İqtisadiyyat

İnflyasiya və gəlirlər arasında uçurum: Azərbaycanda bahalaşma davam edir

7 may, 2026
379

Açıq mənbə

Son aylarda Azərbaycanda ərzaqların və gündəlik xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu bahalaşma fonunda vətəndaşların gəlirlərinin eyni sürətlə artıb-artmaması isə sual doğurur.

Toplum TV ərzaq və gündəlik xidmətlərin qiymətləri ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən vətəndaşlar bildirir ki, bəzi məhsulların qiymətləri qısa müddətdə ciddi şəkildə yüksəlib:

“Bahalaşma sürətli baş verir, dünən bir qiymətə olan məhsul, bugün gedəndə görürsən ki, daha da bahalaşıb. Qiymətlər qəpik-qəpik yox, birbaşa manatla artır. Əsasən yağın qiyməti artıb, kilosunu 20 manata aldığım yağ artıq 27 manatdır. İctimai nəqliyyatın da qiyməti artıb.”

Eyni zamanda sorğuda iştirak edənlər qeyd edib ki, qiymətlərdəki artımlara baxmayaraq, aldıqları əməkhaqqıda hər hansı artım baş verməyib.

Toplum TV-yə müsahibəsində iqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, qiymətlərin müəyyən səviyyədə artması normal hesab edilir. O qeyd edir ki, adətən 2-3 faizlik inflyasiya iqtisadiyyat üçün qəbulolunan səviyyə sayılır. İnflyasiyanın tamamilə olmaması da iqtisadi problemlər yarada bilər. Bu səbəbdən Avropa və ABŞ-də mərkəzi banklar təxminən 2 faizlik inflyasiyanı hədəf kimi qəbul edirlər.

“Amma inflyasiya yüksək olduqda bu, həm biznes, həm də vətəndaşların sosial rifahı üçün ciddi problemlər yaradır. Xüsusilə gəlirlərin artımı qiymət artımından geri qalanda vəziyyət daha da ağırlaşır. Azərbaycanda son illərdə rəsmi inflyasiya göstəriciləri 5-6 faiz civarında olsa da, qida inflyasiyası daha yüksəkdir. Məsələn, bu ilin ilk rübünün nəticələrinə görə qida inflyasiyası 6 faizdən çox olub”- deyə o əlavə edib.

Ekspert deyir ki, hökumətin açıqladığı rəqəmlərə əsasən maaşlar nominal olaraq 5-6 faiz artıb və bu qida məhsullarının bahalaşmasının maaş artımını üstələdiyini göstərir:

“Azərbaycan kimi əhalinin gəlirlərinin böyük hissəsini ərzaq və gündəlik tələbat xərclərinə sərf etdiyi ölkələrdə qida inflyasiyası insanlar üçün əsas göstəricilərdən biridir. Bu o deməkdir ki, qiymət artımı gəlirləri yeyir”.

Onun sözlərinə görə, maaşların qiymətlərdən daha az artması iqtisadiyyatda struktur və institusional problemlərin göstəricisidir:

“Buraya iqtisadiyyatda rəqabətin zəif olması, monopoliyaların mövcudluğu və etiraf olunmayan işsizlik daxildir. İnsanlar iş tapmaqda çətinlik çəkdikləri üçün istənilən maaşa razı olurlar. Azərbaycanda ən yaxşı halda məşğul əhalinin yalnız yarısı rəsmi maaş ala bilir. Digər hissə isə təsadüfi və ya qeyri-rəsmi gəlirlərlə dolanır”.

R.Ağayev qeyd edir ki, Avropa və ABŞ-də insanların 85-90 faizi rəsmi əmək müqaviləsi əsasında maaş alır və bu səbəbdən həmin ölkələrdə maaş göstəriciləri çox önəmli hesab olunur. Azərbaycanda isə məşğul əhalinin yalnız 40 faizə yaxın hissəsi rəsmi əməkhaqqı ilə çalışır.

“Rəsmi maaşla çalışan insanların gəlirləri də qiymət artımından geri qalır və bu, sosial rifah problemini dərinləşdirir. Xüsusilə az maaş alan təbəqələr arasında “işləyən yoxsulluğu” problemi daha da aktuallaşır. Bu anlayış işləyən insanların qazancının normal həyat səviyyəsini təmin etməsinə  kifayət etməməsi deməkdir”, – deyə bildirib.

Ekspertin fikrincə, Azərbaycanda şəffaf statistika olmadığı və yoxsulluq normal şəkildə ölçülmədiyi üçün işləyən yoxsulluq məsələsi də ölkədə ümumiyyətlə aktual deyil. O bildirir ki, qlobal bazarda da ərzaq məhsullarının qiymətində artım müşahidə olunur:

“Dünya Ərzaq Təşkilatı qida məhsullarının qiymət indeksini ölçüb. Dünya bazarında ətin qiyməti təxminən 12 faiz, tərəvəz məhsulları isə 20 faizə yaxın bahalaşıb. Süd məhsullarında isə əksinə, ucuzlaşma qeydə alınıb. Azərbaycan idxaldan asılı ölkədir.  Məsələn, Gömrük Komitəsinin məlumatları əsasında Dövlət Statistika Komitəsinin hesablamalarına görə, son 5-6 ildə Azərbaycanda idxal inflyasiyası 20 faizdən aşağı düşməyib. Gündəlik tələbat mallarının böyük hissəsi idxal hesabına təmin olunur. Buna görə də qlobal bazardakı bahalaşma Azərbaycana da təsir edir”.

R.Ağayev bildirib ki, bu gün qlobal gərginlik dövründə İranla müharibə, Hörmüz boğazının bağlanması və təchizat zəncirlərinin yenidən pozulması kimi amillər dünyada qlobal miqyasda inflyasiyanın artmasına təsir göstərir.

“Əgər yanacaq və enerji daşıyıcılarının qiyməti uzun müddət yüksək qalarsa (məsələn, neft 100 dolların, qaz isə 600 dolların üzərində), bu, yaxın dövrdə qlobal inflyasiyanın daha da yüksəlməsinə səbəb olacaq və təbii ki, bu proses bizə də təsirsiz ötüşməyəcək.”

Onun sözlərinə görə, inflyasiya probleminin həlli üçün iqtisadiyyatda rəqabət mühiti gücləndirilməli, yerli istehsal inkişaf etdirilməli və biznes üçün maneələr aradan qaldırılmalıdır:

“Bu məsələdə dövlətin əsas vəzifəsi sağlam və rəqabətli iqtisadi mühit yaratmaq, biznesə şərait yaratmaq və tranzaksiya kimi xərcləri azaltmaq, iş yerlərini açmaq üçün biznesin bürokratik maneələri aradan qaldırmalıdı, yerli istehsalı gücləndirmək və xüsusilə vacib ərzaq məhsulları üzrə gömrük və vergi rüsumlarını azaltmaqdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo