Sosial

Bayram yarmarkaları: ucuzluq, yoxsa keyfiyyətsiz məhsullar? 

15 Mart, 2021
2814

Toplum.TV

Kənd Təsərrüfatı Nazirliyi bu il də Bakının müxtəlif yerlərində ənənəvi bayram yarmarkaları təşkil edib. Onlardan biri də Abşerondakı “Kənddən şəhərə” yarmarkasıdır.

Adından da göründüyü kimi, burada hər cür kənd məhsul tapmaq mümkündür: qoz, fındıq, yağ, bal, pendir, meyvə-tərəvəz, şəkər və s.

Yarmarka çadırının girəcəyində isə məhsulların qiymətini göstərən lövhə vurulub. 

Toplum.TV

Çadırda alıcıdan çox satıcı var, ona görə də içəri girən kimi diqqət cəlb edirsən.

- Nə istəsən, məndə! Gəl, dadına bax, məndən al. 

Müştəri az olsa da, qanları qara deyil, hamını şirin dillə dindirirlər.

Yağsatan qadın öz məhsulunu tərifləyir: “Apar, atam. Xoşun gəlməsə, gəlib camaatın içində sözünü deyərsən”. 

Dediyinə görə, bu yağdan Bakının heç bir ərazisində tapmaq olmaz: “Dadına bax, sonra özün gəlib axtaracaqsan”.

Yağla maraqlanan başqa qadınlar kərə yağının qiymətinin marketlərdə daha baha olmasından şikayətlənirlər.

"Ankor", "Vestqold" (“Westgold”) kimi yağların 250 qramı marketlərdə 15-16 manata satılır.

Yarmarkada isə yağın 1 kq-nın qiyməti 15-20 manat arasında dəyişir. 

Piştaxtada kənd toyuqları da var. Satıcıdan qiymətini soruşuram, deyir ki, tez bişənlər 10 manatdır: "6 manata olan toyuğu isə bir az qaynatmaq lazımdır".

“Əşi, nə fərqi var, gec, yoxsa tez bişir. Tezdən qoy qaynamağa, əvvəl-axır bişəcək. 4 manat da qalsın başqa dərdə” – toyuq almaq istəyən yaşlı bir qadın belə deyir.

Satıcı qadının gülümsəyərək ona belə cavab verir: “Niyə fərqi yoxdur ki? Biri var cavan adam, biri də var yaşlı...”.

“Əvvəllər camaat əti kiloyla alırdı, indi qramla...”

Yarmarkada ət satan cəmi bir nəfər var. 1 kq quzu ətini 11-12 manata, mal ətini isə 9-10 manata deyən bərdəli dayı müştəri azlığından gileylənənir:  “Əvvəllər camaat əti kiloyla alırdı, indi qramla”.

O deyir ki, heyvanları özü bəsləyib böyüdür: “Əvvəllər gündə 3-4 heyvan kəsib satırdım. İndi birini sata biləndə, şükür edirəm. Camaatı da qınamıram. Pul yoxdursa, necə alsınlar?”

“Ət istəmirlər, ədviyyat alsınlar” - söhbətimizi dinləyən satıcı qadın belə deyir.

Piştaxtasında tənək yarpağı, ədviyyat, otlar, hətta gül toxumu da olan bu qadın ətsatan kişidən fərqli olaraq  daha nikbin görünür: “Bilirsən, bala, adam gərək şikayətlənməyə. Elə bil onda hər şeyin bərəkəti qaçır. Bu tənək yarpaqlarını özüm tuturam, satdığım otları da dağdan, meşədən yığırıq. Zəhmətli işdir, amma birtəhər də olsa, çörəyimi bundan çıxarıram”. 

Toplum.TV

Qadından kəkliotu alıb digər piştaxtaya doğru irəliləyirəm. 

Marketdə kiloqramı 2-3 manata olan almanın qiyməti burda “3 kilosu 1 manat”adır. 

Toplum.TV

- Naxçıvanda bu balı 35-dən aşağı satmırıq, ay bacı. Day gəlmisən, sənə 30-dan verərəm - balsatan müştərini dilə tutur.

- Başqa şeylər də almalıyam. Bilmirəm, ətə pulum çatacaq, ya yox. 25-dən versən, götürərəm. 

Satıcı gəlirini qaçırmamaq üçün tələsik razılaşır. 

“Adı yarmarkadır, bazardan nə fərqi var ki?”

Yarmarkada Ordubaddan gətirilmiş kompotlar, meyvə şirələri də var. Kompot 1, şirə 2 manatadır - marketlərdəkindən əz azı 50 qəpik ucuz.

Toplum.TV

Quru meyvələr fərqli qiymətlərə satılır: innabın xırdası 4, irisi 5, gavalı 4-5, iydə 5, şabalıd 6-7, ağ kişmiş 5, qara kişmiş 6 manatadır.

Çərəzlər nisbətən bahadır: bütöv qoz ləpəsi 18, xırdalanmışı 6; fındıq ləpəsi 14-16, badam 18-20 manata satılır.
:
Müqayisə üçün deyək ki, marketlərdə 1kq qoz 17,50; fındıq ləpəsi 17; badam 21,50; gavalı 9,50; ağ kişmiş 5,25; qara kişmiş 6,40 ; xurma 6 manatadır. İnnab, iydə və şabalıdın qiymətisə yarmarkadakı qiymətlərlə eynidir.

Yarmarkada aş düyüsünün kilosu 3 manata olduğu halda, marketlərdə ən ucuz düyünün qiyməti  3,80 AZN-dir. 

Göyərtinin bir dəstəsi 0,15 qəpiyə, səmənin ən ucuzu isə 1 manatadır. 

“Adı yarmarkadır, bazardan nə fərqi var ki?” – alıcı qadınlardan biri şikayətlənir.

Bəzi müştərilərsə məhsulların təkcə ucuz yox, həm də keyfiyyətsiz olduğunu deyirlər. 

“Yarmarkalarda məhsulun ucuzu yox, keyfiyyətsizi satılır”

Kənd təsərüfatı üzrə ekspert “Toplum TV”-yə belə deyir.

Vahid Məhərrəmli - Sosial Media

Onun sözlərinə görə, heç bir sahibkar istehsal etdiyi məhsulu yarmarkarda ucuz satmaq həvəsində deyil: “Məhsulların əksəriyyəti rayon, qəsəbə bazarlarından gətirilir ki, onların da çoxu piştaxtada qalan, nisbətən köhnə mallardır. Ona görə də sahibkarlar yarmarkalarda onları daha ucuz qiymətə satırlar.

Bundan başqa, kəndlilər istifadə müddətinin bitməsinə az qalmış, nisbətən keyfiyyətsiz məhsulları anbarlardan alıb bazara çıxarırlar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Təhsil İnstitutu liseylərə qəbulla bağlı qərarını təxirə salıb 

29 May 2025

Foto: sosial media

Təhsil İnstitutu şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən lisey və gimnaziyalara qəbulla bağlı qərarında dəyişiklik edib.  Mayın 26-da verilən qərarda sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağı bildirilirdi.  Mayın 29-da isə İnstitut yeni açıqlama yayaraq qəbulun əvvəlki illərdə olduğu kimi 4-cü, 5-ci və 7-ci sinif şagirdlərini də əhatə edəcəyini bildirib.  Təhsil İnstitutu yeni qərarın “şagirdlərin lisey və gimnaziyalarda təhsil almağa böyük maraqlarının və tədris ili boyunca imtahan prosesinə hazırlıqlarının nəzərə alınaraq” verildiyini deyib.  Buna baxmayaraq, İnstitut növbəti tədris ilindən etibarən lisey və gimnaziyalara qəbulun yalnız 6-cı sinif şagirdləri üçün aparılacağını qeyd edib.  Təhsil İnstitutunun 26 may tarixli...
Sosial

“Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir”

28 May 2025

Foto: Azərtac

Təhsil İnstitutunun şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbulla bağlı yeni qərarı narazılıqlarla qarşılanıb.  Mayın 26-da institut açıqlama yayaraq sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün, imtahan üçün qeydiyyatın isə iyunun 5-dən aparılacağını bildirib.  Bu, övladları aşağı siniflərdə təhsil alan və lisey və gimnaziyalara qəbula hazırlaşan valideynlərin etirazına səbəb olub.  Gəncədə yaşayan bir qrup valideyn mayın 27-də Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin önünə toplaşıb. Onlar İctimai televiziyaya deyib ki, qərar övladlarını məyus edib.  “Mənim uşağım 5-ci sinifdə oxuyur. Bir ildir fərdi hazırlığa gedir, əziyyət çəkir. Maddiyyatı heç demirəm, sadəcə istəyirəm...

Seçilmiş Videolar

Toplum TV loqo