Məhkəmə

Bıçaqlamada ittiham olunan AXCP üzvünün vəkili: "Necə oldu ki, polis dərhal hadisə yerinə gəldi?"

2 İyun, 2026
107

Sosial media

İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Kənan Zeynalovun (Basqal) işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb. 

Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən fəalın vəkili Nazim Musayev zərərçəkən kimi tanınan şəxsin məhkəmə iclaslarında iştirak etməməsinə etiraz edib. 

"Səbəbi aydınlaşdırılsın ki, niyə məhkəməyə gəlmir? Niyə bu işin araşdırılmasında maraqlı deyil? Bizim ona suallarımız var", - o deyib. 

K.Zeynalov əvvəlki iclaslarda bildirib ki, o, heç kimi bıçaqlamayıb. Onun sözlərinə görə, piyada getdiyi vaxt adı çəkilən şəxs ona yaxınlaşıb, qışqıraraq yerə yıxılıb və dərhal polislər hadisə yerinə gəlib. 

"Hadisələrin bu cür gedişatı bizdə ciddi şübhələr yaradır. Necə oldu ki, bu hadisə baş verəndən dərhal sonra polislər gəldi? Bu hadisənin əvvəldən hazırlanmış plan olduğunu düşünürük", - deyən vəkil A.Rəhimovun həmin gün telefonla əlaqə saxladığı şəxslərin müəyyən olunmasını istəyib. 

N.Musayev əlavə edib ki, ekspertiza A.Rəhimovun bir xəsarət aldığı haqda rəy verib, lakin onun özü istintaqa ifadəsində iki-üç bıçaq zərbəsi aldığını iddia edib. O, məhkəmədən bu ziddiyyətin də araşdırılmasını istəyib. 

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Növbəti proses iyunun 25-ə təyin olunub. 

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalov ötən il martın 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir.

Əli Kərimlinin ictimai əsaslarla fəaliyyət göstərmiş digər mühafizəçisi Niyaməddin Əhmədov da uzunmüddətli həbsdədir. Ona 2021-ci ildə terrorizm ittihamı ilə 13 il həbs cəzası verilib.

AXCP sədri də daxil olmaqla partiyanın 20-yə yaxın üzvü hazırda uzunmüddətli həbsdədir. Onlar ittihamları qəbul etmir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

"QHT işi" üzrə həbs olunmuş Asəf Əhmədova 8 il həbs cəzası verildi 

17 İyun 2026

Asəf Əhmədovun şəxsi arxivindən

İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində "QHT işi" üzrə həbsdə olan ictimai fəal Asəf Əhmədovun yekun məhkəmə prosesi keçirilib. İctimai fəal Əbülfəz Qurbanlının sosial media hesabında verdiyi məlumata görə, məhkəmə A.Əhmədova 8 il həbs cəzası verib.  A.Əhmədov son sözündə barəsindəki ittihamları rədd edib.  “Mən tarixçi olduğum üçün bu zalda baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduqlarım bu gün mənim başıma gəlir. Aylardır bu zalda gedən proseslərdən və qarşınızdakı materiallardan nələrin baş verdiyi sizə də, mənə də, elə prokurora da aydındır. Ortada hər hansı cinayət yoxdur. Məqsəd vətəndaş cəmiyyəti üçün nəsə etmək istəyən bir insanı susdurmaqdır. Sokratı da vaxtilə fərqli...
Məhkəmə

Apellyasiya Məhkəməsi Əli Kərimlini növbəti dəfə həbsdə saxladı 

16 İyun 2026

Sosial media

İyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə partiya sədrinin barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasından verdiyi şikayət təmin olunmayıb.  İyunun 10-da Səbail Rayon Məhkəməsi həbs qətimkan tədbirinin daha 5 ay uzadılması barədə qərar verib.  Bundan əvvəl, fevralın 9-da da məhkəmənin qərarı ilə AXCP sədrinin həbs vaxtı 4 ay uzadılmışdı. Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onunla yanaşı AXCP Ali Məclisinin katibi...

Seçilmiş Videolar

Toplum TV loqo