Siyasət

Şəmşad Ağa yazır: Müsəddiqdən əvvəlki və sonrakı İran

5 noyabr, 2026
16

Foto: Chatgpt

“Meydan TV işi” üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından göndərdiyi yazıda tarixçi Cəmil Həsənlinin “İran neftin kölgəsində” kitabı barədə fikirlərini bölüşüb. Jurnalist İranın siyasi tarixi və təbii sərvətlərin cəmiyyətlərin taleyinə təsiri barədə yazıb.

“Meydan TV”nin dərc etdiyi yazını olduğu kimi təqdim edirik.

“İllər öncə hansısa qəzetdə qarşıma lətifəvari bir məlumat çıxmışdı: “İranın baş naziri Məhəmməd Müsəddiqdən soruşurlar:

- Ölkədə bu qədər adam edam olunur. Əgər sonradan məlum olsa ki, bu adamlar günahsız yerə edam olunublar, onda necə olacaq?

Baş nazir cavab verir:

– Əgər bu dünyada günahsız yerə edam edilmişsə, o dünyada cənnətə gedəcəklər”.

Bu məlumatı professor Cəmil Həsənlidən dəqiqləşdirəndə belə bir lakonik cavab verdi: “İnanmıram. Müsəddiq belə söz deməz!”

Doğrudan da, bir qədər araşdırdıqdan sonra bəlli oldu ki, qəzet bilərəkdən və ya bilməyərəkdən səhv edib. Onda hələ alimin Müsəddiqlə bağlı az qala bütün Avropaya səs salmış araşdırması da dərc olunmamışdı…

İndi zindanın kiçik bir hücrəsində Cəmil Həsənlinin “İran neftin kölgəsində” kitabının hər bəndini oxuduqca böyük bir xalqın hansı bədbəxtliyə yuvarlandığını, “qara qızıl”ın onun nicatı yox, fəlakəti olduğunu bir neft-qaz ölkəsinin vətəndaşı kimi iliyimə qədər hiss edə bilirəm.

Kitab “Harvard Soyuq Müharibə Seriyası”nda müəllifin sonuncu fundamental araşdırmasıdır. Burada zəkalı oxucu İranın timsalında neftin xalqların taleyində necə bir kölgə və fəlakət olduğunu, insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin neft quyularında necə batırıldığını, qaz borularında boğulduğunu aydın görə bilir.

Düzdür, tarix “əgər” və “bəlkə”ləri sevmir. Asif Ata onu sonsuz üfüqlərə bənzədirdi. Amma istər-istəməz adam kitabı oxuduqca düşünür: əgər Müsəddiqin götürdüyü xətt qalib gəlsəydi, İran xalqı bu gün dünya xalqlarının sıralamasında harada olacaqdı, bugünkü fəlakətləri yaşayacaqdımı, monarxiyanın – şahlığın təbəəliyindən teokratiyanın itaətkar quluna çevriləcəkdimi?

“İran neftin kölgəsində” tarixi bir araşdırma, fundamental elmi əsərdir. Araşdırmada Qərblə Sovetlərin maraqlarının toqquşduğu bir ölkədən, coğrafiyanın ən qədim xanədanlıqlarının ərazisi olan bir məkanda baş verən təlatümlü hadisələrdən, xalqın rifahına heç bir təsiri olmayan İran nefti uğrunda gedən soyuq müharibədən və bu proseslərin fonunda tarixi şəraitin siyasi səhnəyə çıxardığı Milli Cəbhə və onun lideri doktor Məhəmməd Müsəddiqin həyat yolu və neftin milliləşdirilməsi uğrunda bütün dünyanı gözə alan mübarizəsindən bəhs olunur…

Müəllif araşdırmada bir xalqın ağrılı-acılı taleyi ilə yanaşı, İran neftini öz şəxsi əmlakına çevirmiş İngilis-İran Neft Şirkətinin və onun arxasındakı imperialist maraqların gerçək mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Elə həmin imperialist maraqlar Müsəddiqi devirərək onun mütərəqqi ideyalarını xalqı və onun sərvətlərini öz hakimiyyət maraqlarına görə satan despotizmə – şahlığa qurban verdilər.

Düzdür, Müsəddiqin də səhvləri oldu. Hüseyn Fatemi kimi silahdaşlarını dinləyib, qiyamçılara qarşı radikal addımlar atmadı, monarxiya ilə yetinib respublikaya keçid etmədi. Nəticədə Fatemilər bu yolda həyatlarını qurban verdilər.

Yeri gəlmişkən, mən bu elmi fundamentalizmin içində ağrılı-acılı bir bədii portret gördüm: “İtirilmiş İran…”

Öncə məkan olaraq sovetlərin, sonra Qərbin, daha sonra ölkə və vətən olaraq iranlıların itirdiyi İran. Müsəddiq və silahdaşları məhz həmin itirilmiş İranın övladları və qəhrəmanları idi…

Sonda müəllifin doktorun xarakteri ilə bağlı yazdığı bir epizoda diqqət yetirməkdə gərək var. Bu epizod mənə ADR-in baş naziri Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktubu xatırlatdı.

Məncə, Şərqin avtoritar rejimlərinin əsarətində olan bütün xalqlar bu məqamı diqqətdən qaçırmamalıdırlar:

“O, baş nazir kimi əməkhaqqı almaqdan imtina etmişdi, hökumət başına gələndə ilk addımı kiçik oğlu Əhmədi yollar nazirinin müavini vəzifəsindən çıxarmaq olmuşdu. Cenevrədə oxuyan nəvəsi Məcidi xaricdə oxuyan İran tələbəsi kimi dövlət yardımından məhrum etmişdi. Xarici səfərlər zamanı özünün və ailəsinin xərcini özü çəkirdi. Müstəsna dərəcədə qanunpərəst idi. Bir dəfə həyat yoldaşı Zəhra əs-Səltənə Tehranda sürücüsü ilə ‘giriş qadağandır’ qaydasını pozanda polis onları saxlamışdı. Sürücü arxada oturanın kim olduğunu bildirəndə, polis demişdi: ‘Mənə fərqi yoxdur kimdir, cəriməni ödəməlidir’”.

Zəhra xanım bu hadisəni Müsəddiqə danışanda o, polis rəisinə zəng edib göstəriş vermişdi ki, həmin zabiti yol polisinin rəisi qoysunlar”.

Bəli, bu, Müsəddiq idi: mollalardan və şahdan fərqli…

İngilis-İran Neft Şirkətinə gəlincə isə, onun indiki adı BP-dir.

Bu sizə nəsə demirmi, əziz azərbaycanlılar?!

P.S. Mən əsərdən çox faydalandım və hər kəsə də oxumağı tövsiyə edirəm".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ruslan İzzətli yazır: “Rusiya Cənubi Qafqazdan imtina etməyəcək”

4 noyabr 2026

şəxsi arxivi

“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Cənubi Qafqazda Rusiya, Türkiyə və İranın təsiri barədə yazıb. Ruslan İzzətlinin yazısını olduğu kimi təqdim edirik. “Rusiya-Ukrayna müharibəsinin necə nəticələnməsindən asılı olmayaraq, Rusiya iki əsrdir təsir dairəsində saxladığı Cənubi Qafqazdan imtina etməyəcək. Cənubi Qafqaz ölkələrindən kim Moskvanın çətiri altında olmaqdan imtina edəcəksə, sərt reaksiya görəcək. Necə ki, 2008-ci ildə Saakaşvili iqtidarının Moskvanın çətirindən imtinası ərazilərinin işğalı ilə nəticələndi. Cənubi Qafqazda Saakaşvilidən sonra ikinci cəhdi Ermənistan etməyə çalışır. Paşinyanın qərbyönlü siyasətinə Putin “Qarabağ kartı” ilə cavab verdi. Ənənəvi müttəfiqi İrəvanı İkinci Qarabağ müharibəsində tək qoydu....
Siyasət

Əfqan Sadıqov siyasi şüarlar səsləndirdikdən sonra məhkəmədən çıxarılıb

4 noyabr 2026

sosial media

Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Jurnalistin yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Sadıqov məhkəmə zalına əlləri qandallı, beş konvoy əməkdaşının müşayiəti ilə gətirilərək şüşə kabinəyə yerləşdirilib. Hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimlinin müvəkkilinin şüşə kabinədən çıxarılaraq yanında əyləşdirilməsi barədə vəsatəti təmin edilsə də, onun qollarındakı qandal açılmayıb. Hakim iş üzrə yeddi nəfərin zərərçəkmiş şəxs kimi tanındığını, onlardan üçünün məhkəmə iclasında iştirak etdiyini bildirib. Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub. Sadıqov ittihamda yazılanların hamısının yalan olduğunu deyib. O, jurnalist...

Seçilmiş Videolar

Toplum TV loqo