Foto: BBC News Azərbaycanca
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 107 il keçir.
AXC 28 may 1918-ci ildə Tbilisidə elan olunub. Bu, Şərqdə ilk demokratik respublika quruluşu kimi tarixə düşüb.
Cümhuriyyətin yaradılması Çar Rusiyasının süqutu və bölgədə yaranan siyasi boşluq şəraitində baş verdi. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi ilə Azərbaycan xalqının suverenliyi və dövlət müstəqilliyi rəsmən elan olundu.
Fətəli xan Xoyski başda olmaqla, ilk hökumət quruldu. AXC hüquqi dövlət quruculuğu, təhsil islahatları, qadınlara seçki hüququnun verilməsi və milli ordu yaradılması sahələrində addımlar atdı.
Lakin AXC daxili siyasi çətinliklər, iqtisadi böhran və xarici təzyiqlərlə üzləşdi. 1918-ci ilin sonlarında Bakı AXC-nin paytaxtı elan edilsə də, bölgədə erməni-daşnak qüvvələri, bolşevik təhdidləri və qonşu dövlətlərlə münasibətlər mürəkkəb olaraq qalırdı. 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanın neft ehtiyatlarını ələ keçirmək və Qafqazda təsir dairəsini genişləndirmək məqsədilə ölkəyə qoşun yeritdi. 28 aprel 1920-ci ildə XI Qızıl Ordu Bakıya daxil oldu və Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bununla da müstəqil Azərbaycan Sovet hakimiyyəti altına keçdi və 23 ay davam edən AXC-nin fəaliyyəti dayandırıldı.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə bağlı baş verən proseslər Azərbaycanın da yenidən müstəqillik qazanmasına şərait yaratdı. 1991-ci il 30 avqustda Azərbaycan Ali Soveti ölkənin dövlət müstəqilliyini bərpa etdiyini bəyan etdi. Ardınca 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu sənədlə Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi öz müstəqilliyini rəsmən elan etdi.
Sovet dövründə düşmən obrazı yaradılan Məmməd Əmin Rəsulzadə və başqa cümhuriyyətçilər müstəqillik dönəmində də doğma münasibət görmədilər.
Doğrudur, 1990-cı illərin əvvəlində Rəsulzadənin şəkli milli valyutanın üzərində əks olunsa da, bəzi yerlərdə heykəli, büstü qoyulsa da, Əliyevlər hakimiyyəti dövründə ona münasibət birmənalı olmadı.
Onun adı Bakı Dövlət Universitetindən və büstü universitetin qarşısından götürülüb, uzun illər şəhərin mərkəzində - Kukla Teatrının qarşısında heykəli qoyulacağı deyilsə də, həmin abidə qoyulmayıb. Bundan başqa, vaxtilə onun şəkli manatın üzərində həkk edilsə də, sonradan neft buruqları ilə əvəzlənib.
Ötən ilin aprelində isə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında təmir aparılarkən Rəsulzadənin sözlərinin əks olunduğu lövhə götürülüb. Həmin lövhədə onun məşhur fikirlərindən biri yer almışdı: “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Bundan başqa, hər il Rəsulzadənin doğum günündə və ya Cümhuriyyətin ildönümündə müxalif siyasi partiyaların onun Novxanıdakı abidəsini kütləvi şəkildə ziyarət etməsinə müxtəlif maneələr törədilir.
Hakimiyyət Cümhuriyyətlə bağlı mesajlarında onun əhəmiyyətini birbaşa danmasa da, cümhuriyyətçilərin siyasi irsini kiçiltməyə çalışır. Ölkə başçısı İlham Əliyev çıxışlarında tez-tez Cümhuriyyətin İrəvan şəhərini Ermənistana verdiyini, bunun bağışlanmaz xəyanət olduğunu deyir.
O, hər il 28 mayda İqtisad Universitetinin yanında yerləşən İstiqlaliyyət Bəyannaməsi abidəsini ziyarət edib əklil qoyur. Bu kiçik abidə 2007-ci ildə açılıb.
Millət vəkilləri və başqa hakimiyyət mesajçıları Cümhuriyyətlə bağlı çıxışlarında mövzunu həmişə Heydər Əliyevə gətirirlər. Televiziyalarda da mayın 28-də ekranın küncündə Əliyevin rəsmini görmək olar.
Bu yanaşma elə təsəvvür yaradır ki, sanki rəsmi ideologiya Cümhuriyyəti sadəcə tarixi bir epizod kimi təqdim edir və onun siyasi mirasını Heydər Əliyevin irsi ilə kölgədə qoymağa çalışır. Belə çıxışlar, bilavasitə və ya dolayısıyla, xalqın Heydər Əliyevdən başqa kimisə tarixi şəxsiyyət, lider kimi görməsinə qarşı ehtiyatlı yanaşmanın mövcud olduğunu göstərir.
Bu isə cəmiyyətə təlqin edir ki, Azərbaycanın dövlətçilik tarixində əsas və davamlı məqam Heydər Əliyevlə başlanır və onunla müəyyən olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib