“Azər Qasımlı işi”: “Zərərçəkən” hədə-qorxu barədə sübutunun olmadığını etiraf edib
Foto: açıq mənbə
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda sənədlərin tədqiqi mərhələsi aparılıb.
Hakim sənədləri oxuduqca müdafiə tərəfi zərərçəkən qismində çıxış edən, A.Qasımlının ona borca görə hədə-qorxu gəldiyini iddia edən Qurbanəli Yusifova suallar ünvanlayıb.
Məlum olub ki, Q.Yusifov daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı ərizədə A.Qasımlının onu ofisdə təhdid etdiyini yazıb. A.Qasımlı “zərərçəkən”dən bu iddia ilə bağlı fiziki sübutun və ya hal şahidinin olub-olmadığını soruşub, o isə “yox” cavabı verib.
Həmçinin aydın olub ki, Q.Yusifov siyasətçinin onu Türkiyədəki mafiya vasitəsilə zəng etdirərək təhdid etdiyini də iddia edib. A.Qasımlı yenidən sübut tələb etdikdə, “zərərçəkən” istintaq materiallarında bununla bağlı ekran görüntüsünün (“skrinşot”) olduğunu deyib. Lakin proses zamanı sənədlər arasında belə bir “skrinşot” aşkar edilməyib.
Bundan başqa, müdafiə tərəfi məhkəmənin diqqətinə çatdırıb ki, Q.Yusifov daxili işlər nazirinə ünvanladığı ərizədə və ibtidai istintaqda mafiya vasitəsilə zəngin Antalyada olduğu vaxt baş verdiyini yazsa da, məhkəmədə verdiyi ifadədə zəngin Bakıda olarkən edildiyini bildirib.
Sənədlərin tədqiqi zamanı o da məlum olub ki, Q.Yusifov ərizəsində A.Qasımlının onu ofisdə təhdid edərkən yanında başqa şəxslərin olduğunu qeyd edib, lakin ibtidai istintaqa verdiyi ifadədə həmin vaxt ofisdə başqa heç kimin olmadığını deyib.
Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.
Azər Qasımlı ötən ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ilə ittiham olunur.
Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.
“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.
S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.
Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.
“Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər”, - S.Qasımlı deyib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında Azər Qasımlının həbs edilməsi ilə bağlı tapşırıq alan hüquq-mühafizə orqanları işi yenidən açıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Foto: açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu