Siyasət

“Hökumətin bu təklifi medianın müstəqilliyinə müdaxilədir”

23 Fevral, 2021
2051

Sosial Media

“Hökumət qurumlarının jurnalistləri növlərə ayıraraq vəsiqə verməsi medianın bilavasitə funksiyasına və müstəqilliyinə müdaxilədir. Çünki medianın funksiyası hökumətin fəaliyyətinə nəzarətdir”.

Bunu “Toplum TV”-yə hüquqşünas Ələsgər Məmmədli deyib. 

Medianın İnkişafı Agentliyinin (MİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”-yə müsahibəsində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi müzakirə olunacaq. 

O bildirib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətin içərisində fəaliyyət göstərən insanlar da var, lakin indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil.  

Ələsgər Məmmədli - VOA

Jurnalistlərin və media subyektlərinin bundan böyük narahatlıq keçirdiklərini deyən Əhməd İsmayılov “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunun müzakirə ediləcəyini də vurğulayıb.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə MİA rəhbərinin fikirlərini doğru saymır: "Əhməd İsmayılovun da bu təklifi jurnalistlərin və medianın fəaliyyətinə birbaşa müdaxilədir. Ona görə də Medianın İnkişafı Agentliyi bu məsələni unutmalı və bir daha gündəmə çıxarmamalıdır. Agentliyin kütləvi informasiya vasitələrini bu formada tənzimləmək istəyini anlamaq çətindir, çünki qanunvericilik çərçivəsində də bu, onun vəzifəsi deyil. O, media-hökumət münasibətlərində hökumət tərəfinin fəaliyyətinin asanlaşdırılması və jurnalistlərin informasiya ilə təmin olunması məsələlərinə baxmalıdır. Media öz-özünü tənzimləyəcək tərəfdir”. 

Beynəlxalq Konvensiyalar nə deyir?

Ekspert deyir ki, təklif medianın lisenziyalaşdırılmasına hesablanıb və beynəlxalq konvensiyalara ziddir: “Kütləvi informasiya vasitələrinin lisenziyalaşması Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi baxımından yolverilməzdir. Burada teleradio istisnadır, çünki onun fəaliyyətini hökumət onsuz da tənzimləyir. Digər media qurumlarının, o cümlədən jurnalistlərin dolaylı olaraq lisenziya xarakterli vəsiqə ilə fəaliyyət göstərmək imkanının tanınması və ya tanınmaması açıq şəkildə mediaya və jurnalistlərin işinə müdaxilə hesab olunacaq. Bu, medianın özünü tənzimləmə məsələsidir, hər bir qurum özünə uyğun vəsiqə verə bilər və heç kim də bunu məhdudlaşdıra bilməz. Hüquqda belə bir məhdudiyyət yoxdur, qanunun qəbul olunması da mümkün deyil. Çünki biz qanun qəbul edərkən iki önəmli sənədə baxırıq; birincisi Konstitusiya, ikincisi isə qoşulduğumuz Avropa Konvensiyasıdır. Konstitusiyanın 47 və 50-ci maddəsi, Konvensiyanın isə 10-cu maddəsi heç bir media qurumuna və parlamentə belə bir səlahiyyət vermir ki, jurnalistləri növlərə ayırsın və onlara vəsiqə versin”.

Qulu Məhərrəmli - Sosial Media

Əməkdar jurnalist Qulu Məhərrəmli isə hesab edir ki, bu məsələyə fərqli mövqelərdən baxıla bilər: “Ölkədə fəaliyyət göstərən jurnalistlərə vahid vəsiqənin verilməsi birmənalı qarşılanmır və buna müxtəlif aspektlərdən yanaşmaq olar. Məsələn, təklif hər kəsin bu sferaya girməməsi, jurnalistin vəzifəsindən və mediadan sui-istifadə etməməsi məqsədini güdürsə, burada müəyyən işıqlı nüanslar var. Amma demək olar ki, dünyanın heç bir ölkəsində vahid vəsiqə sisteminin olması praktikası yoxdur. Türkiyədə sarı kart anlayışı var idi, amma bu vəsiqə özündə əlavə keyfiyyətlər daşıyırdı, məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə, yaxud hər hansısa situasiyada müəyyən üstünlüklərə sahib olmaq kimi”. 

“Atılan addımlar heç bir halda mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlməməlidir”

Q. Məhərrəmli deyir ki, bu məsələ sərbəst çalışan (frilans) jurnalistlərin fəaliyyətinə əngəl törətməməlidir: “Ortaya çıxan birinci sual bu vəsiqələrin kimlərə veriləcəyidir. Müstəqil fəaliyyət göstərən jurnalistlər var ki, onlar heç bir qurumda çalışmır, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Bu şəxslərə vahid vəsiqə veriləcəkmi? Digər tərəfdən bunun əleyhinə olan şəxslər vəsiqənin onların fəaliyyəti üçün lisenziya rolunu oynayacağını əsas gətirib etiraz edə bilərlər. Bu halda onlar jurnalist fəaliyyətlərini icra edə biləcəklərmi?

Bundan başqa, blogerlər də araşdırmalar apararaq fəaliyyət göstərirlər və onlar da UNESCO-nun təsbitinə görə jurnalist sayılırlar. Onlara da vəsiqə veriləcəkmi? Bu və bu kimi suallar müəyyən fikir ayrılıqları yaradır. Medianın İnkişafı Agentliyinin yazılı media sahəsində müəyyən nizamlama yaratmağa çalışmasını və bu istiqamətdə addımlar atmasını təqdir edirik, amma bu, heç bir halda jurnalist fəaliyyətinin və mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlməməlidir”.

"Jurnalist fəaliyyəti üçün lisenziyaya ehtiyac yoxdur"

Aynur Kərimova - Sosial Media

“Qazet.az” saytının baş redaktoru Aynur Kərimova isə alternativ təklif irəli sürüb: “Peşə standartlarının yüksək olduğu ölkələrdə jurnalist fəaliyyəti üçün lisenziyaya ehtiyac yoxdur. Fikrimcə, vahid vəsiqələrin verilməsi jurnalistlərin peşəkar fəaliyyəti üçün hansısa ümumi bir müstəvinin hazırlanması, yəni ortaq professional  “səhnə"nin yaradılmasıdır. Amma mən alternativ olaraq daha çox professional gildiyanın yaradılmasının tərəfdarıyam, nəinki hansısa rəsmi orqan tərəfindən tənzimlənən və məcburi olan bir prosesin. Çünki ölkədə "fenomenal"  bir durum mövcuddur. Yəni Azərbaycanda pul qarşılığında hansısa informasiyanın yayılıb-yayılmamasını tələb edən jurnalistlər fəaliyyət göstərir”. 

 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fərid İsmayılovun azadlığı üçün Avropanın bir neçə şəhərlərində kampaniya keçirilib

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılovun azadlığı tələbilə Avropanın müxtəlif şəhərlərində kampaniya keçirilib.  Kampaniyanın təşkilatçıları Azərbaycan səfirliyinin binası da daxil olmaqla ictimai məkanlara posterlər yapışdırıblar. Posterdə Jurnalistləri Müdafiə Komitəsinin saytında F.İsmayılov barədə məlumatın əks olunduğu səhifəyə aparan QR kod yerləşdirilib.  Təşkilatçıların sırasında jurnalist Ülviyyə Şahin, Azərbaycan Xalq Parlamentinin həmsədri Abid Qafarov və digərləri var.  "Fərid gənc, qətiyyətli, cəsarətli və perspektivli jurnalistdir. Dövlət belə gəncləri potensiallarını reallaşdırmaları üçün dəstəkləməli, onları həbs etməməlidir. Bu repressiv siyasət nəticəsində Azərbaycan dünyada gəncliyi məhv edilən ölkə kimi tanınacaq. Əgər bu zülmü dayandıra bilmiriksə, o zaman hamının bundan xəbərdar olmasını təmin etməyə borcluyuq", - kampaniya...
Siyasət

4 erməni məhbus azad olundu: Digərlərini və “siyasi məhbus”ları nə gözləyir?

16 Yanvar 2026

Foto/kollaj: Toplum TV

Yanvarın 14-də Azərbaycanda həbs cəzası çəkən dörd erməni məhbus azad olunaraq Ermənistana qaytarıldı.  Azərbaycan ictimaiyyəti xəbəri Ermənistan baş naziri Nikol Paşinyandan öyrəndi və müharibə cinayətlərində təqsirli bilinmiş şəxslərin qaytarılması ilə bağlı rəsmi izahat verilmədi.  Növbəti gündən mətbuatda çıxış edən deputatlar isə burada “humanizm prinsipinin rəhbər tutulduğuna” diqqət çəkdilər.  “Biz artıq başqa bir müstəviyə keçir, dünyaya başqa nümunələri də göstəririk. Göstəririk ki, biz kişi kimi mübarizə apara bilirik”, - Milli Məclisin üzvü Səməd Seyidov “Pravda.az”a deyib.  Azərbaycanda soyqırımı və terrorizm də daxil olmaqla müxtəlif cinayət əməllərində təqsirləndirilərək həbsdə saxlanılan daha 19 erməni məhbus var. Onların sırasında keçmiş Dağlıq Qarabağ ərazisində mövcud...

Seçilmiş Videolar

Toplum TV loqo