Manşet

“Dörd divar” arasında sıxışan Azərbaycan teatrı – məkanlar qapalı, küçəyə çıxmağa icazə yox

27 Avqust, 2021
3844

Açıq mənbələrdən götürülüb

İl yarımdır ki, Azərbaycanda teatr pərdələri tamaşaçıların üzünə bağlıdır.

Bu il iyunun 10-dan metropoliten, böyük ticarət mərkəzləri kimi əhalinin sıx olduğu yerlərlə bağlı qadağalar götürülüb. Hətta məktəb və universitetlərin də yeni dərs ilində açılacağı gözlənilir.

Nədənsə yumşalma qərarları hər dəfə mədəniyyət sektorundan yan keçir. Daha az sayda adamın toplaşdığı, karantin qaydalarına uyğunlaşa biləcək teatr binalarının qapıları bağlı qalır.

Avqustun 20-də keçirilən Operativ Qərargahın birifinqində də bu sahədəki qadağaların aradan qaldırılması ilə bağlı müzakirələrin aparılmadığı bildirilib.

 “Teatrsızlıq ruhumuzu xəstələndirir”

Teatrsevər Sevda Əliyeva “Toplum TV”-yə danışır ki, il yarımdır teatrsız qalmaq onun səbrini tükədib: “Pandemiya və müharibə hamımıza pis təsir edib, bizi yorub. Məhz bu məqamda biz teatrlara üz tutmalı, ruhsal dincliyimizi təmin etməliyik. İctimai nəqliyyatda hamı iç-içədir, burada xəstəlik yoxdur bəs? Metro, avtobusdan istifadə vacibdir, başa düşürəm, amma teatrsızlıq da bizim ruhumuzu xəstələndirir axı”.

Toplum TV

Teatrların bağlı qalması S. Əliyevanı ruhdan salmayıb. O, imkan tapdıqca aktyorlarla birgə müharibədə həlak olan döyüşçülərin ailələrini ziyarətə gedir, oradakı uşaqlar üçün kiçik performanslar hazırlayır. Bununla da qapısı bağlı qalmış teatrı evlərə daşıyır, kiçik tamaşaçıların sevincinə səbəb olur.

 “Teatrlar açılmalıdır”

“Yuğ” Dövlət Teatrının rejissoru Gümrah Ömər də hesab edir ki, teatrlar açılmalı, sənətkarlar yaradıcı işlərinə qayıtmalıdırlar. Onun sözlərinə görə, karantin qaydalarına əməl etməklə buna nail olmaq mümkündür.

Ədəbiyyat qəzeti

“Teatrların açılması ilə bağlı istəklərimizi rəhbərliyə çatdırırıq. Rəhbərlik də bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət edib, amma hələlik bir nəticə yoxdur”,- rejissor belə deyir.

O danışır ki, teatrların bağlı qaldığı il yarım ərzində heç də boş dayanmayıb, pedaqoji fəaliyyətini davam etdirib, gənclər üçün diplom tamaşası hazırlayıb. Rejissorun fikrincə, istəyən özünə məşğuliyyət tapır.

“Teatrı izləyicisi ilə görüşdürməmək onun canını almaqdır”

İtaliya, İraq, Çin, Albaniya, Bəhreyn, Misir, Kipr, Şimali Makedoniya, Norveç kimi ölkələrdə teatrlar sərbəst fəaliyyət göstərir.

Türkiyə də karantin qaydalarına uyğun olaraq teatrların fəaliyyətinə icazə verən ölkələrdəndir.

Orada çalışan azərbaycanlı aktrisa Roza İbadova tamaşalarını hansı şəraitdə təqdim etdiklərini “Toplum TV”-yə danışır. O deyir ki, ötən il pandemiya vaxtı çox sıxıntılar olub, bir müddət teatrların fəaliyyəti dayandırılıb. Amma bu ildən kinoteatrlar, dövlət teatr səhnələri tamaşaçıların üzünə açıqdır.

Açıq mənbələrdən götürülüb

“Təbii ki, hər yerdə olduğu kimi teatrlarda da tədbirlər görülüb. Salonda olan iki stuldan ancaq birində əyləşmək olar. Teatrın girişində hər kəsə maskanın vacib olduğu deyilir və əllər dezinfeksiya olunur. Burada hər kəsin telefonunda “Hayat eve sığar” proqramı var ki, orada hamının “HES” kodu var. Qapıda dayanan adam aparatla hamının “HES” kodunu yoxlayır və sənin bütün tibbi məlumatlarını görür. Məlumatları gördükdən sonra da izləyiciləri salona buraxır”.

Aktrisanın sözlərinə görə, teatrı izləyicisi ilə görüşdürməmək onun canını almaq deməkdir.

“Hazırda bəzi özəl teatrlar açıq havada tamaşaçıların önünə çıxırlar. Dövlət teatrlarında da məşqlər başlanıb. İnanıram ki, tezliklə Azərbaycanda da teatrların fəaliyyəti bərpa olunacaq”.

“Hər şey istifadəyə buraxıldı, çanaq yenə də teatrın başında partladı”

Hazırda Azərbaycanda karantin qaydalarına uyğunlaşaraq tamaşalarını nümayiş etdirən müstəqil teatrlar da var.

Bunlardan biri də “Cosmo theatre”-dir. Teatrın bədii rəhbəri Ümüd Abbas deyir ki, onlar tamaşalarını karantin qaydalarına riayət edərək, minimum tamaşaçı üçün hazırlayırlar.

Sosial şəbəkədən götürülüb

“Fərqi yoxdur, tamaşaçı sayı 2 oldu, ya 10, biz işimizi görürük. Tamaşa vaxtı zalda olan 10 nəfər də bizə 200 kimi görünür – teatr eşqi başqa olur. Onsuz da çox tamaşaçı almaq üçün yerimiz yoxdur. Hələ ki, kafe, restoran, “pub”larda oynayırıq”.

Aktyorun sözlərinə görə, karantin qaydalarına riayət etdiklərindən hüquq-mühafizə orqanları onların işinə mane olmur.

Bununla belə o, teatrlara qoyulan məhdudiyyətin aradan qaldırılmasını istəyir. Dediyinə görə, indiki tamaşalardan maddi qazanc götürə bilmir. Bir tamaşadan qazandığı pul ancaq növbəti performansın xərclərinə bəs edir.

“Hər şey istifadəyə buraxıldı, çanaq yenə də teatrın başında partladı. Bəlkə də, yaddan çıxıb bir kənarda qalıb. Quldarlıq dövründə zəncirə bağlanan ac adamlar kimi gözləyirik. Gözləyirik ki, zəncir qırıla, biz də teatra qaçaq”.

Azərbaycanda bir neçə müstəqil teatr fəaliyyət göstərir. Onların sayı dövlət teatrlarından qat-qat azdır və bir çoxu məkan tapa bilmədiyindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Mədəniyyət Nazirliyindən isə "Toplum TV"-yə bildirilib ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Bununla əlaqədar da nazirlik tərəfindən Operativ Qərargaha müraciət edildiyi deyilir.

“Dörd divar” arasında sıxışan Azərbaycan teatrı...

Teatrları hələ də qapalı olan ölkələr “dörd divar”ı (aktyorlarla tamaşaçılar arasında olan xəyali divar dördüncü divar adlandırılır- red.) yıxıb küçə tamaşalarına çıxırlar.

Azərbaycanda isə nə teatrlar açılır, nə küçə tamaşalarına icazə verilir...

Gümrah Ömər deyir ki, küçə performansları özünüifadənin bir formasıdır. Teatr öz varlığını harada mümkündürsə, orada da təqdim etməlidir.

Azərbaycanda 2012-ci ildə “Bakı Teatr Sexi” fəaliyyətə başlamışdı. Teatr küçələrdə pantomim janrında nümayişlər göstərirdi.

Sosial şəbəkədən götürülüb

Lakin izləyicilərin marağına səbəb olan teatr bir müddət sonra maddi çətinlik ucbatından fəaliyyətini dayandırıb.

ADO (Azərbaycan Dağınıq Oda) teatrı isə 2018-ci ildən bu yana küçə tamaşaları üçün azadlıq tələb edir.

Teatr küçə performansları üçün həm Mədəniyyət Nazirliyinə, həm də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Hər iki qurum məsələnin həllini boynundan atmışdı.

Ötən il 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı küçə tamaşaları ilə bağlı iddiasını təmin etsə də, BŞİH məhkəmənin qərarından apellyasiya şikayəti verib. Beləliklə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilib – ADO yenə küçəyə çıxa bilməyib.

jam-news

Bu il iyulun 13-də və 15-də teatrın yaradıcısı Elmin Bədəlovun ADO-nun doqquzuncu ildönümünə həsr olunmuş 2 küçə performansı da polis müdaxiləsi ilə müşayiət olunub

ADO pandemiya vaxtı bir neçə mono tamaşa hazırlasa da, məkan problemi yaşadığı üçün yarımçıq qalıb...


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo