Dünya

ABŞ prokurorluğu: Çinin “Huawei” şirkəti etirazçıları izləmək üçün İran hakimiyyətinə kameralar verib

25 noyabr, 2026
6

sosial medya

ABŞ-də federal məhkəmənin münsiflər heyəti Çinin texnologiya nəhəngi “Huawei” şirkətini və onun üç törəmə müəssisəsini bank və elektron dələduzluğu, İrana qarşı sanksiyaların pozulması, kommersiya sirlərinin oğurlanması və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə təqsirli bilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi noyabrın 24-də məlumat yayıb.

Nyu-Yorkun Bruklin şəhərində keçirilən və 12 həftə davam edən məhkəmə prosesində münsiflər heyəti “Huawei”yə qarşı irəli sürülmüş 12 ittihamdan 10-u üzrə təqsirli hökm çıxarıb. Şirkət mütəşəkkil cinayətkar birlik yaratmaq və ədalət mühakiməsinə mane olmaq məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə isə bəraət alıb.
ABŞ prokurorluğunun məhkəmədə təqdim etdiyi sübutlara görə, “Huawei” uzun illər İrandakı fəaliyyətini beynəlxalq banklardan gizlədib. Şirkət bu ölkədəki biznesini “Skycom” adlı qurum vasitəsilə həyata keçirib və onu öz törəmə müəssisəsi deyil, müstəqil biznes tərəfdaşı kimi təqdim edib.

Prokurorluq həmçinin iddia edib ki, “Huawei” İranda telekommunikasiya infrastrukturu qurmaqla yanaşı, hakimiyyətə internet istifadəçilərinin fəaliyyətini izləmək və onların internetə çıxışını məhdudlaşdırmaq imkanları yaradıb. Şirkətin İran hökumətinin etiraz aksiyalarını izləməsi üçün müşahidə kameraları təmin etdiyi də bildirilib.

İttiham tərəfi “Huawei”nin ABŞ şirkətlərinə məxsus texnologiya və kommersiya sirlərini ələ keçirdiyini də bildirib. Məhkəmədə “T-Mobile” şirkətinin toxunma ekranlarının sınağında istifadə etdiyi “Tappy” adlı robotla bağlı nümunə təqdim olunub. Prokurorluğun məlumatına görə, “Huawei” əməkdaşları robotun texniki xüsusiyyətlərini öyrənmək üçün onun fotoşəkillərini və texniki məlumatlarını Çinə göndərib, hətta hissələrindən birini laboratoriyadan çıxarıblar.
Prokurorluğun bildirdiyinə görə, şirkət İrandakı fəaliyyətini gizlətməklə banklardan milyardlarla dollar kredit və ABŞ dolları ilə beynəlxalq ödəniş sistemlərinə çıxış əldə edib.

Hökmün ardından “Huawei” və törəmə şirkətlərini maliyyə cərimələri, müsadirə və zərərin ödənilməsi kimi sanksiyalar gözləyir. Cəza tədbirləri ilə bağlı yekun qərarın 2027-ci il sentyabrın 14-də verilməsi nəzərdə tutulur.

“Reuters”in məlumatına görə, “Huawei” qərardan məyus olduğunu bildirib və hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət ittihamların hüquqi və faktiki əsası olmadığını müdafiə edir.

ABŞ hökuməti milli təhlükəsizlik risklərini əsas gətirərək 2019-cu ildə “Huawei”ni ticarət üzrə qara siyahıya salıb. Bununla şirkətin ABŞ texnologiyalarına çıxışı məhdudlaşdırılıb, digər ölkələrə isə 5G rabitə şəbəkələrində “Huawei” avadanlıqlarından istifadə etməmək tövsiyə olunub.
Bununla belə, ekspertlərin fikrincə, məhkəmə işi şirkətin biznesinə ciddi təsir göstərməyib. “Huawei” son illərdə fəaliyyətini genişləndirib və Çinin süni intellekt sənayesini inkişaf etdirmək strategiyasında əsas şirkətlərdən birinə çevrilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsveçrə Gülnarə Kərimovanın 252 milyon dollarını Özbəkistana qaytaracaq

25 noyabr 2026

sosial media

İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolları ölkəsinə qaytaracaq. Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək. Maliyyə vəsaitinin əsasən təhsil və səhiyyə sahələrinə sərf olunacağı qeyd edilib. İsveçrə ilə Özbəkistan arasında Kərimovanın müsadirə edilmiş aktivlərinin geri qaytarılması barədə saziş 2022-ci ilin avqustunda Bern şəhərində imzalanıb. Məlumata görə, İsveçrə banklarında ümumilikdə 840 milyon dollar dondurulmuşdu. “Gazeta.uz”un yazdığına görə, tərəflər 2022-ci ildə təxminən 131 milyon dolların, 2025-ci ildə isə daha 182...
Dünya

“Qalatasaray” prezidenti: İsrail hökuməti klubu UEFA-ya şikayət edib

25 noyabr 2026

sosial medya

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti azarkeşlərin Fələstinə dəstək pankartlarına görə klubu UEFA-ya şikayət edib. Özbek bu barədə HT Spor-a açıqlamasında danışıb. “Eşitmişik ki, Netanyahunun hökuməti azarkeşlərimizin Fələstin xalqına dəstək məqsədilə açdığı pankartlara görə klubumuzu UEFA-ya şikayət edib. Türk xalqı olaraq tarix boyu olduğu kimi, bu gün də məzlumların yanında olmağa və Fələstin xalqının yaşadığı ağrılara səssiz qalmamağa davam edəcəyik”, - klub prezidenti deyib. D.Özbek Fələstinə dəstəyin siyasi yox, humanitar və vicdani mövqe olduğunu bildirib. O, UEFA-nı bu şikayəti siyasi motivli müraciət kimi qiymətləndirərək nəzərə almamağa çağırıb. “Futbolu siyasətdən uzaq tutmağın yolu...

Seçilmiş Videolar

Toplum TV loqo