Siyasət

Tofiq Yaqublunun səhhəti pisləşib, ürək döyüntüsü 57-ə düşüb

15 Aprel, 2025
648

Tofiq Yaqublu/şəxsi arxiv

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aclıq aksiyasının 15-ci günündədir. 

Yaqublunun qızı Nigar Həzi aprelin 15-də “Facebook” səhifəsində xəbər verib ki, atasının səhhəti pisləşib.

O yazıb ki, Yaqublu bu dəfə evə həmişəkindən gec zəng vurub. 

“Səsi çox halsız, yorğun və zəif gəlirdi. Danışanda dedi ki, ondan qan qan analizi götürə bilmədikləri üçün gec zəng edib. Dedi ki, analiz üçün damardan qan çıxmırdı deyə, götürə bilmirdilər. Qan qatı və qara idi. Həkim xeyli çalışdıqdan sonra güclə 3 qram qan götürə bilib”, - Nigar Həzi qeyd edib. 

O əlavə edib ki, atasının mədəsində kəskin ağrılar əmələ gəlib və ümumən bütün bədəni ağrıyır: 

“Suyu belə güclə içə bilir, gecələr yata bilmir. Ürək döyüntüsü kəskin aşağı düşüb. Dünən 95 olan ürək döyüntüsü bu gün 57-dir.”

Aprelin 14-də Yaqublu ilə görüşən vəkili Nazim Musayev qeyd edib ki, siyasətçi artıq 2 həftə ərzində 10 kq-dan çox çəki itirib.

Bütün bunlara baxmayaraq, Nigar Həzi bildirir ki, Penitensiar Xidmət 1 həftədir ki, ailənin istəyi üzrə həkim Adil Qeybullanın təcridxanaya siyasətçini müayinə etmək üçün buraxılması haqda ərizəyə cavab vermir. 

“Görünən odur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ərizəyə cavabı Tofiq Yaqublunun nəşinin təcridxanadan çıxarılmasıyla bağlı olacaq”, - o qeyd edib.

Yaqublu özü isə aclıq aksiyasını davam etdirməkdə israrlıdır. “Möhkəməm. Nə olmağından asılı olmayaraq sona qədər gedəcəm. Aclıq ağrılı da, çətin də olsa qərarımın geri dönüşü yoxdur.  Qoy, özləri bilsinlər!”, - deyə o, qızına telefon danışında bildirib. 

Yaqublunun azadlığa buraxılması tələbilə kampaniya isə sosial mediada davam edir.

Müxtəlif fəallar  “Tofiq Yaqublunu azad edin” həştəqi ilə paylaşımlar edir. 

Siyasətçinin oğlu Rəhim Yaqublu isə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin önündə atasına azadlıq tələbilə aksiya keçirir. O, Yaqublunun şəkli olan və “azad edin” yazılı posterləri səfirlik önündə işıq dirəklərinə yapışdırıb. 

“Özünü azərbaycanlı sayan heç bir vətəndaş Yaqublu üçün susmamalıdır, hərə əlini bir daşın altına qoymalıdır. Çünki belə davam edə bilməz. Ölkə Şimali Koreya olmaq yolunda sürətli addımlarla gedir”, - Rəhim Yaqublu çəkdiyi video müraciətdə deyib. 

Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunmuş və 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 

Hökmdən dərhal sonra, Yaqublu məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başlayıb və onu 17 gün davam etdirib.

Sonradan əziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülən Yaqublu, ev dustaqlığına buraxılıb. 

2021-ci ildı Bakı Apellyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Paşinyan: “Tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağıq" 

13 Avqust 2026

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağını bildirib.  O, bunu avqustun 13-də jurnalistlər üçün brifinqdə deyib.  Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyinə aydınlıq gətirməyib.  Azərbaycan və Ermənistan arasında ticarət əlaqəsi ötən ilin dekabrından başlayıb. Lakin bu ticarət, əsasən, birtərəfli olub. Belə ki, indiyədək Azərbaycan Ermənistana neft məhsulları ixrac edib.  Ermənistan da bu ilin martında Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül ixrac edib. Lakin həmin məhsulun mənşə ölkəsi Hollandiya olub.  Bu ilin yanvarında Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan bir-biri ilə ixrac potensialı olan məhsulların siyahısını bölüşüb.
Siyasət

İlham Əliyev: “Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər”

13 Avqust 2026

sosial media

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, gələcəkdə Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər. Avqustun 11-də “AzTV”-yə müsahibəsində Əliyev deyib ki, Ermənistan sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasını (AES) qeyri-müəyyən müddətə istismar edə bilməz. Onun sözlərinə görə, stansiyanın fəaliyyəti dayandırılarsa, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Prezident bildirib ki, Azərbaycan mütəxəssisləri artıq Ermənistanda ilkin araşdırmalar aparıb və elektrik ötürücü xətlər üçün dirəklərin quraşdırıla biləcəyi mümkün əraziləri müəyyən ediblər. O əlavə edib ki, Azərbaycandan Ermənistan üzərindən Naxçıvana elektrik enerjisinin ötürülməsini nəzərdə tutan yüksək gərginlikli elektrik xətti layihəsi hazırdır və onun tikintisi ən çoxu altı ay çəkə bilər. “Ümid edirəm...

Seçilmiş Videolar

Toplum TV loqo