Sosial media
“Anam deyirdi ki, əgər nişanı qaytarsan, atan ölər, səni heç vaxt bağışlamaz. Uşaq ağlımla elə düşünürdüm ki, nişanı qaytarsam, doğrudan da, atam öləcək”.
15 yaşında ailəsinin istəyilə nişanlanan Gülnar (ad müsahibin istəyilə dəyişdirilib) həyat hekayəsini “Toplum TV”-yə danışıb.
Hazırda Gülnarın 28 yaşı var.
O, 13 il əvvəl ailəsinin təkidi ilə tanımadığı adamla nişanlanıb. Doğulduğu yerdə - Masallıda erkən nikahın adiləşdiyini söyləyən Gülnar o vaxt sinif yoldaşlarının çoxunun evləndiyini, oğul-uşaq sahibi olduğunu, 13 yaşından ona da elçilər gəldiyini deyir.
“Oxumayacaqsan, evlənəcəksən”
Gülnar deyir ki, o vaxt ona iki nəfər elçi düşübmüş, birindən heç xoşlanmadığı üçün məcbur qalaraq o birinə “hə” deyib: “15 yaşında, uşaq ağlıyla nə düşünə bilərsən ki? Elə bilirsən, təkcə gəlinlik geyinirsən, vəssalam”.
Gülnar iki il nişanlı qalıb. Məktəbə getməyə davam etsə də, artıq dərslərinə maraq göstərmirmiş: “Nişan taxılanda atam demişdi ki, məktəbi bitirənə qədər toy olmayacaq, üzüyü ad eləmək üçün götürür. Mən də o gündən dərslərin başını buraxdım, çünki bilirdim ki, məktəbi bitirəndən sonra nə gəlin gedəcəyim ev, nə də öz ailəm təhsilimi davam etdirməyə icazə verəcək. Valideyinlərim bütün güclərini qardaşımı oxutmağa yönəltmişdilər...”
Məktəbi bitirəndən 1 ay sonra Gülnarın toyu olub. O, nişanlı qaldığı 2 il boyu əzab çəkdiyini söyləyir: “Hər gecə ağlayıb anama yalvarırdım ki, nişanı qaytaraq. Deyirdim ki, mən o adamla yola gedə bilmərəm, biz bir-birimizə uyğun deyilik. Anamın da cavabı bu olurdu ki, indi bir-birinizə uzaqsınız, yaxın olanda hər şey düzələcək. Ən əsası da mən atamı çox sevirdim deyə nişanı qaytarmaqdan qorxurdum”.
“Bizə belə öyrədiblər - dözməlisən...”
Gülnar ərə gedəndən sonra da həyat yoldaşıyla aralarındakı yadlığı hiss edirmiş. O, evliliyini qorumaq istəsə də, alınmayıb: “Biz ailə ola bilmədik. Var gücümlə çalışdım, amma bir şey ki, mümkün deyil, gec-tez bitməlidir, çünki insan zaman keçdikcə özünə olan hörmətini itirir”.
O, ayrılmaq qərarının heç də asan olmadığını deyir: “Bizə belə öyrədiblər - dözməlisən. Əvvəllər atama görə qorxurdum. Sonra anladım ki, hər kəs özü üçün yaşayır”.
Gülnar hələ ərdəykən işləmək qərarına gəlib, amma ali təhsili olmadığı üçün bu, asan olmayıb: “Həyat yoldaşım deyirdi ki, oxuyanlar iş tapmır, sən nə işləyəcəksən? Atam deyirdi ki, qadın nədir, işləmək nədir? Hər dəfə irəli addım atmaq istəyəndə, onlar belə deyib mənə mane olurdular. İllər keçəndən sonra düşündüm ki, hər kəs nələrisə bacara bilər. Həyat elə gətirdi ki, yoldaşım işdən çıxmalı oldu, onda mən dişləmək istədiyimi dedim və bunun üçün addım atdım”.
Tibbə həvəsi olduğu üçün Gülnar xəstəxanaların birinə müraciət edib. Orda təcrübəsiz birini işə götürməyə əvvəlcə tərəddüd ediblər, amma Gülnarın özünə inamı onları razı salıb və o, koordinator kimi işə başlayıb.
İşində daha da irəliləmək istəyən Gülnar yığdığı pulla Tibb Universitetindəki psixologiya kurslarına yazılıb: “Oxuyub-öyrənəndə, öz ehtiyaclarını özün ödəməyi bacaranda ətrafındakıları onlardan aslı olduğun üçün sevmirsən”.
“Mən özümü bilmirdim, uşağıma nə öyrədəcəkdim?”
Gülnarın 11 yaşlı bir qızı var. Deyir ki, ana olacağını eşidəndə çox ağlayıb: “Düşünürdüm ki, uşağa necə baxacam, onunla necə rəftar edəcəm? Mən özümü bilmirdim, uşağıma nə öyrədəcəkdim? İllər boyu ana olduğumu hiss etməmişəm, amma indi deyirəm ki, nə yaxşı qızımı dünyaya gətirmişəm”.
Zaman keçdikcə həyat yoldaşıyla münasibətləri pisləşib, Gülnarın işində irəli getməyi evdə qalmaqallara səbəb olub.
“Yoldaşım deyirdi ki, sən necə qabağa gedə bildin? Onun heç vaxt mənə güvəni olmayıb. İstəməzdim ailəm dağılsın, ən azından qızım üçün. Amma bu addımı elə qızım üçün atdım. Uşaq nə qədər dava-dalaş görər?”
Gülnarın ayrılıq qərarını ailəsi də birmənalı qarşılamayıb: “Atam, qardaşım məni həyatlarından silməklə hədələdi. Gördüm ki, mən onlara görə fədakarlıq edib dözdüyüm halda, onlar ancaq öz ad-sanlarını düşünürlər. Nə qədər adam boşanır, hamısının ata-anası yanında olur, mənim yanımda isə heç kim olmadı. Mən bütün məhkəmələrə tək getdim...”
Qızıyla birlikdə yaşayan Gülnar indi psixoloq olmağı hədəfləyir. Qardaşı və anasıyla araları düzəlsə də, atasıyla münasibətlərində soyuqluğun qaldığını deyir: “Boşanmışam deyə evliliyə qarşı deyiləm. Əksinə, səni tamamlayan biri varsa, evlilik gözəldir. Sadəcə tələsmək lazım deyil. Əvvəlcə özümüzü tanımalıyıq, bundan sonra yaxşı həyat yoldaşı da olarıq, yaxşı ana da. Yaşadıqlarımı qızımın yaşamağını istəmirəm. 11 yaşı var, amma indidən bilir ki, evlilik ikinci planda olmalıdır. Valideynlərə isə demək istəyirəm ki, qızlarını kiminsə vicdanına buraxmasınlar...”
FOTO: Sosial media
Erkən nikah nədir?
Erkən nikah yaşı 18-dən az olan şəxslərin nikaha daxil olmasıdır. 18 yaş 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir.
Erkən nikah statistikası Azərbaycanda və dünyada
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 1 oğlan, 366 qız erkən nikaha daxil olub. Birinci yerdə Ağsu rayonudur – keçən il bu rayonda yaşı 18-dən az olan 27 qız ərə verilib. Ağdaş (23) və Masallı (20) sonrakı yerlərdədir.
Ümumilikdə isə şəhər və rayonlar üzrə isə erkən nikahlar ən çox Aran rayonlarında yayılıb – bu bölgədə yaşı 18-də az olan 120 gəlin var. 2012-ci ildən etibarən erkən nikahların sayında kəskin azalma müşahidə olunur. Məsələn, 2011-ci ildə 18 yaşadək gəlinlərin ayı 5138 idisə, 2012-ci ildə bu rəqəm 295-ə enib.
DSK qeyd edir ki, 18 yaşadək nikaha daxil olanların nəzərəçarpacaq dərəcədə azalmasının əsas səbəbi ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.
Amma son 3 ildə erkən nikah statistikasında artım müşahidə olunur - 2017-ci ildə 317, 2018-də 338, 2019-cu ildə isə 366 nəfər 18 yaşadək qız erkən nikaha daxil olub.
FOTO: Al Jazeera
BMT-nin 2020-ci il statistikasına görə, dünyada hər gün 18 yaşına çatmamış 37 min qız ərə gedir. İnkişaf etməkdə olan ölkələrdə hər 3 qızdan biri 18 yaşından, hər 9 qızdan biri isə 15 yaşından əvvəl erkən nikaha daxil olur.
UNİSEF-in məlumatına görəsə, hər il 18 yaşdan aşağı 12 milyon qız ailə qurur və 2030-cu ilə qədər bu rəqəm 120 milyona yüksələcək. Məlumatda həmçinin qeyd olunur ki, azyaşlı gəlinlər azyaşlı nişanlı oğlanlarla müqayisədə qeyri-proporsional dərəcədə çoxdur.
Azərbaycanda nikahla bağlı qanunlar
Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda isə müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyənlərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1-ci bəndində (“Qadını nikaha daxil olmağa məcbur etmə”) qeyd olunur ki, qadını nikaha məcbur etmə iki min manatdan üç min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
UNİSEF-in araşdırmalarına görə, erkən evliliklər qızların sağlamlıqlarını və hətta həyatlarını təhdid edir. 18 yaşından əvvəl ərə gedən qızların ailədaxili şiddətə məruz qalması və təhsildən kənarlaşması riski daha yüksəkdir; onlar həmçinin ailələrindən, dost çevrələrindən uzaqlaşır, assosial olurlar və bu onların fiziki, psixoloji sağlamlıqlarına zərər vurur.
Sənubər Heydərova
FOTO: akinchi.org
Sosioloq: “Erkən nikahın səbəbi ölkədə azad seksin olmamağıdır”
Sosioloq Sənubər Heydərovanın sözlərinə görə, müəyyən yaşa çatdıqda insanlarda cinsi inkişaf, cinsi oyanıqlıq başlayır. Azərbaycan kimi ölkələrdə isə yeniyetmələr ya cinsi meyllərini basdırmalı olurlar, ya da bunu qeyri-sağlam yollarla həll edirlər: “Xüsusən oğlanlar hansısa vasitə ilə çalışırlar ki, tələbatlarını ödəsinlər, amma bu da asan olmur, çünki Milli Məclisdə seks işçiliyinin leqallaşdırılması müzakirəyə çıxarılsa da, “milli dəyərlərimizə uyğun deyil” deyərək məsələyə baxılmır”.
Sosioloqun fikrincə, bir çox gənc məhz cinsi tələbatını ödəmək üçün evlənir: “Ailələrin sonradan dağılmasına da səbəb budur. Cinsi təlabatlarını ödədikdən sonra görürlər ki, ortada mənəvi bağ yoxdur. Oğlanların ilkin təlabatlarını ödəmək üçün şansları olur, amma qızların bunu dilə gətirmələri belə qadağandır. Onlar cinsi istəyə “eşq”, “sevgi” adı qoyurlar, beləliklə, qadın bədənini reallaşdırmağın yeganə yolu ərə getmək olur”.
İnkişaf etmiş ölkələrdə cinsi tərbiyə dərslərinin keçirildiyini nümunə gətirən sosioloq deyir ki, Azərbaycanda nəinki dövlət, cəmiyyəti də buna hazır deyil: “Biz cinsi tərbiyə ilə bağlı sorğu aparanda valideynlər bu tip suallara qarşı çıxırlar. Deyirlər ki, siz bizim uşaqların gözünü açırsınız, biz istəmirik, uşaqlarımız bu haqda düşünsünlər. Yengə danışana qədər heç bir böyük cinsi mövzuda danışmır. Bu cəmiyyətdə cinsi əlaqəni düşünmək də qadağandır”.
S. Heydərova erkən evliliyin sağlamlığa zərərindən də bəhs edib: “Biz 1, 2 il əvvəl Goranboyda işləyirdik. Orda 18, 19 yaşlı bir qadın var idi, artıq ikinci uşağını gözləyirdi, amma uşaq sonradan tələf oldu. Niyə? Çünki ananın bədəni hələ formalaşmayıb, heç bir birinci doğuşa hazır olmayan bədən ikincisinə hazırlaşırmış”.
Sosioloq məsələyə dövlət nəzarətinin də zəif olduğunu vurğulayıb.
O bildirib ki, dövlət genderin tanınması, seks işçiliyinin leqallaşdırılması, cinsi tərbiyə dərslərinin keçirilməsi məsələlərinə diqqət ayırmalıdır: “Qanunvericilikdə erkən nikahın cəzaları var, amma biz bu barədə çox az eşidirik. Böyüklər cərimələnir, amma nikah pozulmur. Erkən nikaha nəzarət yoxdur, kəndlərdə, qəsəbələrdə buna nəzarət etməli olan polis işçiləri toya gedir, yeyib-içir, pul salıb gəlirlər. Dövlət istəsə, bununla bağlı yaxşı təbliğat apara bilər, amma görünür ki, ənənəvi cəmiyyəti idarə etmək daha asandır deyə, bunu etmək istəmir”, - sosioloq belə deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
GİPA
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb