İqtisadiyyat

Azərbaycanın ət idxalından asılılığı sürətlə artır

18 fevral, 2026
453

Foto: Dominic Melzer

Dövlət Statistika Komitəsinin 2025-ci ilin yekunlarına dair açıqladığı hesabat hökumətin yerli ət istehsalı ilə bağlı məlumatlarının etibarlı olmadığını deməyə əsas verir. Statistikada bir tərəfdən heyvanların baş sayının sürətlə azaldığı, digər tərəfdən isə ət istehsalının fasiləsiz artdığı qeyd olunur. Son illər əhali sayında ciddi artım olmadığı nəzərə alınarsa, rəsmi rəqəmlərə əsasən ölkənin xarici ət idxalından asılılığı azalmalı idi. Lakin gömrük statistikası bunu təsdiqləmir, əksinə rəsmi şəkildə etiraf olunmayan asılılığın daha da artdığını göstərir.

Rəsmi statistikaya görə, 2019–2025-ci illərdə ət istehsalı təxminən 15 faiz və ya 50 min ton artaraq 386 min tona çatıb. Həmin mənbəyə əsasən, eyni dövrdə idxalın dəyişməz qalaraq 70 min tondan bir qədər çox olduğu bildirilir. Halbuki eyni statistikada 2019–2025-ci illərdə iribuynuzlu mal-qaranın sayının 9,2 faiz (təxminən 200 min baş), xırdabuynuzlu heyvanların isə 18 faiz (1,6 milyon baş) azaldığı göstərilir.

Xarici ticarət statistikasına görə, 2025-ci ildə Azərbaycana ətlik və digər məqsədlərlə idxal olunan diri iribuynuzlu heyvanların sayı əvvəlki illə müqayisədə 2,1 dəfə artaraq 115,3 min başa çatıb. Bu idxala ümumilikdə 91 milyon dollardan çox vəsait xərclənib.

2025-ci ildə diri qoyun idxalı təxminən 70 faiz artaraq 307 min başa yüksəlib və buna 33 milyon dollar sərf olunub.

Kəsilmiş formada təzə iribuynuzlu mal əti idxalı 8 faiz və ya 1,1 min ton artaraq 13,1 min tona çatıb və bu məqsədlə 56 milyon dollar (ötən il 48,5 milyon dollar) xərclənib. Dondurulmuş formada iribuynuzlu mal əti idxalı isə təxminən 5 dəfə artaraq 128 tondan 580 tona yüksəlib. Öz növbəsində, kəsilmiş formada təzə qoyun əti idxalı da təxminən 2 dəfə artaraq 980 tona çatıb.

Dondurulmuş quş əti idxalı 28 min tona yaxın olub və bu idxala 48 milyon dollar sərf edilib.

Rəsmi statistikaya görə, ət idxalının 2025-ci illə müqayisədə demək olar ki, 2 dəfə az olduğu 2024-cü ildə ölkənin idxaldan asılılıq əmsalı 17 faizdən çox olub. Məntiqi nəticə ondan ibarətdir ki, idxal 2 dəfə artıbsa, ölkənin xarici ətə asılılığı da adekvat şəkildə artmalıdır. Çünki rəsmi məlumatlara görə, 2025-ci ildə yerli ət istehsalının həcmi dəyişməz qalaraq 386 min ton təşkil edib.

2025-ci ildə diri şəkildə idxal olunan iribuynuzlu mal-qaranın əsas hissəsi – 58 faizi (67 min baş) Rusiyadan gətirilib. Sonrakı yerdə Gürcüstan dayanır: ümumi idxalın 40 faizi (45 min baş) bu ölkənin payına düşüb.

Diri qoyun idxalının 58 faizi (177 min baş) Gürcüstandan, qalan hissəsi isə Rusiyadan təmin edilib. Gürcüstan 2025-ci ildə ölkəyə idxal olunan diri toyuqların da iki əsas təchizatçısından biri olub: idxal edilən 9,2 milyon baş diri toyuğun təxminən 70 faizi Türkiyədən, 15 faizi isə Gürcüstandan alınıb.

Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Azərbaycandan təxminən 2,5 dəfə az kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik olan Gürcüstanın heyvan ixracatı təkcə Azərbaycanla məhdudlaşmır. Əksinə, digər ölkələrə daha böyük həcmdə ixrac həyata keçirilir. Məsələn, 2024-cü ildə Gürcüstanın İraq və Ermənistana iribuynuzlu mal-qara ixracı Azərbaycana ixracı təxminən 4 dəfə üstələyib. Eyni şəkildə, Gürcüstan Azərbaycana ixrac etdiyi diri qoyunlar qədər ixracı Səudiyyə Ərəbistanına da həyata keçirib.

Ekspertlərin fikrincə, ən təəccüblü məqam odur ki, 6 il əvvəl Azərbaycanın torpaqları işğaldan azad olunarkən geniş kənd təsərrüfatı potensialına, xüsusilə heyvandarlığın inkişafı üçün əlverişli şəraitə malik ərazilərin ölkənin ət idxalından asılılığını azaltmaqla yanaşı, ixrac imkanlarını da genişləndirəcəyi gözlənilirdi. Lakin əks proses baş verib: aqrar sektor əlavə 600 min hektar kənd təsərrüfatına yararlı torpaq qazandığı dövrdən bəri həm sahədə tənəzzül, həm də heyvandarlıq məhsullarının idxalından asılılıq davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo