İqtisadiyyat

Azərbaycan iqtisadi inkişafda Gürcüstan və Ermənistanın gerisinə düşüb

17 aprel, 2026
664

Açıq mənbə

Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz aşağı düşüb, qeyri neft-qaz sektorunda isə cəmi 0,2 faiz artıb. 2025-ci ildə Azərbaycanda ÜDM cəmi 1,4 faiz artmışdı və bu, MDB ölkələri arasında Rusiyadan sonra ən aşağı göstərici idi. Ötən il Azərbaycanda adambaşına düşən ÜDM 7400 ABŞ dolları həcmində olub.

Cənubi Qafqaz regionu üzrə müqayisə aparanda Azərbaycanın qonşularından nə qədər geri qaldığı bariz görünür. Məsələn, bu ilin ilk iki ayı ərzində Gürcüstanda ÜDM 8,4% artıb. Fevral ayında iqtisadi aktivlik bir il əvvəlin eyni dövrü ilə müqayisədə  8,8% çox olub. “Moody's” beynəlxalq reytinq agentliyi 2026-cı ildə Gürcüstanda iqtisadi artımı 6%, Avropa Yenidənqurma və İnkişaf Bankı 5,5% həcmində proqnozlaşdırır. Adambaşına düşən ÜDM-in isə 11300 ABŞ dollarını keçəcəyi gözlənilir.

Ermənistanda iqtisadi aiktivlik bu ilin yanvar-fevral aylarında bir il əvvəlin eyni dövrü ilə müqayisədə 7,4% çox olub. Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə Ermənistanda iqtisadi artımı 5,3% həcmində proqnozlaşdırır. Adambaşına düşən ÜDM-in isə 10410 dollar olacağı gözlənilir.

Maraqlıdır ki, prezident İlham Əliyev yanvarın əvvəlində yerli televiziya kanallarına müsahibəsində iqtisadiyyatın vəziyyətindən məmnun olduğunu bildirmişdi: “Mən, ümumilikdə, iqtisadi inkişafdan razıyam. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Biz neft hasilatının sabitləşdirilməsi üzərində işləyirik, - bu, mümkündür, - və təbii qaz hasilatının artırılması istiqamətində də addımlar atırıq. Neft hasilatı sabitləşdikdən sonra ÜDM üzrə daha yüksək rəqəmləri görəcəyimizi düşünürəm...”

Bu açıqlama bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti iqtisadiyyata baxışını dəyişməyib və hər hansı islahatlara, köklü dəyişikliklərə ehtiyac görmür. Yer altından çıxarılan xammalın satışına əsaslanan ənənəvi, köhnəlmiş iqtisadi model davam edəcək. Dövlət başçısı hesab edir ki, yeganə problem neft hasilatının azalmasıdır. Yeri gəlmişkən, Azərbaycanda hasilat bu ilin birinci rübündə də aşağı enməyə davam edib və 300 min tondan çox azalıb. Bu temp davam edərsə, ilin yekununda 1,2 milyon ton azalma proqnozlaşdırılır. (Ümumilikdə 2020-2025-ci illərdə Azərbaycanda neft hasilatının orta illik azalma tempi 1,17 milyon ton təşkil edib). İlin ilk üç ayı ərzində neft-qaz sektoruna daxil olan malların ixrac dəyəri 1 milyard 73 milyon 774 min dollar və ya 19,1 faiz aşağı düşüb.

İrandakı müharibə və Hörmüz boğazının bağlanmasından sonra neftin kəskin bahalaşması tam zamanında Azərbaycan hakimiyyətinin imdadına yetişdi. Ay yarım ərzində «Brent» markalı neftin qiyməti 95 dollardan yuxarı oldu. “Azeri Light” isə «Brent» fyuçerslərindən xeyli yüksək qiymətə satıldı. Şübhəsiz ki, qiymət artımı 2026-cı ilin 2-ci rübünə aid neft-qaz gəlirləri statistikasında özünü göstərəcək və bu, ÜDM rəqəmlərinə də müsbət təsir edəcək.

Yüksək qiymətlərin nə qədər davam edəcəyi İran məsələsinin həlli prosesindən asılıdır. Hazırda tərəflər arasında danışıqlar davam edir və ilkin nəticələr də var. İranın xarici işlər naziri Abbas Araqçi aprelin 17-də Hörmüz boğazının atəşkəs dövründə ticarət gəmiləri üçün açıldığını bəyan edib. Bu mərhələdən sonra hərbi əməliyyatların bərpası ehtimalı azdır, Tramp administrasiyası da bunda maraqlı görünmür. Respublikaçılar Konqresə seçkilərlə bağlı kampaniya dövrünə müharibə şəraitində girmək istəmir. Müharibə ABŞ daxili bazarında benzinin xeyli bahalaşmasına səbəb olub ki, bu da indiki administrasiyadan narazılığı artıraraq respublikaçıların nəinki Konqresin Nümayədələr Palatasını, hətta Senatı da itirməsi riskini yaradıb. Ona görə də, yaxın günlərdə və ya həftələrdə ABŞ və İran arasında anlaşma əldə olunması ehtimalı var.

Başqa sözlə, yüksək neft qiymətləri uzun müddət davam edə bilməz və artıq Abbas Araqçinin açıqlamasından sonra ucuzlaşma başlayıb. Artan qiymətlər Azərbaycan hakimiyyəti üçün qısa müddət rahatlıq yarada bilər, bəs, sonra? Movcud iqtisadi modeli köklü şəkildə dəyişmədən və ölkədə heç olmasa, minimal səviyyədə hüquq və azadlıqları, məhkəmə müstəqilliyini bərqərar etmədən iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil.

Amma Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri ondan ibarətdir ki, hazırkı hakimiyyətin belə bir niyyəti, məqsədi yoxdur və onlar iqtisadi inkişafı, vətəndaşların rifah səviyyəsinin yüksəlməsini öz siyasi maraqları baxımından risk sayırlar. Bu isə o deməkdir ki, xalq yoxsullaşmağa davam edəcək.

Azərbaycan öz qonşuları Gürcüstan və Ermənistandan geri qalmağa məhkumdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo