Dünya

İranın Hörmüz silahı öz əleyhinə çevrilir?

16 Aprel, 2026
169

Atta Kenare/AFP via Getty Images

Aprelin 13-dən etibarən ABŞ hərbi qüvvələri Hörmüz boğazının blokadasına başlayıb. ABŞ Mərkəzi Komandanlığı - CENTCOM bu əməliyyata azı 15 hərbi gəmi cəlb edib. Müharibə başladıqdan sonra İranın da Hörmüzü bağladığı nəzərə alınarsa, dünya ticarətində vacib rol oynayan bu strateji əhəmiyyətli dəniz yolunun indi ikiqat kilid altında olduğunu söyləmək olar. ABŞ-nin məqsədi yalnız İran limanlarına gedib-gələn (hansı ölkənin bayrağını daşımasından asılı olmayarq) gəmiləri və tankerləri əngəlləməkdir, qərar Körfəzdəki ərəb ölkələrinə şamil edilmir.

Məlum olduğu kimi, bu qərar Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların nəticəsiz bitməsindən sonra ABŞ prezidenti Donald Tramp tərəfindən İrana təzyiq məqsədilə qəbul olunub. Masada əsas mübahisə mövzuları İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsi problemi; artıq zənginləşdirilmiş uranın (441 kq həcmində olduğu deyilir) taleyi və İranın bölgədəki “müqavimət oxu”nu təşkil edən proksi gücləri ilə bağlıdır. ABŞ uranın zənginləşdirilməsinə 20 il moratorium qoyulmasını; zənginləşdirilmiş uranın İrandan çıxarılmasını; Tehranın öz proksilərinə dəstəyini dayandırmasını; eləcə də Hörmüzün tam və maneəsiz açılmasını tələb edir. İran tərəfi uranı zənginləşdirməyə qısamüddətli fasilə verə biləcəyini bildirib, digər məsələlərdə isə hələ ki güzəştlərə meylli görünmür.

Əgər boğazın ABŞ tərəfindən blokadası effektiv şəkildə davam edərsə, bu, İran iqtisadiyyatına ciddi zərbə vura bilər. İran neftinin təxminən 80 faizi məhz Hörmüz boğazı vasitəsilə ixrac olunur. Gün ərzində 1,5 milyon barelə yaxın neft Xarq adasındakı terminaldan dünya bazarına çıxarılır. Yeganə alternativ olan Cask (Jask) limanı isə zəif texniki imkanlara malikdir və buradan sutkada maksimum 70 min barel neft ixrac etmək mümkündür.

Bundan başqa, İranın digər ixrac məhsulları (neft-kimya sənayesi və kənd təsərrüfatı məhsulları) da boğaz vasitəsilə alıcılara çatdırılır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, blokada İranın təkcə ixracına deyil, idxalına da maneə yaradır. Ekspertlər İranın toplam gündəlik itkisinin 435 milyon dollara (276 milyonu ixrac, 159 milyonu idxal) çata biləcəyini bildirir.

Müharibə başladıqdan sonra İran neftin bahalaşması nəticəsində təxminən 5 milyard dollar qazanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz çoxdur. Lakin artıq üç gündür İran limanları vasitəsilə idxal-ixrac əməliyyatları ABŞ-nin əngəli ilə üzləşib. СENTCOM komandanı Bred Kuper aprelin 15-də yaydığı açıqlamada İranın dəniz ticarətinin tam dayandırıldığını bəyan edib. Admiral Kuper deyib ki, 36 saata yaxın blokada zamanı İran limanlarına daxil olan və oradan ayrılan 8 tanker geri qaytarılıb və həmin tankerlər kursu dəyişmək barədə ABŞ hərbçilərinin tələbinə əməl ediblər. “The Financial Times”-ın məlumatına görə, blokada uzanarsa, İran təxminən iki həftə sonra öz neft hasilatını ciddi şəkildə azaltmağa məcbur olacaq. Çünki satılmayan nefti saxlamağa, sadəcə olaraq, yer qalmayacaq. Hazırda hasil edilmiş İran neftinin bir hissəsi tankerlərdədir. Hərbi əməliyyatlar başladıqdan və Hörmüzün bağlanmasından sonra ABŞ qiyməti aşağı salmaq məqsədilə tankerlərdəki İran neftinin bazara çıxarılmasına müvəqqəti icazə vermişdi. Bu icazənin vaxtı başa çatıb.  

Bu məlumatlar göstərir ki, İranın dənizdən blokadaya alınması kifayət qədər təsirli vasitədir və ölkə iqtisadiyyatını ciddi böhranla üz-üzə qoya bilər. Müharibədən əvvəl də İranda sosial-iqtisadi vəziyyətin pis olduğu məlum idi. Hiperinflyasiya nəticəsində ölkə valyutası o qədər dəyərsizləşib ki, İran Milli Bankı mart ayında nominal 10 milyon rial dəyərində əskinas tədavülə buraxıb. Fevral ayında isə 5 milyonluq əskinas buraxılmışdı. Hazırda 10 milyon İran rialı cəmi 7 ABŞ dollarına bərabərdir. Əgər Hörmüzün blokadası həqiqətən admiral Kuperin ifadə etdiyi səviyyədə davam edərsə, onda İranın kənardan hər hansı yardım almadan uzun müddət tab gətirməsi çox çətin, hətta mümkünsüz ola bilər.

Sual yaranır ki, bəs, ABŞ daha əvvəl niyə bu yola əl atmayıb? Adətən müharibə bütün digər vasitələr tükəndikdən sonra son çarə kimi seçilən üsuldur. Halbuki ABŞ və İsrailin fevralın sonunda İrana qarşı hərbi əməliyyatlara başlamasından öncə digər yollar və vasitələr tükənməmişdi. ABŞ müharibəyə başlamadan da Hörmüzdə İrana qarşı blokada tətbiq edə bilərdi, necə ki, əvvəl Venesuelaya qarşı bu metoddan istifadə etmişdi. Bu halda rejim ya ciddi güzəştlərə məcbur olacaqdı, ya da tam iqtisadi çöküşlə üzləşəcəkdi.

Bu gün ortada olan həqiqət bundan ibarətdir ki, Tramp hər hansı strategiyaya malik olmadan, rejimin mümkün əks addımlarını qabaqcadan hesablamadan müharibə əmri verib. Müharibənin başlamasından və rejimin müqavimət potensialının ortaya çıxmasından sonra yaranan xaos məhz strategiyasızlığın, mükəmməl hazırlıq aparılmamasının nəticəsidir. Hazırda qəbul olunan qərarlar və atılan addımlar vəziyyəti düzəltməyə yönəlib. Bunun nə dərəcədə yetərli olacağını və Trampın öz məqsədlərinə çatıb-çatmayacağını yaxın həftələrdə görəcəyik.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Putin Ermənistanın "Ukrayna ssenarisi" ilə üzləşə biləcəyinə eyham vurub 

11 May 2026

Açıq mənbə

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropaya inteqrasiya ilə bağlı seçim etməli olduğunu deyib.  O, Qələbə Günü paradından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Yerevan "geosiyasi istiqamətinin nə olduğuna ən tez zamanda qərar verməlidir".  “Mənim fikrimcə, həm Ermənistan əhalisinə, Ermənistan vətəndaşlarına münasibətdə, həm də əsas iqtisadi tərəfdaş kimi bizə münasibətdə mümkün qədər tez qərar vermək düzgün olardı. Məsələn, referendum keçirə bilərlər", - o qeyd edib.  Putin əlavə edib ki, belə bir referendumun nəticəsi Moskvaya “müvafiq nəticələr çıxarmağa” və “yumşaq, ağıllı və qarşılıqlı faydalı ayrılığı” davam etdirməyə imkan verəcək. Rusiya lideri, həmçinin, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə bağlı ambisiyalarının gələcəkdə Avrasiya İqtisadi...
Dünya

Paşinyan: "Ermənistanı 'banan respublikası' olmaqdan xilas etdik"

8 May 2026

sosial media

Ermənistanda parlament seçkiləri öncəsi siyasi partiyaların təbliğat kampaniyasına start verilib.  Bu münasibətlə sosial media hesabında videomüraciət edən baş nazir Nikol Paşinyan başçılıq etdiyi hökumətin son 8 ildəki uğurlarını sadalayıb.  Onun sözlərinə görə, hökumətin ən böyük uğuru "Ermənistanın müstəqillik tarixində ilk dəfə olaraq sülhün təmin olunmasıdır". Paşinyan müxalifətin Ermənistanda 2018-ci ildən, yəni Paşinyan hakimiyyətə gəlməzdən əvvəl sülh olduğu barədə fikrini təkzib edib.  “Əsgərlərin hər il öldürüldüyü və yaralandığı bir yerdə siz sülh görmüsünüz? Bizdə sülh yox idi, bizdə davamlı müharibə və müharibənin eskalasiyasının daimi təxirə salınması var idi və həmin təxirəsalmanı biz 2016-cı ilin Aprel Müharibəsində gördük", - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo