Akif Qurbanov: "TV materialları eyni mərkəzdən, bir əldən çıxan mətn əsasında hazırlanır"
Foto: VOA
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri, “Toplum TV işi” üzrə həbsdə olan Akif Qurbanov hakimiyyət təbliğatı haqqında ictimaiyyətə açıq məktub yazıb.
A.Qurbanovun “Facebook” səhifəsində paylaşılan məktubu olduğu kimi təqdim edirik.
ABŞ Prezidenti Abraham Linkolnun yaxşı bir deyimi var: Demokratiya “bütün insanları bir müddət aldada bilərsiniz, bir qismini daim aldada bilərsiniz, amma bütün insanları daim aldada bilməzsiniz” prinsipi üzərində qurulub. Lakin avtoritar hökumətin media üzərində nəzarəti Linkolnun məntiqini pozur. Çünki bu, vətəndaşların həqiqətin fərqinə varmasını əngəlləyir. Medianı monopoliyasına keçirən oliqarxik hakimiyyətlər uğursuzluqlarını başqalarının üzərinə ataraq diqqəti gerçəklikdən uzaq təsirlərə, qüvvələrə yönəldir. Bunu necə edir?
Həbsxanada gündəlik əsas məlumat mənbəyi ölkə daxili mövcud TV kanallarıdır. Çöldən dostlar vasitəsilə alternativ məlumatlar da alıram. Hər gün isə ölkə içi xəbərləri 9 yerli kanalın menyusundan izləyirəm. Heç biri o birindən fərqləmir. Fərq sadəcə xəbərə ayrılan vaxtla bağlıdır. Bəzisi çox vaxt ayırır, bəzisi isə az. Lakin kanalların hamısında ortaq iki əsas xüsusiyyət var:
1. Hakimiyyətin istənilən sahəyə yönəlik siyasətinə aid hər cür informasiya məlumat və ya xəbər olaraq deyil, təbliğat və propaqanda məhsulu kimi təqdim olunur. Necə ki, Sovet dövründə qəzet sadəcə əsas təbliğat aləti idi, indi də TV-lərə eyni cür baxılır.
2. Baxdığım 9 TV kanalının hamısında xəbər eyni cür, eyni cümlələrlə, eyni mesajla verilir. Bu isə o deməkdir ki, TV materialları eyni mərkəzdən, bir əldən çıxan mətn əsasında hazırlanır. Bunlara baxan əhali belə təbliğat məlumatlarının təsiri altına düşür, alternativ məlumatlara sahib olmayanda müqayisə edə bilmir. Nəticədə, ona sırınan xəbəri həqiqət kimi qəbul edir. Necə ki, vaxtilə deyilirdi: “Bu məlumat Pravdada gedib, deməli düzdür”. Eləcə də indi nə qədər adam deyir ki, TV-də göstəriblərsə, deməli düzdür.
Bir anlıq özümü qoyuram onların yerinə. Sorğulamağa vərdiş etməmiş hər hansı insan bu TV materialına baxanda başqa cür necə düşünə bilər? Üstəlik nəzərə alsaq ki, oxşar xəbərlər 9 TV kanalda eyni cür göstərilir, xəbər istehlakçısı o verilən “yeməyi” necə yeməsin, menyuda başqa yemək verilmirsə?
Yeməməsi üçün onda alışılmış alternativ düşüncə, tənqidi yanaşma, sorğulama vərdişləri olmalıdır. Bu vərdişləri isə harada qazanırıq?
1. Ailədə - onlara aşılanan “böyüklərin sözünə qulaq asmaq lazımdır” fikridir. Əks halda böyüyün üzünə qayıtmaq kimi qəbul edilir. Böyük sözü isə ailədə, baxçada, məktəbdə müəllim, direktor, işdə müdir, rəis, siyasətdə rəhbər və s. kimi başa düşülür.
2. Təhsil ocaqlarında - nə akademik azadlıqlar var (həm müəllim, həm şagird, həm tələbə üçün), nə təşəbbüs sərbəstliyi, nə də tənqidi düşüncə və açıqlıq. Cəmiyyət həyatında, dövlət idarəçiliyində də nə sərbəst seçki var, nə də sərbəst müzakirə mühiti, təşəbbüslərə imkan və s.
Bütün bunların fonunda sərbəstlik yaradılmayan şəraitdə kimlərsə riskləri gözə alaraq diqtə olunan şərtləri pozmağa çalışanda cəzalandırılır. Belə mühitdə böyüyən insanlar təbliğat materiallarının təsirinə məruz qalmaya bilməzlər. Reklamlar hansı mexanizmlə insanlara təsir edirsə, təbliğat materialları da o cür edir. Bu, insan beyninin işləmə mexanizminə dayanır. Elmi araşdırmalar bunu açıq təsdiq edir. Ona görə də başdan başlamaqda fayda var.
Bütöv sistemi, cəmiyyəti, ölkəni birdən-birə dəyişmək çətin görünürsə, ən azından özümüzdən, ailəmizdən, yaxın ətrafımızdan başlamalıyıq. Uşaqlarımıza, gənclərə sorğulamağı, tənqidi təfəkkürü, sərbəst düşünməyi, təşəbbüskar olmağı öyrətməliyik. Stereotiplərdən qorxmamalıyıq: “Tərbiyələri pozular”, “mentalitet əldən gedər”, “böyüksüz olarlar” və s. Əksinə, özünə inamlı olan, həqiqətlə yalanı, şərlə xeyri ayırd edə bilən insan ləyaqətin, şərəfin, vicdanın, ədalətin nə olduğunu daha yaxşı dərk edəcək.
Bunları bilən, özündə yaşadan böyüklərə də, kiçiklərə də daha çox hörmətli, mərhəmətli, xeyirxah, dürüst və ədalətli davranacaq. Özünü yaxşı, istədiyi kimi ifadə edə bilən insan həm də sevgi dolu olacaq. Nə qədər ki, ona özünü ifadə etməyə imkan verilməyəcək, o qədər də hisslərini paylaşa bilməyəcək. Nə sevgisini, nə də etirazını əks etdirə bilməyəcək.
Yığılan etirazlar qəzəbə çevriləcək və onu üsyana, asiliyə itələyəcək. Beləliklə, gəlin dəyişimə özümüzdən, ətrafımızdan başlayaq. Aristotel demişkən, həyatımızı dəyişmək istəyiriksə, vərdişlərimizi dəyişməliyik. Gənclərə, uşaqlara, dostlara sərbəstliyi, təşəbbüskarlığı, tənqidi təfəkkürü, sorğulamağı öyrədək. Öyrənmək heç vaxt gec deyil.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”