Siyasət

4 iyun Gəncə qiyamı baş verməsəydi... 

4 İyun, 2021
3969

Sosial media

4 iyun Gəncə qiyamından 28 il ötür. Maraqlıdır, bəs şahidlər bu hadisəni necə xatırlayır?“

4 iyun qiyamı baş verməsəydi, Azərbaycan daha fərqli ola bilərdi”.

Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov "Toplum TV"-yə belə deyir.

Oqtay Qasımov- sosial media

Oqtay Qasımov hesab edir ki, qiyamın təşkilatçıları xarici qüvvələr olub: “4 iyun Rusiya və digər xarici qüvvələrin dəstəklədiyi qiyam idi. Azərbaycan dövlətinə qarşı xəyanət və böyük bir cinayət işlədildi. Azərbaycan əsgərinə güllə atıldı, Milli Qvardiyanın silahsız əsgərləri qətlə yetirildi. Azərbaycan dövləti o tarixi yaşamasaydı, çox güman ki, onun inkişaf tarixi daha fərqli istiqamətdə gedərdi və bu gün daha fərqli yerdə ola bilərdi. Azərbaycan o zaman həm neft müqavilələri imzalanması, həm Bakı-Ceyhan boru xəttinin çəkilməsi istiqamətində böyük addımlar atırdı. Ölkənin ərazi bütövlüyünün təmin olunması, yəni Qarabağ probleminin həlli ilə bağlı da ciddi addımlar atılırdı və qələbəyə yaxınlaşmışdıq. Yəni Kəlbəcərin və digər işğal olunmuş ərazilərin azad olunması prosesinin yekun mərhələsində idik. Hətta həmin ərazilərin işğaldan azad olunma və oradan erməni qüvvələrinin çıxarılmasının tarixi belə müəyyənləşmişdi. İyun ayının 20-nə qədər erməni silahlı birləşmələri işğal olunmuş ərazilərdən, o cümlədən Kəlbəcərdən çıxmalı idi. Ondan sonrakı dövrdə artıq böyük siyasi saziş üzərində iş getməli və 1993-cü ilin yayının sonunda böyük siyasi saziş imzalanmalı idi. Bu da Cənubi Qafqazda çox ciddi geopolitik dəyişikliklərə gətirib çıxaracaqdı. Məhz bunun qarşısını almaq üçün Rusiya tərəfindən dəstəklənən və ölkə daxilindəki xəyanət şəbəkəsinin birgə iştirakı ilə Sürət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr çevrilşə cəhd etdilər". 

"Burada Azərbaycanın milli dövlətçiliyinə qarşı olan qüvvələrin, ovaxtkı Ali Sovetin üzvü olan 160 deputatın Rusiya prezidenti Boris Yeltsinə müraciəti də unudulmamalıdır. Onlar Yeltsindən tələb edirdilər ki, Azərbaycanda qayda-qanun yaratmaq üçün Bakya qoşun yeridilməlidir. Bəli, məhz o 160 xəyanətkar deputatdan söhbət gedir. Bunun nəticəsində Azərbaycan çox ciddi şəkildə durğunluq və tənəzzül yaşadı, eyni zamandaə 4 iyun hadisələrinin nəticəsi olaraq, bizim əlavə 6 rayonumuz da erməni silahlı qüvvələrinin işğalı altına düşdü", - eks-prezidentin köməkçisi belə deyir.

“Bugünkü Azərbaycan 4 iyun qiyamının bəhrəsidir”, - Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli belə düşünür.

Gültəkin Hacıbəyli- sosial media

“O zaman mən çox gənc idim, amma 4 iyun hadisələri ilə bağlı xariələrim çox ağırdır. Yəni o hadisəni mən şəxsi faciəm olaraq yaşamışdım və xüsusilə də, qiyamın ardınca Əbülfəz Elçibəyin prezident səlahiyyətlərinin icrasına xitam verməsi, daha sonra isə onunla bağlı “Vəzifəsini qoydu, qaçdı” təbliğatının uzun müddət aparılması, doğrudan da, məndə depressiv mühit yaratmışdı. Hətta bunu o qədər ağır qarşlamışdım ki, uzun müddət mətbuatdan qaçdım, televiziyalara baxa bilmədim, mətbuatı oxuya bilmədim. Yəni mən sanki bununla özümün alt şüurumu keyidirdim, istəmirdim bu proseslərin içində olum", - deyir Gültəkin Hacıbəyli.

Onun sözlərinə görə, 4 iyun qiyamı baş verməsəydi, Azərbaycan Avropanın aparıcı dövlətləri səviyyəsinə qalxa biləcəkdi: "1992-ci ildə Əbülfəz Elçibəyin, demokratik hərakatın qələbəsi bizim hamımızda, xüsusilə, gənclərdə, məktəblilərdə, tələbələrdə belə bir ümid yaratmışdı ki, Azərbaycan qısa bir müddət ərzində Avropanın aparıcı dövlətləri səviyyəsinə qalxa biləcək. Əslində də belə idi. Hamımız da ümidlənmişdik, gələcəyimizlə bağlı çox böyük ümidlər yaranmışdı. Amma bu ümidlərin tez qırılması, acınacaqlı şəkildə sonlanması çox ağır idi. Xüsusilə, mənə ən çox təsir edən həmin hadisələrdən öncə Sürət Hüseynovun rəhbərlik etdiyi briqadanının Xankəndinin 8 kilometrliynə qədər yaxınlaşması ilə bağlı xəbərlər idi. Biz artıq hesab edirdik ki, Qarabağı işğaldan tam azad etmişik və bunun sevincini yaşayırdıq. Birdən bəlli oldu ki, Sürət Hüseynov, ümumiyyətlə, hərbi birləşmələri Qarabağdan çəkib Bakı üzərinə hücuma keçib. Gəncədə hakimiyyətə qarşı müqavimət göstərdi və nəticə də hər kəsə bəllidir". 

Aqil Abbas- BBC

Deputat Aqil Abbas isə deyir ki, Heydər Əliyev gəlməsəydi ölkə dağılıb gedəcəkdi: "Gəncə qiyamının nəticəsində torpaqlarımızı itirdik. Milli Qvardiyanın qeyrətli oğullarını güllələdilər, ölkədə çevriliş etdilər və nəticədə ermənilərin əlinə oynadılar, daha çox kəndlərimiz, şəhərlərimiz işğal olundu. Gəncə qiyamının nəticəsində torpaqlarımızı itirdik. Ordu Qarabağdakı mövqeləri buraxdı, Bakının üstünə gəldi, nəticədə başqaları da bundan ruhlandılar, yuxarıda separatçılar, aşağıda Əikramın dəstəsi ilhamlandı. Belə bir şəraitdə əgər Heydər Əliyev gəlməsəydi, ölkə dağılıb getmişdi”.

“Bəs Gəncə qiyamı baş verməsəydi, Heydər Əliyev hakimiyətə gələ bilərdimi?” sualına isə Oqtay Qasımov belə cavab verib: "Onu demək çox çətindir. 1993-cü ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulurdu və bu seçkilərdə o zaman qeydiyyatdan keçmiş və cəmiyyətdə müəyyən imkanları olan partiyalar iştirak edə bilərdi ki, onlardan da biri Yeni Azərbaycan Partiyası idi. Heydər Əliyev də o zaman həmin partiyanın sədri idi. Onu seçkilər göstərə bilərdi ki, bu proses necə olacaq".

Gültəkin Hacıbəyli isə deyir ki, bu suala cavab vermək üçün təcrübəsi yetərli deyil: "Mən bu məsələdə fikir bildirə bilmərəm, çünki birincisi, təcrübəm buna imkan vermir. O zaman mən proseslərin içində deyildim, baş verən proseslərin mahiyyətinə bələd deyildim və ona görə də bu gün həmin hadisələrə qiymət verməkdə çətinlik çəkirəm. Amma kənardan, yəni bu günün mövqelərindən durub keçmişə boylananda hesab edirəm ki, Gəncə qiyamı Azərbaycanda qanuni seçilmiş, legitim  hakimiyyət əleyhinə silahlı üsyan, dövlət çevrilişi və ən ağır cinayət idi. Bu cinayət Azərbaycan dövlətini dərin bir uçuruma yuvarladı. Bu gün də hələ Azərbaycan xalqı, nə yazıq ki, o uçurumdan çıxa bilmir. Həmin qiyam Azərbaycanda demokratikləşmə prosesinin qarşısını aldı, uzun illər avtoritarizmin güclənməsinə və diktaturanın möhkəmləndirilməsinə şərait yaratdı"

"Bəli, qiyam olmasa belə Heydər Əliyev hakimiyyətə gələcəkdi, çünki idarə edə bilmirdilər. İdarə olunmurdu. Gərək güclü əl, güclü, dünyanın qəbul elədiyi bir siyasətçi olaydı ki, onun qabağını alaydı, dövləti quraydı. Heydər Əliyev də gəldi, dövləti, onun iqtisadiyyatını, ordusunu qurdu. İndi də bu siyasətin nəticəsində torpaqlarımız azad edildi",  - bunu isə deputat Aqil Abbas deyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hökumət 11 min məhkumluq yeni həbsxanalar tikməyi planlaşdırır

16 Oktyabr 2026

sosial media

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 7-də yerli mətbuata müsahibəsində Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin tikiləcəyini xəbər verib.  Onun sözlərinə görə, 2030-cu ilədək istifadəyə verilməsi gözlənilən həbsxanalar ümumilikdə 11 min məhkum üçün nəzərdə tutulub.  "Artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb. Eyni zamanda, Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub", - o əlavə edib.  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli isə mərkəzin sosial media hesabında nazirin açıqlamasına münasibət bildirərək qeyd edib ki, penitensiar sahədə "islahatlara təkcə həbsxanalar tikməklə...
Siyasət

Polad Aslanovun həyat yoldaşı: “Onu 15 saylı cəzaçəkmə müəssisəsindən aparıblar”

16 Oktyabr 2026

sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun harada saxlanıldığı barədə ailəsinə məlumat verilmədiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial mediada məlumat yayıb. Gülmirə Aslanovanın sözlərinə görə, o, son iki gün ərzində Ombudsmanın Çağrı Mərkəzinə, Penitensiar Xidmətin qaynar xəttinə və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsə də, həyat yoldaşının taleyi ilə bağlı məlumat ala bilməyib. O, qeyri-rəsmi məlumat əsasında Polad Aslanovun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən başqa yerə aparıldığını bildirib. “Polad Aslanovdan bir xəbər yoxdur”, - Gülmirə Aslanova yazıb. Penitensiar Xidmət və digər rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib. Gülmirə Aslanovanın sözlərinə görə, jurnalist məktəblərdə hicablı şagirdlərə tətbiq olunan...

Seçilmiş Videolar

Toplum TV loqo