Dünya

Avropa Parlamenti sığınacaq axtaranların üçüncü ölkələrə köçürülməsinə icazə verdi

17 Fevral, 2026
149

Foto: açıq mənbə

Avropa Parlamenti Avropa İttifaqı ölkələrinə gələn və sığınacaq axtaran şəxslərin müraciətlərinə baxılmamışdan əvvəl onların əlaqələrinin olmadığı ölkələrə köçürülməsinə imkan verə biləcək qanun dəyişikliklərini təsdiqləyib.

Sığınacaq Proseduru Qaydalarına daxil edilən dəyişiklik “təhlükəsiz üçüncü ölkə” anlayışında müraciətçi ilə göndəriləcəyi ölkə arasında əlaqə tələbinin ləğvini nəzərdə tutur. Bununla da milli qurumlara şəxsləri heç vaxt getmədikləri ölkələrə köçürmək səlahiyyəti verilir.

Yeni qaydalar Aİ ölkələri ilə miqrant qəbul etməyə razı olan xarici dövlətlər arasında maliyyə qarşılığında razılaşmaların bağlanmasına yol açır. Model əvvəllər Böyük Britaniya hökumətinin Ruanda ilə həyata keçirməyə çalışdığı sxemə bənzəyir. Lakin Böyük Britaniyanın Ali Məhkəməsi həmin layihəni bloklamış, sonradan isə yeni hökumət onu tam ləğv etmişdi.

Qaydalara əsasən, sığınacaq axtaranlar Aİ ölkəsi ilə razılaşması olan və “təhlükəsiz” hesab edilən istənilən ölkəyə göndərilə bilər. “Təhlükəsiz” ölkə anlayışı həmin şəxsin beynəlxalq standartlara uyğun rəftar görməsini nəzərdə tutur.

Təminatlar sırasında təqib və ciddi zərərdən qorunma, geri qaytarmama (“non-refoulement”) prinsipinə əməl olunması, Cenevrə Qaçqınlar Konvensiyasına uyğun effektiv müdafiə imkanları, eləcə də işlək sığınacaq sisteminə, təhsil və əmək bazarına çıxış daxildir.

Yeni qayda müşayiətsiz azyaşlılara şamil olunmayacaq. Onların müraciətləri Aİ ölkələrində və ya əlaqələrinin olduğu, yaxud tranzit keçdikləri ölkələrdə araşdırılacaq.

Sənəd üzrə məruzəçi, almaniyalı deputat Lena Düpon bildirib ki, dəyişiklik beynəlxalq hüquqa uyğundur və üzv dövlətlərə üçüncü ölkələrlə əməkdaşlıqdan daha çevik istifadə imkanı verəcək, eyni zamanda sığınacaq prosedurlarının uzanmasının qarşısını alacaq.

Dəyişiklik 396 lehinə, 226 əleyhinə və 30 bitərəf səslə qəbul edilib. Səsvermə Ursula fon der Leyen rəhbərlik etdiyi Komissiyanı dəstəkləyən parlament alyansında parçalanma yaradıb. Oxşar fikir ayrılıqları miqrasiya ilə bağlı digər sənədlərdə də müşahidə olunub.

Bəzi solçu və liberal deputatlar “azlıq mövqeyi” açıqlayaraq yeni yanaşmanı “xüsusilə problemli” adlandırıblar. Onların fikrincə, əlaqə meyarının ləğvi üçüncü ölkələrin Aİ-ni siyasi və maliyyə alətinə çevirməsi riskini artırır.

Vətəndaş cəmiyyəti təşkilatları da narahatlıqlarını ifadə ediblər. Qaçqınlar və Sürgünlər üzrə Avropa Şurası (ECRE) üçüncü ölkələrdə adekvat müdafiə imkanlarının sual altında olduğunu və yeni qaydaların zorakılıq qurbanları, eləcə də LGBTQ+ şəxslər kimi həssas qruplar üçün riskləri artıra biləcəyini bildirib.

Həmin gün Avropa Parlamenti ilk dəfə “təhlükəsiz mənşə ölkələri” siyahısını da təsdiqləyib. Siyahıya Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis, eləcə də Ukrayna istisna olmaqla Aİ-yə namizəd bütün ölkələr daxildir.

“Təhlükəsiz mənşə ölkəsi” anlayışı “təhlükəsiz üçüncü ölkə” konsepsiyasından fərqlənsə də, məqsəd eynidir - Aİ-də sığınacaq prosedurlarını sürətləndirmək. Bu ölkələrin vətəndaşlarının müraciətləri sürətləndirilmiş qaydada araşdırılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ elçisi ilə görüşdən sonra razılıq: Belarus 25 “siyasi məhbus”u azad edəcək

16 Sentyabr 2026

president.gov.by

ABŞ və Belarus siyasi məhbus hesab edilən 25 nəfərin azad edilməsi müqabilində bu ölkənin iki şirkətinə qarşı Amerika sanksiyalarının ləğvinə dair ilkin razılıq əldə ediblər. Bunu Minskə səfərinin yekununda ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul bildirib. Razılıq “Lakokraska” və “Bellesbumprom” şirkətlərini əhatə edir. Koulun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunub.  O bildirib ki, danışıqlar davam edəcək və qalan məsələlər həll olunduqdan sonra daha çox insan azad ediləcək, ABŞ isə sanksiyaları yumşaltmağa davam edəcək. Azad ediləcək 25 nəfərin kimliyi və nə vaxt buraxılacağı hələ açıqlanmayıb. Lukaşenko ilə Koulun əvvəlki görüşləri nəticəsində 100-dən çox siyasi məhbus...
Dünya

Almaniyada hərbi aviabaza yaxınlığına dron düşüb

16 Sentyabr 2026

Jens Schlueter/Getty Images

Almaniyanın Hannover şəhəri yaxınlığındakı hərbi aeroportun ətrafına dron düşüb. Onun qalıqları Aşağı Saksoniya əyalətindəki Ştaynhuder-Mer gölü ərazisində tapılıb. Yerli “Bild” nəşrinin məlumatına görə, polis dronun digər hissələrini axtarır. Aparatın kimə məxsus olduğu və hansı məqsədlə istifadə edildiyi hələlik müəyyənləşməyib. Hadisə yerindən bir kilometr məsafədə ölkənin Vunstorf hərbi aviabazası yerləşir. Almaniya Hərbi Hava Qüvvələrinin A400M nəqliyyat təyyarələri burada yerləşdirilib. Avqustun 5-də də Leypsiq hava limanında Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı bildirilən, lakin partlamayan dron tapılmışdı. Sonradan ərazidə daha iki dron aşkarlanmışdı. Almaniya hakimiyyəti həmin hadisədə Rusiyanın əli olduğunu bildirib. Daxili işlər naziri Aleksandr Dobrindtin sözlərinə görə, bu qənaət dronun texniki...

Seçilmiş Videolar

Toplum TV loqo