Sosial

"Dedilər ki, qoy “Eurovision” qurtarsın, sonra dilənərsən" - REPORTAJ

15 May, 2019
1615
Ədalət Amiraslanov daun sindromlu uşaqlardan biridir. 

13 yaşı olmasına baxmayaraq yaşıdları kimi nə məktəbə gedə, nə də uşaqlarla oyun oynaya bilir. 

O, digər daun sindromlu uşaqlardan fərqli olaraq yaxşı yerimir. Uşaqlığını evin nəmişliyini üstünə çəkib çürümüş taxta bir çarpayının üstündə, qonşuların hədiyyə etdiyi oyuncaqlarla keçirir. 

Bütün uşaqlar kimi Ədalət də istiqanlı və mehribandır. Bayıra çıxa, həmyaşıdları ilə ünsiyyətdə ola bilməsə də, insana tez alışır, yaxınlıq göstərir. Həyat bu mənada ona ədalətsiz davranıb. 

Əslində bayıra çıxsa belə, şəhərin bu ucqar yerində - Lökbatanda yaşadıqları ərazıdə insan üzü görmək çox çətindir. Günorta olmasına baxmayaraq, həyətdə gəzişən itlərdən başqa heç bir canlı gözə dəymir. Bir də sanki soyuq baxışlarını adamın üzünə zilləmiş, yarmçıq tikili evlər var.

Anası Toplum.Tv-yə deyir ki, Ədalətin atası 2017-ci ildə xəstəlikdən vəfat edib. Amma uşaq onu bundan çox əvvəl, 3 yaşında olarkən itirib. Belə ki, 2009-cu ildə atası onları tərk edib. 

İndi Ədalət Əmiraslanovla anası bu birotaqlı evdə kirayə qalır. Bu ev Lökbatanın elə bir hissəsində yerləşir ki, paytaxtın mərkəzindən ora çatmaq üçün 3 avtobus dəyişmək lazım gəlir.

Nəm çəkməkdən divarları qaralmış mənzilə görə hər ay 180 manat ödəyirlər. Ədalətin aylıq pensiyası isə cəmi 150 manatdır. Hətta bu ilin əvvəlində pensiya artımına qədər, anasına uşaq üçün 75 manat verirmişlər. Pensiyası ikiqat artsa da, yenə kirayəni ödəmək üçün yetərli deyil. Digər problemləri isə 1 ildir aldıqları 77 manatlıq sosial yardımla həll etməyə çalışırlar. 

Ədalətin anası adının çəkilməsini istəmir. Amma deyir ki, 77 manatla yaşamaq mümkünsüz olduğu üçün dövlət qurumlarına çoxlu müraciət edib. Hər dəfə də ona fərqli cavablar verilib və sonda elektron şəkildə müraciət etməli olduğu söylənilib. 

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətə isə belə cavab alıb: "Amiraslanov Ədalətin muayinə və müalicəsi tibbi göstəriş olarsa, profil üzrə stasionar müalicəyə göndərilməsi Bakı şəhər 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkim əvəzi Cəmilə Xanmuradovaya həvalə olunur”.  

Ana bir nəticəyə bağlanmayan bu cavab məktubu ilə nə edəcəyini bilmədiyini deyir: "Artıq müraciət etməkdən yorulmuşam”.

Ədalət atasını 2 ildir ki, itirməyinə baxmayaraq, hələ də buna görə müavinət ala bilmir. Anası deyir ki, dövlət qurumlarına müraciətdən sonra ailə başçısını itirməyə görə pulun veriləcəyi deyilib, amma miqdarını bildirməyiblər. 

Anasının sözlərinə görə, Ədalətin bu taxta çarpayıya məhkum olmağı azmış kimi, ürək əzələlərində qalınlaşma və boğazında zob da var. Anası oğlunun böyrəklərinin nəm çəkib sıradan çıxmasından narahatdır: 

"Neftçilərdə daun sindromlu uşaqlar üçün mərkəz var. Hər fəsil Mehriban Əliyeva mərkəzə baş çəkir. Biz də iki il ora getdik. Ancaq yol çox uzaqdır, həm də bizi heç bir səbəb göstərmədən, problemlərimizi soruşmadan oradan çıxardılar. 2012-ci ildə vəziyyətimiz o qədər pisləşdi ki, dilənməyə məcbur oldum. Onda da polislər tutub apardılar. Bölmədə dedilər ki, qoy "Eurovision” qutarsın, sonra dilənərsən. Bu hansı tarixə düşəsi sözdür? Aparıb məni alkaşlarla eyni yerə salmışdılar. Orada bir gecə səhərə qədər ağlamışam. Mən qayıdanda gördüm uşağım acından ölür”.

Həyatda qalmaq üçün mücadilə apardığını deyən ananın tək istəyi evlərinin olmasıdır: "Onsuz da uşağı məktəbə göndərə bilmirəm. Lap kəndə gedib, orada otdan-ələfdən əkib, dolanaram. Uşağa görə aldığımız pensiyanı da öz boğazımdan kəsərəm verərəm daşa, rayonda bir ev tikməyə başlayaram”.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Tarif Şurası istilik qiymətlərini qaldırdı

30 İyul 2025

Foto: Açıq mənbə

Azərbaycan Tarif Şurası istilik təchizatı xidmətinin qiymətini 40 faizdən çox yüksəldib. Qurumun iyulun 30-da yaydığı məlumata görə, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata çatdırılıb. Sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata yüksəldilir. Qərar dağ rayonlarında bu il noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tədbiq ediləcək. Bu ilin yanvarında qaz və elektrikin də qiymətləri limitlərdən asılı olaraq yüksəldilmişdi.
Sosial

Bayırşəhər sakinləri tarixi binaların ianə hesabına təmirini istəyir 

23 İyul 2025

Foto: sosial media

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan sakinlər ərazidəki tarixi binaların sökülməməsi və təmir olunması üçün aiddiyatı qurumlara müraciət edib.  Memar Abdul Hüseynovun ictimailəşdirdiyi müraciətdə sakinlər binaların öz yığdıqları ianə hesabına bərpasına razılıq verilməsini istəyir.  “Məqsədimiz Bakının Bayırşəhər ərazisində yerləşən tarixi abidə və tarixi abidə olmayan, lakin tarixi abidələr kimi uzunömürlü, möhkəm, zəlzələ və digər təbii fəlakətlərə dözümlü, baxımsız binaların bərpası üçün ianə əsasında təşəbbüs göstərməkdir. Hazırda baxımsızlıqdan bəzi tarixi və qeyri-tarixi binalar ciddi texniki aşınma və memarlıq deformasiyasına məruz qalıb ki, bu da onların tamamilə sıradan çıxmasına səbəb ola bilər”, - müraciətdə bildirilir.  “Bütün bu məsələləri nəzərə alaraq şəxsi...

Seçilmiş Videolar

Toplum TV loqo