyla bədbin, üzü solğun görünsə də, gözəldir.

“Məni qınayırlar ki...”

Nurayla söhbət etdiyim müddətdə bəzilərinin gənc qadını qınayıcı baxışlarla süzdüyünü də müşahidə edirəm. Yaxınlaşıb ona bunu çəkinmədən deyənlər də tapılır.

“Bəziləri qınayır ki, niyə soyuqda körpə uşaqla burada oturmuşam? Mərhəmət göstərənlər də var. Hərdən olur ki, Hüseyni gəlib oynadırlar. Həm mən Hüseyn üşüyəndə bilirəm. Tez-tez əllərinə baxıram. Əgər əli isti deyilsə, evə gedirəm. Baxın, indi istidir. Özüm üçün də döşəkçə gətirib üstündə otururam”,- Nuray ayağa qalxıb döşəkçəni göstərir.

Ona pul verən də var, yemək verən də.

“Burada kafelər çoxdur. Yarımçıq qalan pizzalarını gətirib verənlər olur. Elə olanda evə aparıram. Qızım o gün “ana, ət istəyirəm” deyir. Ona imkanım çatmır, hərdən ala bilirəm. 1 kilo kartof alıram, mənə neçə gün bəs edir”.

“Əhmədli” ətrafında Nuraydan savayı körpə uşaqla dilənən bir neçə qadın görmək olar. Hətta 5-6 yaşlı uşaqların səki üzərində oturub salfet satdığına, diləndiyinə çoxları şahiddir. Əhmədli sakinləri onların çoxunun Sabunçu və Suraxanı ərzasində yaşayan qaraçılar olduğunu söyləyirlər.

Dilənçilərdən başqa burada gündəlik çörək pulunu evdə bişirdiyi şirniyyatları, əl işlərini, meyvə-tərəvəz satmaqla çıxaranlar da az deyil.

“Təqaüd kartımı işsiz oğluma vermişəm”

Səfurə Məmmədovanın 65 yaşı var. 14 il əvvəl Astaradan Bakıya çörək pulu qazanmaq üçün gəlib. Gənc yaşlarında əri vəfat edən qadın 3 övladını limon satmaqla böyütdüyünü deyir.

Ana danışır ki, böyük oğlu işsiz olduğundan təqaüd kartını ona verib: “Özüm burdan gələn qazancla dolanıram. 14 ildir ki, hər gün gəlib burada limon satıram. Uşaqlarımı limon satmaqla böyütmüşdüm, indi növbə nəvələrimə çatıb”.

Toplum Tv

Səfurə Məmmədovanın tək şikayəti son vaxtlar qazancının zəifləməsidir. Hər şey bahalaşdığı üçün güzəranlarının ağır olduğunu söyləyir: “İndi bir tikə yemək pulu qazanmaq çox çətindir. 65 yaşımda soyuq, isti bilmədən burdayam. Heç kəsə möhtac olmamaq üçün, beşindən pis yaşayanda birindən yaxşı yaşaya bilmək üçün...”

“Günə 8-10 manat da olsa, min şükür”

Getdikcə ətrafda insanlar da seyrəlir. Amma Zümrüd Əliyeva hələ evə tələsmir. 55 yaşlı qadın özü tikdiyi qazan götürəni, üzərlik və gülləri satmağa çalışır.

Toplum Tv

Onun dediyinə görə, 2 ay əvvəl ailəsi ilə Göyçaydan Bakıya köçüblər. Əri şəkər xəstəsi olduğundan ayağı amputasiya edilib, evin bütün yükü onun üzərində qalıb.

"Yoldaşımın da 55 yaşı var. İndi xəstəxanada yatır. Vaxtında müalicə edə bilmədik, xəstəlik irəlilədi, ayağını kəsdilər. 2 qızım, bir oğlum var. Qızlar 15-16 yaşlarındadır. Oğlum da 11 yaşın içindədir. Heç biri məktəbə getmir. Burada gəlib satış edirəm. Günə 8-10 manat da olsa, min şükür. Yeməyimizə çatır heç olmasa. Kirayə pulunu da bir təhər ödəyirəm”.

Z.Əliyeva əl işləri üçün Sabunçunun bit bazarından köhnə paltarlar aldığını deyir: “Ordan ucuz parça, paltar alıram. Evdə olanda tikirəm”.

“Bəlkə rayona qayıdarıq”

Satıcı qadın hava qaralmamış gələndə polisin ona mane olduğundan gileylənir: “Dünən bir az tez gəldim ki, tez satıb evə də tez qayıdım. Polis dedi ki, indi olmaz. Gedib bu soyuqda kənarda neçə saat gözləmişəm ki, hava qaralsın. Sağ olsun, yenə axşamlar qoyur”.

O övladlarının evdə tək qalmalarından narahatdır.

Toplum Tv

İndi Zümrüd Əliyevanın yeganə arzusu əri xəstəxanadan çıxdıqdan sonra pensiya sənədlərini düzəltməkdir. Onda az da olsa vəziyyətlərinin yaxşılaşacağına inanır: “Bəlkə rayona da qayıdarıq”.

Saatın əqrəbləri artıq gecə yarıya doğru irəliləyir. Bakı sakinləri uzun günün ardından bu günkü qazancları ilə kifayətlənməli olurlar. Dilənçilər yavaş-yavaş bir yerə toplaşıb getməyə hazırlaşırlar. Satıcılar piştaxtalarını yığışdırır.

Artıq müştərilərin azaldığını görən göy-göyərti satanlar malları əlində qalmasın deyə dəstəsini daha ucuz təklif edir.

Dönərxananın yorğun ustası tində dayanıb siqaret çəkir. Taksi şoferlərinin “Hövsana 1 manat” səsi artıq daha seyrək eşidilir. Gecənin son bəxtsizi də lotereyasını cırıb yerə ataraq uzaqlaşır.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo