Sosial

“Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir”

28 May, 2025
283

Foto: Azərtac

Təhsil İnstitutunun şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbulla bağlı yeni qərarı narazılıqlarla qarşılanıb. 

Mayın 26-da institut açıqlama yayaraq sözügedən təhsil müəssisələrinə qəbulun yalnız 6-cı sinif şagirdləri üçün, imtahan üçün qeydiyyatın isə iyunun 5-dən aparılacağını bildirib. 

Bu, övladları aşağı siniflərdə təhsil alan və lisey və gimnaziyalara qəbula hazırlaşan valideynlərin etirazına səbəb olub. 

Gəncədə yaşayan bir qrup valideyn mayın 27-də Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin önünə toplaşıb. Onlar İctimai televiziyaya deyib ki, qərar övladlarını məyus edib. 

“Mənim uşağım 5-ci sinifdə oxuyur. Bir ildir fərdi hazırlığa gedir, əziyyət çəkir. Maddiyyatı heç demirəm, sadəcə istəyirəm ki, uşağımın çəkdiyi əziyyət yerdə qalmasın. Qeydiyyata 10 gün qalmış deyirlər ki, 5-ci siniflər imtahan verə bilməz. Əgər bu qərar var idisə, niyə ötən ilin sentyabrından demirdilər? Camaat da xərc çəkib uşağını hazırlığa qoymazdı”, - Nigar Həziyeva adlı valideyn deyib. 

Təhsil İnstitutunun sosial media hesablarının şərh bölmələrində də onlarla valideyn narazılıqlarını ifadə edib, qərarın dəyişilməsinə çağırıb. 

“Aylarla hazırlaşan 4-cü və 5-ci sinif şagirdlərinin əməyi, psixoloji gərginliyi, valideynlərin çəkdiyi zəhmət bir qərarla puç edildi. Bu barədə öncədən açıq və dəqiq məlumat verilməməsi isə vəziyyəti daha da ağırlaşdırdı. Bu cür qeyri-müəyyənlik uşaqlarda inamsızlıq və ruh düşkünlüyü yaradır. Təhsil, yalnız proqram və qaydalarla yox, eyni zamanda vicdanla idarə olunmalıdır. Gələcəyimiz olan uşaqların haqqına bu qədər asanlıqla müdaxilə edilməsi yolverilməzdir”, - Arzu Rəhimzadə adlı bir valideyn qurumun “Facebook” səhifəsində yazıb. 

İnstitut narazılıqlara cavab olaraq mayın 27-də qərarla bağlı açıqlama verib. 

“Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir. Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir”, - qurumdan qeyd olunub. 

Təhsil eksperti Kamran Əsədov “Demokrat.az” saytına açıqlamasında Təhsil İnstitutunun “heç bir ictimai izahat, keçid dövrü, və ya əvvəlcədən xəbərdarlıq olmadan” bu qərarı verməsini “təhsildə idarəçilik baxımından həm prinsipial, həm də etik cəhətdən qəbuledilməz” adlandırıb.

“Bu qərar təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbədir”, - o deyib. 

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir. 

"Qanunvericiliyə görə, hər hansı mərkəzləşdirilmiş qəbul qaydasında dəyişiklik əvvəlcədən ictimaiyyətə təqdim edilməli, bu barədə normativ sənəd hüquqi qüvvəyə minməli, və ən azı bir tədris ili əvvəlindən xəbərdarlıq edilməlidir. Əks halda bu, inzibati özbaşınalıq və ailələrin planlaşdırma hüquqlarının pozulmasıdır. Təhsil Haqqında Qanunun 5-ci maddəsində qeyd olunur ki, təhsil prosesi şəffaf və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir. Bu qərar isə nə şəffafdır, nə də proqnozlaşdırıla bilən”, - Əsədov əlavə edib. 

Milli Məclisin üzvü Fazil Mustafa da eyni sayta açıqlamasında nazirliyin qərarlarını “vaxtında və aydın şəkildə” izah etməli olduğunu deyib. 

“Əgər bu qərarlar qəfil və əsaslandırılmamış şəkildə həyata keçirilirsə, cəmiyyətin inamı sarsılır, nəticədə təhsilə olan ümumi etimad azalır. Elə nazirlik var ki onların fəaliyyəti gizlilik ehtiva edir. Elm və Təhsil Nazirliyi isə bu sıraya aid deyil. Nazirlik bu kimi hallarda açıq kommunikasiyaya üstünlük verməli, qərarların səbəblərini vaxtında və aydın şəkildə izah etməlidir. Əks halda, dediyiniz kimi, nəticələr həm psixoloji, həm sosial baxımdan daha da ağır ola bilər”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun 2025

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir.  Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb.  İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.  1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.  Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb. İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının...
Sosial

Naxçıvanda 9-u uşaq olmaqla 17 nəfər dönərdən zəhərlənib 

9 İyun 2025

Foto: Azərtac

Naxçıvan şəhərində Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” restoranında 17 nəfər qidadan zəhərlənib.  Bu barədə iyunun 9-da APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib.  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə deyib ki, 9-u azyaşlı olan 17 nəfər artıq evə buraxılıb.  “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub”, - o qeyd edib.  Qida...

Seçilmiş Videolar

Toplum TV loqo