Məhkəmə

Bəhruz Səmədov: “İndiki dövrün repressiyalarını yalnız ‘Bağırovşina dövrü’ ilə müqayisə etmək olar”

11 Fevral, 2026
481

Foto: Ülviyyə Əli

Fevralın 5-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun qapalı rejimli Umbakı Penitensiar Kompleksinə köçürülməsi haqda qərardan şikayətinə baxılıb. 

Prosesdə fəalın şikayəti təmin olunmayıb. 

Səmədov qərardan sonra məhkəmədə çıxış edib.

Sülh fəalının çıxışını olduğu kimi təqdim edirik.

“Nitqimə burada olan və dəstək üçün gələn hər kəsə minnətdarlıq hissimin ifadəsi ilə başlamaq istəyirəm. Məni dəstəkləyən həmvətənlərim dəyərlərə sadiqlik və yüksək etik pozisiya nümayiş etdirirlər. Burada təəssüf ki, “Meydan TV”, “Abzas Media” və “Toplum TV”-nin jurnalistlərini görmürəm. Mən yenicə həbs ediləndə onlar məhkəmələrə gəlirdilər. İndi isə öz məhkəmələrinə gəlirlər, çünki Azərbaycanda müstəqil jurnalistlər həbs edilib. 2022-ci ildə Azərbaycanda mürtəce “Media haqqında qanun" qəbul edildikdən sonra bütün müstəqil KİV-lər sıradan çıxarıldı. Bu planlı şəkildə həyata keçirilən repressiv addımdır. Ona görə də, Azərbaycan söz və mətbuat azadlığı indeksində Cənubi Qafqaz ölkələrindən yüz pillə geridə dayanır.

Azərbaycanda bütün vətəndaş cəmiyyəti sıradan çıxarılıb və ən dəhşətlisi odur ki, düşüncə azadlığına məhdudiyyətlər qoyulub. Alternativ və fərqli düşünən hər kəs potensial repressiya hədəfidir. Müstəqil inklüziv institutlar tam qapadılıb və yenilərinin açılması qeyri-mümkün edilib. Akademik azadlıqlara basqılar nəticəsində tənqidi düşünən alimlər ya ölkəni tərk etməyə məcbur edilib, ya da həbs edilib. İndiki dövrün repressiyalarını yalnız “Bağırovşina dövrü” ilə müqayisə etmək olar. Mən dissident tədqiqatçı Bəhruz Səmədov da həmin repressiyaların hədəfinə çevrilmişəm. “Bağırovşina”ya xas dövlət - dövlətə xəyanət ittihamı ilə   15 il həbsə məhkum edilmişəm, indi də mən qapalı həbsxanaya göndərilirəm. Dövlət hətta rəhmətlik valideynlərimdən qalmış mirasa da göz dikib, etibarnaməni nənəmə verməyimə imkan vermir. Buna baxmayaraq, mütərəqqi dünya ictimaiyyəti mənə bir mənalı dəstəyini ifadə edir.

Həbsim böyük rezonansa səbəb oldu. “Human Rights Watch”, Avropa İttifaqı, “Human Rights House Foundation”, “Freedom House” kimi nüfuzlu insan hüquqları təşkilatları bəyanat verərək mənə bir mənalı dəstəklərini ifadə etdilər. ABŞ Dövlət Departamenti narahatlığını ifadə etdi. Avropa İttifaqının Azərbaycanındakı nümayəndəliyi bəyanat verə bildirdi ki, azərbaycanlı sülhpərvər araşdırmaçı Bəhruz Səmədovun həbsi dərin narahatlıq doğurur. Növbəti mərhələdə ölkə başçısına yönəlik iki petisiya hazırlandı. Petisiyalar məni azad etməyə səslədilər. Hər birinə dörd yüzdən çox akademik, tələbə və maraqlı şəxslər imza atdılar. Onların içində xüsusilə Tomas De Waalı və Laurence Broersun adlarını qeyd etmək istərdim.

2024-cü ilin oktyabrında COP29-da Almaniya Federativ Respublikasının pavilyonunda həbsimdən bəhs edildi və Azərbaycan hökumətinə bir daha məni azad etmək çağırışı edildi.

2025-ci ilin iyun ayının 23-də mənə Bakı Ağır Cinayətlər Məhkəməsi  qərəzli və əsassız sifarişli hökm oxudu. Hökmə etiraz olaraq mən aclıq aksiyası keçirdim. Avropa Parlamentində keçirilmiş dinləmələrdə mənə, İqbal Əbilova, Tofiq Yaqubluya, “Abzas Media” heyətinə verilmiş hökmlər pisləndi. Mənə verilmiş ittiham “ağır, amma əsassız” adlandırıldı. Avropa Parlamenti Azərbaycan hakimiyyəti ilə istənilən danışıqlar zamanı mənim məsələmi diqqətdə saxlamağa və hökumət nümayəndələrinə və hakimlərə sansiya tətbiq oluna biləcəyini açıqladı. 2025-ci il oktyabr ayında BMT İnsan Hüquqları Şurasının hüquqşünasları cənab Nicolas Levrat və xanım Alexandra Xanthaki cinayət işimin əsassız olduğunu, akademik azadlıqların guya dövlət təhlükəsizliyinə hədə olmasına görə boğulması kimi qiymətləndirən sənəd dərc etdilər. Sənəddə BMT rəsmilərinin mənim və İqbal Əbilovun həbsi ilə bağlı mövqelərini Azərbaycan həbsxanalarına çatdırdıqlarını vurğuladılar.

SAR (Riskdə Olan Alimlər) platforması 2025-ci ilin yay-payız aylarında mənə dəstək üçün məktub kampaniyası elan etdi. Mən dünyanın 400 tərəfindən dəstək və ümid məktubları aldım. Avstraliya kimi uzaq diyarda yerləşən Monaş Universitetində mənə dəstək qrupu və sayt yaradıldı. Buradan o tələbələrə xüsusi minnətdarlığımın çatdırılmasını istəyirəm. Dekabrda Avropa Parlamentinin 477 deputatının dəstəyi ilə məni və İqbal Əbilovu azad etməyə səsləyən qətnamə qəbul edildi. Bu hadisə baş verəndə mən 11 saylı CM-in “kars”ında tam təcrid vəziyyətində saxlanılırdım. Mən yenə də “kars”da olarkən, dekabr ayında “Amnesty International”, Riskdə Olan Alimlər və digər platformalar ölkə başçısı İlham Əliyevə müraciət ünvanladılar. Oktyabr-dekabr aylarında “kars”da olduğum üçün ağır psixoloji sarsıntı keçirtməyimə baxmayaraq, mən davamlı və daha da güclənmiş beynəlxalq dəstək aldım.

Lakin Azərbaycan hakimiyyəti nəinki beynəlxalq çağırışlara məhəl qoymur, daha da irəliyə gedərək qondarma məhkəmə quraraq məni qapalı rejimli həbsxanaya göndərir. Azərbaycanda məhkəmə hakimiyyəti uzun illərdir repressiv siyasi iradəni həyata keçirməklə məşğuldur. Əvəzində isə öz korrupsioner məhkəmə sistemini qoruyub saxlayır. Cənubi Afrikada mövcud olmuş mənfur aparteid rejimində belə ağdərili hakimlər içində irqçi rejimin alətinə çevirilməyən hakimlər var idi. 1950-ci ilin məşhur dövlətə xəyanət işi ilə bağlı həbs edilmiş yüzlərlə şəxs olmuşdu. Hakimlər onların hər birini azad etmiş, bəraət vermişdilər. Bu haqda Nelson Mandela öz avtobioqrafik “The Long Walk to Freedom” əsərində yazır.

DTX-nin təcridxanasında olduğum zaman müstəntiq Mətləb Mehdiyev Azərbaycanda məhkəmə sisteminin siyasi repressiya alətinə çevrilməsi məntiqini belə izah etdi: “Biz desək, hakimlər məhkəmə iclasının istənilən dəqiqəsində breykdans da oynayarlar”.

“Kars”da olduğum müddətdə birinci dəfə müəssisə rəisi Şakir Qəniyevə etirazımı bildirdim. Ona Azərbaycanın qoşulduğu konvensiyaları xatırlatdım. Şakir Qəniyev bildirdi ki, o, nə siyasi məhbuslardan, nə də müstəqil vəkillərdən qorxur. 2 saylı CM-də işlədiyi zaman o, keçmiş siyasətçi İlqar Məmmədova, onun sözləri ilə, “çaşdığına görə” “yanı ilə başını bir etmişdi”. “Buna görə də sonradan İlqar Məmmədov ağıllandı”, o, əlavə etdi. Şakir Qəniyev həmçinin təkid etdi ki, mən apellyasiya şikayəti verməyim, çünki bunun heç bir xeyri olmayacaq. Onun sözlərinə görə məni qapalı rejimli həbsxanaya göndərən nə odur, nə də Mirsaleh Seyidov, bu haqda qərarı DTX vermişdir. Bəs bütün bu amansızlığın və vicdansızlığın səbəbi nədir? Mən nə istəyirdim? Sülh.

Mən cənab prezidentin Cənubi Qafqaza gətirdiyi sülhü təbliğ etdiyim üçün nəyə görə vətən xaini elan edildim? Bəli, mən prezident Donald Trampın regiona gətirdiyi sülhu təbliğ etdiyim üçün 15 il cəzaya məhkum edildim, indi isə məni qapalı həbsxanaya, informasiyanı almaqdan məhrum olmağa və tam təcridə göndərirlər.

İndi Azərbaycan xalqından soruşun, kim sülh istəmir. O zaman məni həbs edənlərin məntiqinə görə bütün Azərbaycan xalqı dövlətə xəyanət etmişdi. Sülh və birgə yaşayış təbliğatçısı olmaq dövlətə xəyanətdirsə, onda niyə İlham Əliyev çıxışlarında sülhdən danışır? Mənimlə bağlı aparılan istintaq materiallarına və çıxarılmış hökmə baxsanız, istintaq dövlətə xəyanətlə bağlı bircə fakt ortaya qoya bilməmişdir. Elə isə bu cəza, indi də qapalı həbsxana nəyin qisasıdır? Qondarma istintaqın ortaya qoyduğu saxta ittiham aktı heç bir prosesual-hüquqi qaydaya əsaslanmır. Bu iş saxta olduğu qədər də siyasidir. Qondarma məhkəmədə mənə qarşı şahid kimi cəlb edilmiş şəxslər istintaqda ifadələri təzyiq altında verilən bildirib. Digər şahid Cavid Ağa isə məqaləsində qeyd etdi ki, Bəhruzun heç vaxt demədiyi sözlər və fikirləri onun şahid ifadəsində yazıblar.

Əgər Azərbaycan hakimiyyəti sülh gündəliyindən danışırsa, xalqlar və dövlətlər arasında sülh və birgə yaşayış təbliğ edən bir akademik kimi mən burada olmamalıyam. Yox, əgər Azərbaycan hakimiyyəti faktları və prosesi manipulyasiya edirsə, demək Vaşinqton razılaşmasını da imitasiya edir. Mən Cənubi Qafqaz xalqları arasında, belə desək, Qafqaz ailəsində sülh çağırışları ilə bağlı dəyərlərimə sadiqəm. Buna görə nə qədər ağır cəza alsam da, dəyərlərimdən heç vaxt imtina etmərəm. Bundan sonra da sülh çağırışlarımı davam edəcəyəm. Nə vaxtsa xalqlar arasında həqiqi sülh və birgə yaşayış olarsa, keçmişin travmaları sağalarsa, münasibətlər normal axarına düşərsə, demək ki, orada mənim və mənim kimi sülh qurucularının əməyi var.

Ola bilər ki, hansısa bir rəsmi sənəddə bizim adımız və imzamız olmasın, amma tarix və vicdanlı insanlar mütləq adımızı çəkəcəklər. Bu elə bizim imzamız deməkdir. Mən əminəm ki, Cənubi Qafqaza real sülh gələcək və bu elə xalqların iradəsi olacaq. İnanıram ki, Cənubi Qafqazda sülh özü ilə yanaşı, həm də geniş demokratikləşmə də gətirəcək. Çünki uzunmüddətli sülhün qarantı dövlətlərin və cəmiyyətlərin demokratikləşməsindən keçir. Heç bir antidemokratik, avtoritar və reaksioner rejim sülhün qarantı ola bilməz. Bu olsa-olsa situativ xarakter daşıyə bilər.

Mən Cənubi Qafqazda sülhə yanaşı, geniş demokratiya da arzulayıram və elə demokratiyanı sülhdən ayırmadığım üçün buradayam. Həmçinin ona görə buradayam ki, həbsimdən əvvəl DTX əməkdaşlarının görüşləri zamanı onların ekspert qismində işləmək təklifini rədd etmişdim. Əgər mən dövlətə xəyanət etmişdimsə, onda onlar niyə mənə əməkdaşlıq təklif edirdilər? Sizin nə qərar verməyinizindən asılı olmayaraq, tarix mənim haqqımda ədalətli qərarını və qiymətini verəcək. Mən sizə yalnız ədalətli olmağı tövsiyə edə bilərəm. İncildə deyildiyi kimi, “Ədalətsiz mühakimə etməyin ki, özünüz də mühakimə olunacaqsınız”. Fərqi yoxdur, məhkum kürsüsündə ya tarix qarşısında. Yaşasın sülh və xalqların əbədi dostluğu! Salam olsun sülh qurucularına!”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

"QHT işi" üzrə həbs olunmuş Asəf Əhmədova 8 il həbs cəzası verildi 

17 İyun 2026

Asəf Əhmədovun şəxsi arxivindən

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədovun yekun məhkəmə prosesi keçirilib. İctimai fəal Əbülfəz Qurbanlının sosial media hesabında verdiyi məlumata görə, məhkəmə A.Əhmədova 8 il həbs cəzası verib.  A.Əhmədov son sözündə barəsindəki ittihamları rədd edib.  “Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli...
Məhkəmə

Apellyasiya Məhkəməsi Əli Kərimlini növbəti dəfə həbsdə saxladı 

16 İyun 2026

Sosial media

İyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə partiya sədrinin barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasından verdiyi şikayət təmin olunmayıb.  İyunun 10-da Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin daha 5 ay uzadılması barədə qərar verib.  Bundan əvvəl, fevralın 9-da da məhkəmənin qərarı ilə AXCP sədrinin həbs vaxtı 4 ay uzadılmışdı. Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onunla yanaşı AXCP Ali Məclisinin katibi...

Seçilmiş Videolar

Toplum TV loqo