Araşdırma

Azərbaycan Rusiyadan AZAL qəzasına məsul şəxslərin cəzalanmasını tələb etməyəcək?

17 Aprel, 2026
134

Toplum TV

“Təbii ki, qəzanın təfərrüatları tam araşdırılacaq. Bundan mənim şübhəm yoxdur.” 

Azərbaycan prezidenti İlham Əliyev bu sözləri 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından bir neçə gün sonra AzTV-yə müsahibəsində demişdi. Bakı-Qroznı istiqamətində uçan təyyarə sonradan Aktauda qəza enişi etmiş və təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdu.

Əliyev təyyarənin Rusiya tərəfindən vurulduğunu iddia etmiş və tələblər irəli sürmüşdü. Bunlardan ilk ikisi Rusiyanın Azərbaycandan üzr istəməsi və günahını etiraf etməsi idi. 

“Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir”, - o deyib.

Bu il aprelin 15-də Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin yaydığı birgə bəyanatda isə təzminat məsələsinə yer verilsə də, qəzaya məsul şəxslərin cəzalandırılmasından söz açılmayıb. Bəyanatda deyilir ki, tərəflər prezidentlərin ötən ilin oktyabrında Düşənbədə keçirdikləri görüşdə təzminat da daxil olmaqla qəza ilə bağlı bir sıra məsələlərdə razılığa gəliblər. 

Həmin görüşdə Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq qəzanın Rusiya ordusunun müdaxiləsi nəticəsində baş verdiyini etiraf etmişdi. Onun sözlərinə görə, təyyarə Rusiya səmasında uçan, Ukraynaya məxsus dronu hədəf alan raketin partlaması nəticəsində zədələnib. Putin qurbanların ailələrinə təzminat ödəməklə yanaşı, məsul şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyinə də söz vermişdi. 

Lakin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair keçirdiyi brifinqdə bildirdi ki, Rusiya İstintaq Komitəsi qəza ilə bağlı cinayət işinə xitam verib və bu barədə Azərbaycan tərəfinə məktub göndərib. Bayramov məktubun təəccüb doğurduğunu və müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulduğunu deyirdi.

Hələ qəzanın baş verməsindən bir neçə gün sonra Azərbaycanın hökumətyönlü mətbuatında təyyarənin Rusiya hava limanlarında qəzadan sonra eniş etməsinə qəsdən icazə verilmədiyi iddia olunurdu. İlham Əliyev də AzTV-yə müsahibəsində bu cür fərziyyələri dilə gətirmişdi. 

“Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcəkdi”, - o qeyd etmişdi. 

Putin isə Düşənbə görüşündə iddia etmişdi ki, təyyarənin Maxaçqalada eniş etməsinə icazə verilib, lakin pilot Bakıya qayıtmaq qərarı verib və sonradan Qazaxıstana uçub. 

Azərbaycan Xalq Parlamentinin dönəm sədri, siyasi şərhçi Ərəstun Oruclu “Toplum TV”-yə deyir ki, birgə bəyanatdan qəzaya görə heç kimin cəzalandırılmayacağı aydın olur.

“İndi nə baş verdi ki, İlham Əliyev belə qərara gəldi? Çünki biz bilirik ki, Rusiya ilə münasibətlərdə təyyarənin vurulması məsələsi bir prioritetə çevrilmişdi. İlham Əliyev tələb edirdi ki, Putin üzr istəsin - hətta Putinin üzrxahlıqlarını qəbul etmirdi - kompensasiya ödənilməsini və günahkarların cəzalandırılmasını tələb edirdi. Və birdən bu iki bənd gündəlikdən çıxdı. Əslində üzrxahlıq da olmadı. Görünür, arxada çox ciddi proseslər baş verdi ki, İlham Əliyev güzəştə getməyə məcbur oldu”, - o bildirir. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyir ki, bəyanata Azərbaycanın Rusiyaya öz mövqeyini qəbul etdirməsi kimi baxılmalıdır. 

“Təyyarənin bilavasitə “Pantsir” raketi ilə vurulmasını bundan sonrakı beynəlxalq hüquqi davalarda təsdiq etmək çətin olmayacaq. Yekun olaraq, hesab edirik ki, əslində [Rusiya xarici işlər nazirinin müavini] Mixail Qaluzinin Bakıya səfəri, verilən açıqlama və bu kompensasiyaların ödənilməsi [Rusiya İstintaq Komitəsinin sədri Aleksandr] Bastrıkinin bir ay əvvəl verdiyi açıqlamanın yanlış olduğunu sübuta yetirməklə yanaşı, həm də ölkəmizin iradəsinə olan münasibəti göstərir”, - o əlavə edib.

Ərəstun Oruclu hesab edir ki, ABŞ və İsrailin İrana qarşı hücumlarda uğur qazana bilməməsi İlham Əliyevi Rusiya ilə münasibətləri normallaşdırmağa sövq edir.

“Birdən İlham Əliyev Gürcüstana gedir və Orta Dəhlizin Gürcüstandan keçməsi məsələsini müzakirə edir. Belə görünür ki, artıq İran və Rusiya “Tramp marşrutu”nu dəfn edib. O işləsə belə, İran və Rusiyanın razılığı ilə işləyəcək və ona ABŞ nəzarəti olmayacaq. Ona görə, İlham Əliyev Gürcüstana getdi və ola bilər ki, Gürcüstan vasitəsilə Rusiya ilə də münasibətləri düzəltməyə cəhd etmişdi. Görünür, müharibə ilə bağlı vəziyyət dəyişdiyindən İlham Əliyev məcbur oldu ki, Rusiyaya müəyyən güzəştə getsin”, - o vurğulayır.

Azərbaycan və Rusiya münasibətləri AZAL təyyarəsinin qəzasından sonra da gərginləşməyə davam etmişdi. Ötən ilin yayında Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu, Səfərov qardaşları və başqa bir neçə azərbaycanlı müxtəlif illərdəki cinayətlərdə ittiham olunaraq həbs olunub. Səfərov qardaşlarından ikisi polis idarəsindən ölü tapılmışdı və Azərbaycan tərəfi buna görə Rusiyaya nota vermişdi. Eyni dövrdə Azərbaycanda da 8 Rusiya vətəndaşı narkotik ittihamı ilə həbs olunub və hələ də məhkəmələri gedir. 

Şıxlinksi və digər azərbaycanlıların isə Rusiyada məhkəmə prosesləri sona çatıb və bəzilərinə 20 ildən çox həbs cəzaları verilib. 

Ərəstun Oruclu həbsdə olan azərbaycanlıların məsələsinin iki ölkə arasında danışıqlar predmeti olduğunu istisna etmir, lakin Azərbaycan rəhbərliyinin bu məsələdə israr edəcəyinə də inanmır. 

“Azərbaycan hakimiyyəti bir nəfərdir - uzaqbaşı iki nəfər - İlham Əliyev və Mehriban Əliyeva. Onları maraqlandıran yeganə şey hakimiyyətlərinin taleyidir. Başqa heç nə. Yüz minlərlə azərbaycanlı ölkədən didərgin düşüb, milyonlarla azərbaycanlı bu gün yoxsulluq həddindən aşağı yaşayır, amma bir addım belə atılmır onların vəziyyətini dəyişmək üçün. Rusiyada kiminsə tutulması İlham Əliyev üçün problem deyil ki. Kimisə tapıb yerləşdirəcəklər. O qədər adam növbəyə durub ki, o çirkli işləri görmək üçün. Ona görə də, bu şəxslərin azadlığı Rusiyanın iradəsindən asılı olacaq”, - o qeyd edir.

Zahid Oruc isə sözügedən şəxslərin gələcəkdə əfv və ya digər tədbirlər nəticəsində azadlığa buraxacağına ümid edir. 

“Bu bəyanatdan “proses bitdi, soydaşlarımızı taleyin hökmünə buraxacağıq, onlar dövlətdən bir kömək gözləməsinlər” məntiqi hasil etmək istəyənlər əsla doğrulmayacaqlar. Azərbaycan müvafiq dövlət komitəsi, səfirliyimiz, diasporun müxtəlif təmsilçiləri, dövlət və hakimiyyət orqanları vasitəsilə soydaşlarımızın hüquqlarını qorumağa davam edəcək”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Araşdırma

Məktəblərdə bullinq: qanunlar niyə yetərli olmur?

2 May 2026

açıq mənbə

“Xəzər Universitetinin Dünya Məktəbinin Beynəlxalq Bakalavr bölümündə 10-cu sinif şagirdi Alpər Qurbanlı Azərbaycanda və inkişaf etmiş ölkələrdə məktəbdaxili zorakılığa qarşı siyasətlərin müqayisəli təhlilini aparıb. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi təhlili olduğu kimi təqdim edirik: Məktəblərdə bullinq (həmyaşıd zorakılığı və təzyiqi) geniş yayılmış problemdir və bu hal şagirdlərin psixoloji, sosial və təhsil nəticələrinə ciddi təsir göstərir. Bu, şagirdlərin rifahını zəiflədir, sosial inkişafını pozur və öyrənmə nəticələrinə mənfi təsir edir. Psixoloji dəstək mexanizmləri mühüm olsa da, qarşısının effektiv şəkildə alınması üçün məktəblər və digər institutlarda icrası məcburi olan aydın hüquqi çərçivələrin mövcudluğu zəruridir. Beynəlxalq məlumatlar göstərir ki, bullinq Azərbaycanda hələ də ciddi problemdir....
Araşdırma

Xidməti avtomobili bazar qiymətindən 17 faiz baha alan məhkəmə

24 Aprel 2026

Sosial media

Məhkəmələr ölkədə hüquq və ədalətin işləməsini təmin etməyə məsul mötəbər hakimiyyət qoludur. Amma qanun pozuntularının qarşısını almalı olan qurumun özü ilə bağlı səsləndirilən iddialar hüququn tətbiqi ilə bağlı suallar doğurur. Bu baxımdan Hesablama Palatasının Naxçıvan Ali Məhkəməsində yaxın zamanda başa çatdırdığı və nəticələrini açıqladığı audit diqqət çəkir. Yoxlamanın nəticələri göstərir ki, hüququn aliliyini təmin etməli olan bir strukturun fəaliyyətində qanunvericiliyin tələbləri ilə bağlı müəyyən uyğunsuzluqlar mövcuddur. Palata 2023-2025-ci illərdə Naxçıvan Ali Məhkəməsinin xərclədiyi 10,7 milyon manatı təftiş edib. Yoxlamanın aşkarladığı bir sıra qanun pozuntularına diqqət yetirməyə dəyər: Ali Məhkəmədə üç şöbənin hər biri ən azı 8 ştat vahidi əsasında formalaşdırılmalı...

Seçilmiş Videolar

Toplum TV loqo