Məhkəmə

"İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər"

26 Avqust, 2025
399

Foto: VOA

"Abzas Media"nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasında qadın məhbuslarla rəftar barədə məktub yazıb. 

"Abzas Media"nın dərc etdiyi məktubda E.Qasımova hərəsi 3 mərtəbə olmaqla 8 korpusdan ibarət təcridxanada yalnız bir mərtəbənin qadınlara ayrıldığını bildirib. 

"Kişilərin saxlanıldığı mərtəbələrdə say maksimum 100 nəfər olsa da, 150, bəzən 200 nəfərə çatan qadınlar cəmi bir mərtəbəyə sığışdırılıb. Buna görə yaranan sıxlıq, yer, yataq çatışmazlığı və özü ilə gətirdiyi bir çox maneələrlə qadınlar baş etməli olurlar. Səslərini çıxarıb etiraz edəndə də nəzarətçilərdən bir söz eşidirlər: “Özünüzü kişilərə göstərirsiniz?”", - o qeyd edib. 

Jurnalist qadın məhbusların geyimi, makiyajı, davranış tərzi, hətta danışıq tonuna qadın nəzarətçilərin müdaxilə etdiyini yazıb. 

"Mərtəbələrin dəhlizlərinin ortası açıqdır, lambrinlərlə örtülüb. Hər mərtəbədə olan danışıqlar digər mərtəbələrdə eşidilir. Qadınların səsi yüksələn kimi nəzarətçilərin ilk dediyi “Ayıbdır, kişilər eşidir” olur. Burada qadınların hər hərəkəti kişi gözü ilə saf-çürük edilir", - o bildirib. 

"Qadınları dizdən yuxarı ətəklə və ya bədənə kip oturmuş şalvarla görən nəzarətçi səsini başına atıb “Bu, nə geyimdir? Kişilər var”, “Uzun geyin, kişilər var”, “Pomadan çox deyil? Kişilər var”,- deyə gileylənirlər. Qadın məhbuslar kameralarına geri qaytarılır və geyimləri kişilərin tələblərinə uyğunlaşdırılır", - jurnalist əlavə edib. 

E.Qasımova ardınca təcridxanada qadınların şəxsi yazışmalarına müdaxilələri təsvir edib. O yazıb ki, qadın məhbusların kişilərə yazdığı məktublar müsadirə olunur, oxunur və bütün təcridxana boyu məsxərəyə qoyulur. 

Rəhbərliyin qadın məhbuslara münasibətinə toxunan jurnalist bildirir ki, təcridxana rəisi Elnur İsmayılov demək olar ki, qadınların korpusuna baş çəkmir. 

Onun sözlərinə görə, rəis müavinləri Cavid Güləliyev və Əhəd Abdiyev də qadın məhbusların geyim və makiyajına qarışmaya bilmir. Güləliyevin hətta qadın nəzarətçilərlə də kobud danışdığı qeyd olunur. 

Digər rəis müavini Arif Heydərovun isə qadınlara hətta fiziki zorakılıq etdiyi bildirilir. 

"O, qadınlara yumruq, təpik vuraraq təhqiramiz sözlər işlədir. Haqqında yazılan şikayətlərlə bağlı nə təcridxana daxilində araşdırma aparılıb, nə də prokurorluq təhqiqat başladıb. Bu cəzasızlıq onun əl-qolunu daha da açır, zorakılıq hərəkətlərini artırır", - jurnalist vurğulayıb. 

E.Qasımova bütün pis rəftara baxmayaraq, təcridxana rəisi və Ədliyyə Nazirliyinin hər il 8 martda qadın məhbuslara qızılgül və kosmetika verdiyini deyib. 

"İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər. Və “dostunuz”, “qardaşınız“la başlayan təbriklər kamera-kamera dolaşır. Təcridxanadakı alçaldıcı davranışlar isə o qızılgüllər solmamış yenidən başlayır", - o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo