Müsahibə

Sara Rəcəblinin 160 manatlıq investisiyayla başlamış uğur hekayəsi

20 Yanvar, 2021
1730

Toplum tv

“Toplum TV” “BUTA Art & Sweets” sosial biznes brendinin yaradıcısı Sara Rəcəbli ilə müsahibəni təqdim edir.

Sara Azərbaycan Turizm və Memecment İnstitutunda, ardınca da Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təhsil alıb. 2018-ci ildə Azərbaycanın ilk sosial sahibkarı kimi “Yunus & Youth” sosial sahibkarlıq proqramının təqaüdünü qazanıb, Niderlandda “One Young World 2018” zirvəsində, USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyinin) “Qadın İştirakçılığı” proqramı çərçivəsində Sumqayıtda keçirilmiş “Biznes və Liderlik” təlimlərində, “Erasmus+” proqramı çərçivəsində Latviya və İsveçrədə təşkil olunmuş UNCTAD Gənclər Forumunda iştirak edib.


Foto: "Toplum TV"
- Üç il əvvəl cəmi 160 manat investisiya qoyub “Buta Art Sweets” layihəsini yaratmısız. Onda layihənin bu qədər böyüyəcəyini, uzun zaman fəaliyyət göstərəcəyini düşünürdünüzmü?
- Mən işə 0 büdcə ilə başlamaq istəyirdim. Universitet məzunu idim və heç yerdə işləmirdim. 160 manatı da müxtəlif layihələr çərçivəsində başqa ölkələrə gedəndə verilən cib xərcliyindən yığıb saxlamışdım, özümə kiçik şeylər almaq üçün. Həmin 160 manatla işə başlayandan sonra gördüm ki, heç kim sosial sahibkarlığın nə olduğunu bilmir. İlk vaxtlar ən böyük çətinliyim ondan ibarətiydi ki, dostlarım, ailə üzvlərim belə bu layihənin Azərbaycanda reallaşacağına inanmırdılar. Ən çox da ailəm qarşı çıxmışdı. Amma buna baxmayaraq mən davam etdim, çünki bu işi sevirdim. Şirniyyatçılığı seçdim, bilirdim ki, şirniyyat həmişə trend olan məhsuldur.
Amma onu da bilirdim ki, sadəcə yarmarkaya gedib bir əl işini satın almaqla, fiziki əngəlli şəxslərə birdəfəlik kömək etməklə iş bitmir. Yəni alıcılar keyfiyyətdən razı qalmalıdırlar ki, davamlı olaraq şirniyyat alsınlar və beləliklə də həmişə kömək etmək imkanı yaransın. Biz bu modeli düşündük. Düzü, heç ağlıma da gəlməzdi ki, layihə bu qədər davamlı olacaq, böyüyəcək, bizim bu qədər komanda üzvümüz olacaq. İlk dövrlərdə başqa ölkələrin təcrübəsini araşdırmışdıq və məlum olmuşdu ki, sosial sahibkarlığın ən çox insanın həyatına təsir göstərən nümunəsi Banqladeşdədir.
- Səbəb nədir?
- Orda çox ciddi sosial-iqtisadi problemlər olub, ona görə də ayrı-ayrı fərdlər problemləri həll etmək üçün bizneslər yaradıblar. Məqsəd xeyriyyəçilik yolu ilə insanlarda kimdənsə asılılıq psixologiyasını aradan qaldırmaq olub. Azərbaycanda sosial sahibkarlıqla bağlı ən böyük çətinlik insanların düşüncələrini dəyişməkdir. Çox adam fiziki məhdudiyyəti olan xanımların hazırladıqları şirniyyatları almaq istəmirdi. Düşünürdülər ki, onların işi keyfiyyətli, təmiz ola bilməz. Buna görə heç kimi günahlandırmıram. Biz reallığa uyğun həll yolları tapmalı idik. Şirkətlərə müraciət etdik, məhsullarımızı onların tədbirlərinə göndərməyə başladıq. İnsanların düşüncələrini sındırmağa, onların şirniyyatların dadına baxmalarına çalışırdıq. Bəyənəndən sonra deyirdik şirniyyatı kimin hazırladığını. Bəzən şoka düşürdülər. Fiziki əngəlli insanlarla bağlı düşüncə tərzini dəyişmək bizim uğurumuzdur.

Foto: "Toplum TV"


- “Biz çalışırdıq”,”biz edirdik” deyirsiz. Biz, yəni kimlər?
- Mən başlayanda tək idim. İşl artdıqca, komandaya ehtiyac yarandı. İxtisasca mühasib olan sinif yoldaşım öz peşəsi üzrə təmannasız yardım edə biləcəyini dedi və həqiqətən də çox köməyi dəydi mənə. Biz komandaya üzv götürəndə onların şəxsi keyfiyyətlərinin yüksək olmasına fikir veririk - işə məsuliyyətlə yanaşsınlar, öyrənməyə həvəsli olsunlar, özlərini təqdim etməyi, insanlarla ünsiyyət qurmağı bacarsınlar. Mənim üçün dürüstlük də vacibdir. Dürüstlük olmasa, heç bir biznes davamlı olmur. Ona görə də komandamın tanıdığım insanlardan ibarət olmasını istəyirdim. Mənə diplomların sayı, dil biliklərinin çox geniş olması lazım deyil. Bu işdə bacarıqlı, çevik, yeniliklərə açıq olmaq vacibdir. Çətin bir sahədə, fiziki məhdudiyyəti olan insanlarla çalışırıq. Hərəsinin öz kaprizi, hekayəsi, çətinlikləri var. Onları inandıra biləcək şəkildə ünsiiyət qurmalıyıq. Hazırda komandamızda beş nəfər var və 3 ildən çoxdur birlikdə işləyirik.

- İki il əvvəl verdiyiniz müsahibədə 15 xüsusi ehtiyacı olan xanımla çalışdığınızı, menyünüzə 25 şirniyyat növü əlavə etdiyinizi, 30-dan çox şirkətlə əməkdaşlıq qurduğunuzu demisiz. İndi vəziyyət necədir?
- Bizimlə işləyən xanımların sayı iyirmiyə çatıb. Menyümüzdə 40-dan çox şirniyyat növü var, ora soyuq qəlyanaltılar da əlavə olunub. Bizim şirniyyatlarımız 17 ölkədə yüksək səviyyəli tədbirlərdə təqdim olunub. Hazırda çalışırıq ki, şirniyyatlarımız vegan tərkibli olsun - kərə yağı, süd məhsulları, bal və yumurtasız.
İkincisi, regionlarda fiziki və ya əqli məhdudiyyətli övladları olan bəzi valideynlərlə əlaqə yaradıb onlar üçün 40-dan çox vebinar təşkil etdik. Biz o vebinarlara autizm, daun sindromu, müxtəlif əlillik növləri və nitq məhdudiyyətləri ilə bağlı mütəxəssisləri cəlb edirdik. Eyni zamanda, öz xanımlarımızı - özləri sağlam, amma övladları fiziki məhdudiyyətli olan əməkdaşlarımızı da spiker kimi dəvət edirdik.

Foto: "Toplum TV"


- Prezident İlham Əiyev “Gənclər günü”ndə sizi də mükafatlandırıb. Bu fakt fəaliyyətinizə təsir göstərdimi?
- Mükafat gənclər siyasətində aktiv olanlara verilirdi. Mən özüm fərdi sahibkar kimi fəaliyyət göstərirəm. Sadəcə, müxtəlif beynəlxalq platformalarda - BMT səviyyəsində, Avropa Şurası səviyyəsində Azərbaycanı ilk dəfə mən təmsil etmişəm. Düşünürəm ki, adımın siyahıya düşməsinə daha çox bu beynəlxalq təmsilçilik məsələsi təsir göstərib. Təltifdən sonra dövlət təşkilatları bizimlə çalışmağa daha çox maraq göstərməyə başladılar, Gənclər Fondundan, Gənclər Nazirliyindən dəvətlər aldıq. Biz sosial sahibkarlıqla bağlı məsələlərin qanunvericilik səviyyəsində həllinə dair təkliflər almışıq. Bizim qanunvericilikdə digər ölkələrdəki kimi sosial biznes, sosial sahibkarlıq anlayışı yoxdur. Digər ölkələrdə bunun üçün xüsusi vergi güzəştləri var, xüsusi dövlət proqramları var. Amma Azərbaycanda bu məsələdə böyük boşluq var.

Foto: "Toplum TV"


- Bu yaxınlarda “Davam” Ümumrespublika Gənclər Hərəkatı təsis olundu. Təsisçilərdən biri sizsiniz. Təşkilatı yaratmaq kimin fikri idi və fəaliyyəti nədən ibarətdir?
- İki ay əvvəl mənə Gənclər və İdman Nazirliyindən belə bir təşkilatın yaranması ilə bağlı zəng gəldi. Əsas istiqamətlərdən biri gənclər arasında sosial sahibkarlığı inkişaf etdirməkdir. Bu, dövlət səviyyəsində sosial sahibkarlığı təbliğ etmək baxımından gözəl imkandır. Mənim görəcəyim iş sosial sahibkarlığa aid layihələri gənclər üçün əlçatan etməkdir.
- Azərbaycan 2019-cu ilin noyabrında 6 ölkənin iştirak etdiyi Avrasiya Startap Mükafatının reqional qalibi seçildi. Bu uğur haqqında nələr deyə bilərsiniz?
- Mən yarışmada iştirak üçün müraciət etməmişdim. E-mail gəlib ki, Azərbaycandan olan münsiflər qalib kimi məni seçiblər. Regional finalda biz 6 ölkə ilə yarışırdıq. Mənim üçün çox önəmliydi ki, qalib Ermənistan olmasın. Ona görə də videopaylaşım etdim və 20 mindən çox səs topladım. Düzü, bu qədər böyük nəticə olacağını düşünməzdim. Final Tbilisidə keçirilməliydi və başqa tədbirlərə görə ora gedə bilmirdim. Bu haqda təşkilatçılara yazdım. Mənə zəng etdilər, dedilər, çox xahiş edirik ki, bütün işlərinizi qoyub gələsiz, 12 startap layihə və sahibkar arasında yeganə sizsiniz ki, 20 mindən çox səs toplayaraq regional finalda qalib seçilmisiniz. Mən bacımı göndərdim, gedin çıxış etdi və mükafatı götürdü. 2019-cu ilin qalibi olaraq startap mükafatının finalına keçdik. Hazırda mən İtaliya, Avstriya, Cənubi Afrika və Britaniyadan olan sahibkarlarla yarışıram. Biz Azərbaycanı təmsil edən yeganə sahibkarlıq layihəsiyik və bununla fəxr edirik. Daha çox səs toplaya bilməmiz üçün hazırda aktiv ksmpaniya gedir. Yanvarın 27-də həm səsvermənin nəticələri, həm qaliblər elanı olacaq. İnşallah, qalib gələcəyik.

 

Foto: "Toplum TV"

Foto: "Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo