Ölkə

Azərbaycanda səhiyyə statistikası niyə natamamdır?

30 İyun, 2026
251

president.az

Əhalinin sağlamlığı ilə bağlı dəqiq və etibarlı məlumatlara çıxış hər bir vətəndaşın fundamental hüquqlarından biridir. Bu məlumatların vaxtında, tam və şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsi isə aidiyyəti dövlət qurumlarının əsas öhdəliklərindən hesab olunur.

Lakin Azərbaycanda rəsmi statistikanın açıqlanması ilə bağlı mövcud təcrübə bu prinsipə tam uyğun gəlmir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət qurumları ictimaiyyəti operativ və dolğun məlumatlandırmaq əvəzinə, məlumatların açıqlanmasını məhdudlaşdırır və ya onları ictimaiyyət üçün əlçatmaz saxlayır.

Məsələn, ölkədə neçə özəl tibb müəssisəsinin fəaliyyət göstərdiyi, onlardan neçəsinin yalnız ambulator, neçəsinin yalnız stasionar, hansılarının isə hər iki istiqamətdə xidmət göstərdiyi barədə ictimaiyyət üçün sistemli məlumat mövcud deyil. Eyni vəziyyət həmin müəssisələrdə çalışan həkim və orta tibb işçilərinin sayı, onların ixtisaslar üzrə bölgüsü, həkimlərin nə qədərinin yalnız özəl sektorda, nə qədərinin isə paralel olaraq dövlət tibb müəssisələrində fəaliyyət göstərməsi ilə bağlı statistikaya da aiddir.

Bundan başqa, özəl tibb müəssisələrinin və onların çarpayı fondunun regionlar üzrə paylanması, çarpayıların illik doluluq səviyyəsi, göstərilən tibbi xidmətlərin strukturu, il ərzində xidmət göstərilən pasiyentlərin sayı, onların nə qədərinin İcbari Tibbi Sığorta Fondunun göndərişi əsasında müraciət etdiyi, eləcə də özəl səhiyyə sektorunun illik maliyyə dövriyyəsi barədə rəsmi məlumatlar da açıqlanmır.

Eyni qeyri-şəffaflıq özəl tibb müəssisələrinin maddi-texniki bazasına dair statistikada da müşahidə olunur. Belə ki, bu sektorda istifadə olunan elektrokardioqraf (EKQ), exokardioqraf (ExoKQ), rentgen aparatı, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT), ultrasəs müayinəsi (USM), elektroensefaloqraf (EEQ), elektromioqraf (EMQ) və digər əsas tibbi avadanlıqların sayı və bölgüsü barədə də ictimaiyyət üçün əlçatan rəsmi statistika yoxdur.

Tənqidçilərin fikrincə, Azərbaycanın rəsmi statistikası bu qədər vacib məlumatların hətta birini belə cəmiyyətə açıqlamağa lüzum görmür. Halbuki, məsələn, təhsil sistemi üzrə analoji məlumatlar açıqdır. Özəl orta və məktəbəqədər təhsil müəssisələrinin sayı, regionlar üzrə bölgüsü, həmin məktəblərdə oxuyan uşaqların ümumi və bölgələr üzrə sayı, müəllimlərin sayı hər il rəsmi olaraq açıqlanır.

Təhlilçilərin fikrincə, özəl tibb müəssisələrinə dair rəsmi məlumatların məhdudluğu sektorun real miqyasını və fəaliyyət göstəricilərini qiymətləndirməyi çətinləşdirir. Hazırda bu sahə ilə bağlı yalnız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatlarında məhdud statistikaya rast gəlinir. Məsələn, Agentliyin 2025-ci il hesabatına əsasən, onunla müqavilə bağlamış özəl səhiyyə müəssisələrinin sayı 200-ə yaxındır. Lakin Agentliklə müqaviləsi olmayan özəl tibb müəssisələrinin sayı açıqlanmadığından, ölkədə fəaliyyət göstərən özəl səhiyyə sektorunun ümumi həcmi barədə dolğun təsəvvür formalaşdırmaq mümkün deyil.

Hesabatdan aydın olur ki, 2025-ci ildə İcbari Tibbi Sığorta Agentliyi vətəndaşların özəl tibb müəssisələrindən xidmət alması üçün 300 mindən artıq göndəriş vermişdir. Həmin xidmətlər əsasən radioloji xidmətlər (114,4 min), oftalmoloji xidmətlər (66,2 min), invaziv radioloji xidmətlər (57,1 min), ürək-damar cərrahiyyəsi xidmətləri (12,8 min), uroloji xidmətlər (9,5 min), travmatoloji xidmətlər (6,7 min) və s. ilə bağlı olub. Lakin bu xidmətlərin müqabilində özəl səhiyyə qurumlarına dövlət tərəfindən nə qədər vəsait köçürüldüyü barədə məlumatı açıqlamağa ehtiyac görməyiblər.

Səhiyyə statistikasının natamamlığı və qeyri-şəffaflığı təkcə bununla bitmir. Məsələn, həkimlərin ixtisaslar üzrə bölgüsü təxminən 15 istiqamət (məsələn, terapevtlər, cərrahlar, ginekoloqlar, pediatrlar, oftalmoloqlar, nevropatoloqlar, psixiatrlar, narkoloqlar və s.) üzrə açıqlanır. Lakin inkişaf etmiş ölkələrdə bu açıqlama daha dar ixtisaslaşma üzrə təqdim edilir və ayrı-ayrı ölkələrdə 30-dan 60-dək həkim ixtisasını əhatə edə bilir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində ailə həkimlərinin, kardioloqların, onkoloqların, endokrinoloqların, nefroloqların, qastroenteroloqların, uroloqların, stomatoloqların, revmatoloqların və s. ixtisaslar üzrə həkimlərin sayı ayrıca açıqlanır. Eləcə də cərrahlar daha dar istiqamətlər üzrə rəsmi statistik hesabatlara daxil edilir.

Hesabatlarda ümumi, ortopedik, ürək cərrahlarının, neyrocərrahların və plastik cərrahların sayı barədə məlumat almaq olur.

Tənqidçilər bildirirlər ki, xəstəliklər üzrə statistik göstəricilərin açıqlanması inkişaf etmiş ölkələrin hazırkı təcrübəsindən daha çox sovet idarəçiliyinin təsiri altında formalaşmış praktikaya əsaslanır. Məsələn, Azərbaycanda şəkər xəstələrinə dair məlumat "insulindən asılı olan" və "insulindən asılı olmayan" kateqoriyaları üzrə açıqlanır. Halbuki qabaqcıl təcrübələrdə informasiya fərqli formada (1-ci tip və 2-ci tip) təqdim edilir. Bunun səbəbi odur ki, hazırkı tibbi yanaşmalara görə, bəzən müəyyən dövr ərzində 2-ci tip şəkər xəstələrinin də insulin müalicəsinə ehtiyac ola bilir. Bu baxımdan təhlilçilərə görə, təsnifat real vəziyyəti doğru əks etdirməlidir. Bundan əlavə, inkişaf etmiş ölkələrdə diabetin ağırlaşmalarına (böyrək çatışmazlığı, amputasiya və s.), hamiləlik dövrü diabetinə, diabetdən ölüm halları, diabet xəstələrinin orta ömür müddəti, yuxarı yaşda xəstəlik aşkarlandıqdan sonra orta yaşama müddəti kimi göstəricilər də statistik hesabatlara daxil edilir.

Tənqidçilər deyirlər ki, davamlı olaraq səhiyyə islahatlarından danışan idarəçilərin görməli olduğu ilk iş bu sahədə şəffaf, hərtərəfli ictimai hesabatlılığın yaradılmasıdır. Təhsil və səhiyyə kimi sahələr yalnız şəffaf mühitdə inkişaf edə bilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo