Siyasət

Akif Qurbanov: “Vensin səfəri fürsət kimi dəyərləndirilməlidir”

7 Fevral, 2026
46

Foto/kollaj: Toplum TV

"Toplum TV işi" üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov həbsxanadan yazır:

ABŞ-nin vitse-prezidenti J.D.Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri önəmli hadisədir. Bundan əvvəl, 2005-ci ildə ABŞ prezidenti Corc Buşun Tbilisiyə səfəri olmuşdu. ABŞ dövlət katibindən daha yüksək vəzifəli şəxsin regionumuza səfərini xatırlamıram. 2005-ci ildən sonra ikinci haldır ki, ABŞ-dən yüksək vəzifəli şəxsin regional səfəri baş tutur. Nensi Pelosi də yalnız Ermənistana gəlmişdi.

Açıqlandığı kimi, Vensin səfəri sülh prosesi və TRIPP layihəsi ilə əlaqələndirilir. Heç şübhəsiz ki, İranla bağlı hadisələr, Ermənistanda gözlənilən seçki prosesi, regional təhlükəsizlik və enerji layihələri də səfərin gündəmində ola bilər. Hesab edirəm ki, məsələyə bütöv yanaşsaq, səfərin böyük əhəmiyyəti var. ABŞ-də hansı partiyanın hakimiyyətdə olması cəmiyyətimizi və bütövlükdə xalqımızı maraqlandırmalıdır.

Biz - Azərbaycan siyasətçiləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri  məsələyə hakimiyyətdən fərqli, daha fundamental yanaşmalıyıq. Dövlətlərarası münasibətləri kimin hakimiyyətdə olması və şəxsi münasibətlərin yaxınlığı ilə deyil, daha geniş mənada xalqlararası münasibətlər, institutlar və cəmiyyətin müxtəlif təmsilçiləri ilə əlaqələr kontekstində dəyərləndirməliyik. Bir sözlə, münasibətlər institusional və dayanıqlı olmalıdır. 

Şəxsi münasibətlərin əlavə töhfəsi ola bilər, lakin yalnız onlara əsaslanan əlaqələr nə qalıcı olur, nə də sabit siyasət formalaşdırır. Xatırladım ki, 1919-cu il 28 mayda ABŞ prezidenti Vudro Vilsonun qəbul etdiyi nümayəndə heyəti də AXC siyasi həyatının müxtəlif təmsilçilərindən ibarət idi.

2008-ci ildən bu yana Əliyev hökuməti ilə ABŞ arasında yüksək səviyyəli görüş və səfərlərin olmaması faktdır. Hakimiyyət bunu daha çox demokratlarla əlaqələndirməyə çalışırdı. Lakin 2016-2020-ci illərdə hakimiyyətdə olan Respublikaçılar və Tramp administrasiyası ilə də münasibətlərdə ciddi irəliləyiş olmadı. Buna görə də problemi yalnız demokratlarla əlaqələndirmək qərəzli yanaşmadır və obyektiv reallıqları gizlətməkdir.

Həmin dövrdə Azərbaycan və Ermənistan arasında münaqişə davam edirdi. Yaxın Şərqdə vəziyyət fərqli idi. Neft bumu fonunda Rusiyanın təsir imkanları güclənmişdi və 2006-cı ildən artan neft gəlirləri Əliyev iqtidarının mövqelərini möhkəmləndirmişdi. Türkiyə ilə münasibətlər indiki qədər yaxın deyildi, Rusiya ilə əlaqələr isə daha sıx idi. Eyni zamanda, Rusiyanın Ermənistanda, Yaxın Şərqdə, postsovet məkanında və xüsusilə Şərqi Avropada təsiri xeyli güclü idi. ABŞ isə daxili iqtisadi böhran, Əfqanıstan və Yaxın Şərqdə hərbi əməliyyatlarla məşğul idi. Bu faktorların bir çoxu indi dəyişib.

Bununla belə, hazırkı isti təmasların təbliğat maşını tərəfindən Trampın İlham Əliyevlə şəxsi münasibətləri ilə əlaqələndirilməsi hakimiyyətin ənənəvi yanaşmasıdır. Münasibətlər pisləşəndə bunu “xarici düşmənçilik”, yaxşılaşanda isə şəxsi hörmət kimi təqdim edirlər. Bu, sistemin dövlət anlayışı ilə bağlıdır: hakimiyyət özünü dövlətlə eyniləşdirir.

Biz isə bu yanaşmanı paylaşmamalıyıq. ABŞ administrasiyasının ideoloji-siyasi xəttinin qiymətləndirilməsini ABŞ vətəndaşlarına buraxmalı, öz maraqlarımıza fokuslanmalıyıq. Bizi maraqlandıran ABŞ xalqı adından qərar verən və dövləti legitim təmsil edən prezident və administrasiya ilə, həmçinin ABŞ-nin digər dövlət və qeyri-dövlət institutları ilə münasibətlərin ölkələrarası və xalqlararası kontekstdə inkişafıdır.

ABŞ-nin qlobal siyasi, iqtisadi və hərbi gücü məlumdur. Bu reallıq nəzərə alınaraq, Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadi və demokratik inkişafı baxımından ABŞ ilə münasibətlər əhəmiyyətlidir. Təsadüfi deyil ki, 1920-ci il 12 yanvarda AXC-nin tanınmasında, eləcə də 1991-ci ildə müstəqilliyin yenidən tanınmasında ABŞ, Böyük Britaniya və Türkiyənin mühüm rolu olmuşdur.

Geosiyasi dəyişikliklər ABŞ-nin regionda aktivliyini artırıb. Bu reallığı düzgün qiymətləndirməliyik və münasibətləri şəxsi əlaqələr səviyyəsindən çıxarıb ABŞ-Azərbaycan münasibətləri müstəvisinə keçirməliyik. ABŞ-nin Azərbaycanla əlaqələri yalnız hökumətlərarası deyil, həm də cəmiyyətin müxtəlif təbəqələri ilə qurmağa çalışması mühüm məqamdır.

Cəmiyyət olaraq bu yanaşmanın davamına və inkişafına fokuslanmalı, ABŞ tərəfinə gözləntilərimizi açıq və səmimi şəkildə çatdırmalıyıq. İki tərəfli strateji sənədlərdə yalnız hökumətin prioritetləri deyil, həm də xalqın fundamental maraqları - demokratikləşmə, hüququn aliliyi, şəffaflıq, hesabatlılıq və insan haqları yer almalıdır.

Regionda sabit sülh və təhlükəsizlik demokratikləşmə olmadan mümkün deyil. Xalqın idarəetmədə iştirakı, azadlıqların təminatı və müstəqil məhkəmə sistemi əsas şərtlərdəndir. ABŞ-nin demokratik inkişaf proseslərində rolu danılmazdır.

Bu baxımdan, vitse-prezidentin səfərini fürsət kimi dəyərləndirərək ABŞ hökumətinə və digər institutlara müraciətlərin təşkili vacibdir. Petisiyalar, vətəndaş təşəbbüsləri və beynəlxalq advokasi fəaliyyəti bu istiqamətdə gücləndirilə bilər.

Unutmayaq: ölkəmizin taleyi öz əlimizdədir. Yerli və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdikcə, daha işıqlı gələcəyə doğru irəliləmək mümkün olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib.  Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır".  Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub.  Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan...
Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...

Seçilmiş Videolar

Toplum TV loqo