Məhkəmə

Tofiq Yaqubluya hökm oxundu

10 Mart, 2025
108

Əziz Kərimov

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qərarı martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi verib. 

2023-cü il dekabrında həbs edilən T. Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilirdi.

Ötən prosesdə dövlət ittihamçısı ona 10 il cəza istəmişdi. 

Yenə kiçik məhkəmə zalı seçildiyi üçün prosesi izləməyə gələn Yaqublunun xeyli sayda məsləkdaşı və jurnalistlər çöldə qalib. Ətrafa isə canlı polis qüvvəsi, polis maşınları və avtobuslar yerləşdirilib. 

Hakim hökmü elan etməmişdən əvvəl Yaqublu ötən məhkəmə iclasından yarımçıq qalmış son söz çıxışını davam etdirib. O, çıxışında bir daha qeyd edib ki, həbsinin əsl səbəbi siyasi fəaliyyətidir. 

Siyasətçi bildirib ki, bundan əvvəl də hakimiyyətin sifarişi ilə iki  dəfə həbsxana həyatı yaşayıb, barəsində saysız-hesabsız inzibati həbs qərarları çıxarılıb. O, Yaqublular ailəsinə qarşı repressiyalardan danışıb: 

"Baxın, bu hakimiyyət gözəl, əqidəli, mübariz və mələk balam Nərgizin həyatının son günlərində mənə onun yanında olmağa imkan vermədi. Anam həmişə deyərdi ki, 5 övladından ən çox məni istəyir. Ölənə qədər yolumu gözlədi və son nəfəsində “Tofiq, Tofiq” deyib bu həyatdan köçdü. Nə xəstə olaraq ömrünün son günlərini yaşayanda baş çəkməyə, nə də ki, öləndə dəfnində iştirak etməyə icazə verdilər. Anamın ölümündən bir il sonra atam vəfat etdi, onun da dəfnində iştrak etməyə icazə vermədilər. Anam nəvələrindən isə ən çox oğlum Rəhimi çox istədiyini deyirdi. Rəhim döyüşdə olanda onun necə narahatlıq və təlaş keçirdiyi qohum-əqrabaya məlumdur və yəqin ki, siz də təsəvvür edə bilərsiniz. Müharibə bitəndən sonra Rəhim ordudan tərxis olunanda anamın həyatının son günləri idi. O, evə gələn kimi nənəsini görməyə tələsdi. Quru yollar əsassız olaraq bağlı olduğundan təyyarəyə bilet aldı. Lakin o uça bilmədi və aeroportdan geri qaytardılar. Dedilər ki, ölkədən çıxışına stop qoyublar. Səbəb də bilirsiniz nə imiş? Guya ki, Rəhim ordudan tərxis olunanda avtomat silahını təhvil verməyibmiş. Yalanın və şərəfsizliyin səviyyəsini görürsünüzmü? Əsgər silahını təhvil verməyə bilərmi? Tam əminliklə deyirəm Azərbaycan tarixində Yaqublular ailəsi də, Əliyevlər ailəsi də öz haqq etdikləri yeri dövlət səviyyəsində rəsmi qaydada tutacaqlar. Onsuz da xalqa hər şey aydındır", - Yaqublu çıxışında bunlardan təəssüflə danışıb. 

Tofiq Yaqublu son söz çıxışını belə bitirib: 

"Beləliklə, son sözümü bitirərkən bir daha vurğulayıram ki, aylarla davam edən saxta məhkəmə prosesində təqsirsizliyimlə yanaşı sizlərin də kim olduğunuzu parlaq şəkildə sübut etdim. Rədd olsun şərəfsizlik, rədd olsun korrupsiya, rədd olsun diktatura, rədd olsun repressiya! Yaşasın demokratiya, yaşasın dürüstlük, yaşasın ədalət! Mübarizəyə davam!.

Məhkəmə prosesi başa çatandan sonra canlı polis qüvvəsi məhkəmə binasından çıxanları ərazidən uzaqlaşdırmaq üçün hərəkətə keçib. 

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”

11 Mart 2025

açıq mənbədən götürülüb

“Öz tənqidçilərini şərləmək üçün Ehtiyat Fondundan pul ayırır" AbzasMedia əməkdaşları Sevinc Vaqifqızı və Elnarə Qasımova bugünkü məhkəmə iclasında ifadə verib.  Sevinc Vaqifqızı ifadəsində bildirib ki, onun və həmkarlarının həbsinin əsl səbəbi doğruları yazmaqları olub:  “Hökumət televiziyaları Xan kəndinə qayıdır mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, bəli, Xan hər kəsdən əvvəl Qarabağa qayıdıb. Əkinə yararlı torpaqları ailəsi və məmurlar arasında bölüşdürüb. Məcburi köçkünlər ora qayıdanda artıq məmurlar orada böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə ya pullarını vaxtında ala bilməyən ya da heç almayan fəhlələrə dönmüşdülər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən prezidentin təkcə Şuşanı yox,...
Məhkəmə

Aytac Tapdıq Avropa Məkəməsini udub

11 Mart 2025

Aytac Tapdıq/şəxsi arxiv

Azərbaycan hökuməti hazırda həbsdə olan jurnalist Aytac Tapdığa 5500 avro dəyərində təzminat ödəməlidir.  Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalistin 2015-ci ilə aid olan şikayəti üzrə onun xeyrinə qərar verib.  Şikayətə əsasən, 2015-ci ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Aytac Tapdığın yaşadığı evdə məhkəmə qərarı olmadan axtarış həyata keçiriblər və onun şəxsi noutbukunu götürüblər.  Tapdıq məhkəməyə bildirib ki, həmin ilin sentyabrından etibarən “Facebook” sosial şəbəkəsində müxtəlif saxta hesablarda onun şəxsi həyatına dair foto və video materiallar yayılıb.  Jurnalist Avropa İnsan Haqları Konvensiyasına əsaslanaraq onun ədalətli məhkəmə, şəxsi həyata hörmət və özünüifadə azadlığı hüquqlarının pozulduğunu irəli sürüb. ...

Seçilmiş Videolar

Toplum TV loqo