Ölkə

Bakıda havanın çirklənmə səviyyəsi beynəlxalq normadan 5,5 dəfə yüksəkdir

25 fevral, 2026
574

Foto: açıq mənbə

Dövlət Statistika Komitəsinin dayanıqlı inkişafa dair yaydığı məlumatlar ölkənin üç ən böyük şəhərində - Bakı, Gəncə və Sumqayıtda havanın çirklənməsi ilə bağlı vəziyyəti ortaya qoyur. Çirklənmə səviyyəsi atmosferin hər kubmetrində diametri 2,5 mikrondan kiçik olan bərk hissəciklərin (PM2.5) orta illik miqdarı ilə ölçülür. Son hesabata görə, 2024-cü ildə bu göstərici Bakıda 28, Sumqayıtda 21, Gəncədə isə 20 mikroqram olub.

Dünya Səhiyyə Təşkilatının 2021-ci ildə yenilədiyi hava keyfiyyəti normalarına əsasən, sağlamlıq baxımından tövsiyə olunan hədd 5 mikroqramdır. Real göstərici bu normadan nə qədər yüksək olarsa, həmin ərazidə yaşayan əhali üçün tənəffüs yolu infeksiyaları, ağciyər xərçəngi və ürək-damar xəstəliklərinə tutulma riski də bir o qədər artır.

Müstəqil ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi və Avropa Ətraf Mühit Agentliyi kimi qurumların hazırladığı, 0-500 ballıq şkalaya əsaslanan “Hava keyfiyyəti indeksi”nin standartlarına əsasən, Bakıda mövcud vəziyyət 51–100 ballıq intervala uyğun gəlir. Bu göstərici şəhərin havasının “fövqəladə” və ya “yüksək zərərli” kateqoriyasına daxil olmadığını göstərsə də, onun təmiz hava səviyyəsində də olmadığını ortaya qoyur. Mütəxəssislərin fikrincə, hazırkı çirklənmə səviyyəsi ölüm riskini 15 faizə, ürək-damar xəstəlikləri riskini isə 20 faizə qədər artıra bilər.

Atmosfer havasının çirklənməsi, bir qayda olaraq, ozon, azot dioksid, kükürd dioksid və karbon monoksid kimi zərərli maddələrdən qaynaqlanır. Statistik hesabatda Bakıda konkret hansı maddələrin üstünlük təşkil etdiyi açıqlanmır. Lakin nəqliyyat sıxlığının yüksək olması, sənaye tullantılarının intensivliyi və yay-yaz aylarında isti günlərin sayının çoxluğu azot və kükürd dioksidinin, eləcə də ozonun payının əhəmiyyətli olduğunu deməyə əsas verir.

IQAir - İsveçrədə fəaliyyət göstərən, hava keyfiyyəti texnologiyaları və atmosfer monitorinqi üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatı - dünyanın bir çox şəhərləri üzrə müntəzəm reytinqlər tərtib edir. Qurumun metodologiyasına əsasən, 0–50 bal intervalında olan ölkələr ən keyfiyyətli hava şəraitinə malik sayılır. Təşkilatın son reytinqində Bakı 62 balla “orta səviyyəli çirklənmə” (51–100 intervalı) qrupuna daxil edilib. Azərbaycan paytaxtı 123 ölkə arasında havanın ən çirkli olduğu 52 ölkə sırasındadır.

Reytinqə görə, ən çirkli havaya malik beş şəhər bunlardır: Lahor (Pakistan), Dəkkə (Banqladeş), Dehli (Hindistan), Pekin (Çin) və Kəraçi (Pakistan).
Dünyanın ən təmiz havaya malik beş şəhəri isə Vankuver (Kanada), San-Fransisko (ABŞ), Oslo (Norveç), Tokio (Yaponiya) və Medan (İndoneziya) hesab olunur.

Dövlət Statistika Komitəsinin dayanıqlı inkişaf hesabatında şəhərlərin hava şəraiti ilə bağlı digər bir göstərici də diqqət çəkir. Söhbət ümumi istifadədə olan abadlaşdırılmış açıq məkanların şəhərin ümumi ərazisinə nisbətindən gedir. “Abadlaşdırılmış açıq məkan” dedikdə yaşıllaşdırılmış ictimai ərazilər, şəhər parkları və meşələr, çay, göl və dəniz sahilləri, bağlar, meydançalar, qoruqlar və s. nəzərdə tutulur. Bakıda bu cür məkanlar paytaxtın ümumi ərazisinin cəmi 7,1 faizini təşkil edir. Ən yüksək göstəricilər Yevlaxda (20%), Lənkəranda (18,4%), Gəncə və Şəkidə (hər ikisi 15%) qeydə alınıb.

Keçmiş SSRİ şəhərləri ilə müqayisə də Bakının yaşıllıq baxımından geri qaldığını göstərir: bu göstərici Moskvada 25%, Sankt-Peterburqda 22%, Kiyevdə 19%, Almatıda 19%, Astanada 18%, Aşqabadda 16%, Daşkənddə isə 15% təşkil edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Şəkidəki ölümcül kanat qəzası ilə bağlı iki nəfər həbs olunub

3 noyabr 2026

sosial media

“Şəki Yaylası” Ailəvi İstirahət Mərkəzində iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. İstintaqın versiyasına görə, mərkəzin sahibi Ramiz Hüseynov “zipline” qurğusu üçün nəzərdə tutulan qüllənin tikintisini müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə həvalə edib. Qüllənin qanunsuz tikildiyi bildirilir. İstintaq materiallarına əsasən, qüllənin üzərindəki dəmir konstruksiya deformasiyaya uğrayıb və kanatda dalğalanma yaranıb. Bundan əlavə, kustar üsulla hazırlanmış tormozlama və təhlükəsizlik vasitələrinin nasazlığı nəticəsində “zipline” qurğusu kanatdan çıxıb, onun parça hissəsi...
Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...

Seçilmiş Videolar

Toplum TV loqo