Manşet

Ruslan İzzətli: “Müharibədə düşünürdüm ki, 1993-cü ildən qalan Qarabağ problemini 2001–2002-ci illərdə doğulanlar həll edir”

11 Noyabr, 2025
249

Foto: sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının üzvü Ruslan İzzətli həbsxanadan İkinci Qarabağ Müharibəsindən xatirələrini paylaşmağa davam edir. 

R.İzzətlinin xatirələrinin üçüncü hissəsi onun “Facebook” səhifəsində paylaşılıb.

Yazının birinciikinci hissələrini saytıımızda oxuya bilərsiniz. 

Mayor İsgəndərov bizə dedi ki, mən də Qarabağdanam, sizin qədər mən də döyüşə qatılmaq istəyirəm. Amma əmr gəlməlidir. Kor-peşman qayıtdım cəmləşmədə hər bölüyün özü üçün hazırladığı düşərgəyə…

Cəmləşmədə hər əsgər özü üçün “ev” qurmuşdu. 2 kv. metr ərazidə hər kəs torpağı məzar kimi qazıb, içinə saman töküb orada yaşayırdı. Hər qazdığımız “məzara” girəndə düşünürdüm ki, öz əli ilə 19 yaşlı gəncin məzarını qazıbsa, onu ölümdən nə qorxusu ola bilər?

Gecə o “məzar”ın içində uzananda ulduzları seyr edərək düşünürdüm - 1993-cü ildən qalan Qarabağ problemini artıq 2001–2002-ci illərdə doğulan gənclər həll edir…

O gənclərin xəyalı, arzuları var idi…

Cəmləşmədə yan-yana yatdığımız əsgərlərdən kimisi şəhid oldu, kimisi qazi oldu…

Gecələr dəhşət soyuq olurdu. Şəhid üstümüzə düşəndə tək qoruyacağımız silahımız olurdu. Çünki düşünürdük ki, silaha şəhid düşərsə, döyüşdə bizi yarı yolda qoyar. Özümüzdən çox silahımızı, qələbəni düşünürdük…

Düşmən tərəfindən atılan minamyot atəşləri yaxınlıqlara düşürdü. Artıq o səsə öyrəşmişdik. Gecə soyuqdan ocaq qalaya bilmirdik. Çünki Qarakənd istiqamətindən düşmən ocağı görüb bizə hücum edə bilərdi. Gecə tam zülmət olurdu, yalnız qırıq radiomuzdan qələbə xəbərlərini dinləyirdik; paralel olaraq da minamyot səsləri eşidilirdi…

Bizim yaxınlığımızda hərbi hissə komandirimizin müşahidə məntəqəsi var idi. O zaman komandirimiz polkovnik-leytenant Vüsət Xanıyev idi. Savadlı və cəsur bir hərbçi idi. “Branojil”etsiz düşmən üzərinə qorxmadan gedən komandirim haqqında sizə gələcək yazılarımda danışacağam.

Danışacağam. Bilin ki, ordu yalnız Nəciməddin Sadıqovlardan ibarət deyil; Vüsət kimi cəsur hərbçilərimiz də var…

Artıq ölümün bir addımlığındayıq. Çünki çay içib söhbət etdiyin dostunu 1 saniyə sonra düşmən gülləsi səndən ala bilərdi. O zaman özümə hesabat verdiyim saatlar çox olurdu. Ən çox azyaşlı oğlumla çox vaxt keçirə bilmədiyimə üzülürdüm…

Axı mən nə bilərdim ki, həyatda ölümlə göz-gözə gəlmək də olurmuş…

Ailəmlə danışırdım. Soruşurdular: “Haradasan?” Deyirdim ki, Beyləqanda xəstəxanada yaralılara kömək edirəm, döyüş ərazisindən uzağam. Anam, yoldaşım hər dəfə deyirdi: “Əməliyyatdan təzə çıxmısan, üstünü ört, özünü soyuqdan qoru…”

Onlar bunu deyəndə mənim döşəyim saman qırıntıları ilə dolu, yorğanım isə köhnə, nazik idi.

Yoldaşımla danışanda xəyallar qurardı. “Xidmətdən gəlincə bunu edərik, onu edərik,” deyirdi…

O, 1-2 ilin xəyallarını qururdu, mən isə 1 dəqiqə sonra nə olacağını bilmirdim…

Bir gecə gördüm ki, gənc bir əsgər dostumuz təlaşla nəsə axtarır. Soruşdum: “Nə axtarırsan?”

İlk düşündüyüm budur ki, yəqin hərbi nəsə itirib. Çünki əsgər ona təhkim olunan hərbi sursatı itirməsi cinayət sayılırdı. 
Dedi: “Boyunbağımı itirmişəm.”

Boyunbağı da içində ad-soyad yazılan giliz idi. Dedim: “Boş ver, bir şeyə yaramır.” Qayıtdı: “Axı mən tanınmaz hala düşsəm, məni necə tanıyacaqsız?” 19 yaşlı, həyata yeni addım atan gəncin ailəsinə qovuşmaq üçün son ümid idi o giliz. Tapa bilmədi. Mən isə ondan gizli bir giliz tapıb adını, soyadını içinə yazıb ip bağlayaraq ona təqdim etdim: “Tapdım sənin boyunbağını.” Onun o andakı sevincini nə yazıq ki, sözlə ifadə edə bilmirəm…

Bir ömrü gilizə sığan oğlanların bir hissəsi şəhid oldu, bir hissəsi isə indi problemlər içində əzilir…

Öz məzarımızı qazaraq ya şəhidliyə gedəcəyik, ya da qalib əsgər kimi evə dönəcəyik… 
Bunu isə zaman göstərəcək.

Davamı olacaq…


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo