İqtisadiyyat

Azərbaycan qonşu ölkələrdən geri qalır: ÜDM azalır, artım zəifləyir

15 aprel, 2026
673

Açıq mənbə

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk rübündə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcminin azalması müşahidə olunub. Qurum bildirir ki, yanvar–mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq ÜDM istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalma deməkdir.

Həmçinin 2026-cı ilin ilk rübündə neft-qaz sektorunun ÜDM-dəki payı 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 0,2 faiz artım qeydə alınıb. Buna baxmayaraq, qeyri-neft sektorundakı artım ümumi ÜDM-dəki azalmanı kompensasiya etməyə kifayət etməyib.

Müqayisə üçün, 2025-ci ilin eyni dövründə ölkədə 29 milyard 892,9 milyon manatlıq ÜDM istehsal olunmuş və iqtisadiyyat 0,3 faiz artım göstərmişdi. Həmin vaxt neft-qaz sektorunda 3,8 faiz azalma qeydə alınsa da, qeyri-neft-qaz sektorundakı 2,5 faizlik artım ümumi göstəricinin müsbət qalmasını təmin etmişdi.

Rəsmi rəqəmlər həmçinin Azərbaycanın ÜDM artım tempinin region ölkələri ilə müqayisədə daha zəif olduğunu göstərir.

Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstan iqtisadiyyatı 8,4 faiz, Ermənistan iqtisadiyyatı isə 7,4 faiz artım göstərib. Azərbaycanda isə neft-qaz sektorundakı azalma ümumi daxili məhsulun 0,3 faiz geriləməsi ilə nəticələnib.

İqtisadçı Rövşən Ağayev “Toplum TV”-yə bildirir ki, ümumi daxili məhsulun tək bir rübdə 0,3 faiz azalmasını resessiya (iqtisadi fəallığın davamlı geriləməsi- red) kimi qiymətləndirmək üçün əsas yoxdur. Onun sözlərinə görə, resessiya adətən ÜDM-in ən azı 2-3 rüb ardıcıl azalması zamanı formalaşır və bu səbəbdən hazırkı vəziyyəti resessiya kimi qiymətləndirmək erkəndir. Azərbaycanda iqtisadi artımın zəifləməsi son illərin əsas problemlərindən birinə çevrilib və bu, əsasən neft hasilatının azalması fonunda baş verir.

Ekspert bildirir ki, potensial resessiyanın qarşısının alınmasında əsas çıxış yolu qeyri-neft sektorunun inkişafıdır. Onun sözlərinə görə, əgər hökumət bu sektoru inkişaf etdirmək üçün real imkan və siyasi iradə ortaya qoymasa, Azərbaycan yaxın illərdə Cənubi Qafqaz regionunun iqtisadi baxımdan ən zəif ölkəsi, həlqəsi olaraq qalacaq.

“Qeyri-neft sektorunun inkişafı yalnız bəyanatlar və yaxşı yazılmış proqramlarla baş vermir. Bunun üçün siyasi iradə olmalıdır. Hökumət siyasi fiqurları iqtisadiyyatdan geri çəkməli, biznes tam şəkildə siyasətdən və siyasi təsirlərdən təmizlənməlidir. Oliqarxiyaya bağlı kapitaldan imtina edilməli, azad rəqabət mühiti formalaşdırılmalı, hüquq-mühafizə və vergi orqanlarının biznesə müdaxilə imkanları minimuma endirilməlidir. Qanunsuz müdaxiləyə heç bir şərait qalmamalıdır.

Hökumət biznesə mümkün olan bütün dəstəyi verməlidir - kredit dəstəyi, ixracın stimullaşdırılması üçün xüsusi proqramlar, maarifləndirmə, bilik və bacarıqların artırılması, texniki və texnoloji dəstək, eləcə də startapların inkişafı üçün xüsusi proqramların hazırlanması daxil olmaqla. Bunlar baş verməsə, qeyri-neft sektoru inkişaf etməyəcək”, - deyə Rövşən Ağayev bildirib.

Ekspert qeyd edib ki, iqtisadi inkişafın tək göstəricisi ÜDM-dəki artım deyil, işsizlik səviyyəsi də iqtisadi inkişafı müəyyən edən əsas göstəricilərdəndir:

“Çox təəssüf ki, Azərbaycanda statistika siyasiləşib və biz real işsizlik səviyyəsini tam görə bilmirik. Müstəqil təhlillər göstərir ki, qeyri-rəsmi və qeyri-formal məşğulluq sektorunda geniş işsiz təbəqə mövcuddur və bu miqyas rəsmi şəkildə etiraf olunmur. Eyni zamanda, ölkədə məşğulluğun strukturunda əsasən aşağı ixtisaslı, fiziki əməyə əsaslanan işlər üstünlük təşkil edir və bu işlər az məhsuldar, aşağı gəlirlidir. Bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi problemdir”.

İqtisadçının fikrincə, işçi qüvvəsinin peşə və ixtisas strukturu dəyişməlidir. “Xüsusilə süni intellekt və yüksək texnologiyaların inkişaf etdiyi dövrdə Azərbaycanda məşğul əhalinin təxminən 75-80 faizi ali və ya orta ixtisas təhsili olmayan şəxslərdən ibarətdir”, - Rövşən Ağayev qeyd edib.

İqtisadçının sözlərinə görə, hazırkı iqtisadi model ölkəni qlobal bazarda rəqabətqabiliyyətli məhsul və xidmətlər yaratmaq imkanından məhrum edir.

“Neft-qaz gəlirləri yüksək olduğu müddətdə hökumət ciddi narahatlıq hiss etməyəcək, lakin gəlirlər azaldıqda resessiya riski daha aydın görünəcək. Hazırkı iqtisadi artım qismən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iri investisiyalarla bağlıdır və bu investisiyalar uzunmüddətli deyil. Həmin investisiyaların yaxın 2-3 ildə azalması ölkənin iqtisadi artım tempinə əlavə risklər yarada bilər”, - deyə iqtisadçı vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo