Siyasət

Avropa Məhkəməsi Elmar Vəliyevdən yazan jurnalistə qarşı hüquq pozuntularını tanıyıb

7 Oktyabr, 2026
9

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "criminal.az" saytının baş redaktoru Anar Məmmədovun şikayəti üzrə işə baxıb.

Vəkil Fariz Namazlının məlumatına görə, məhkəmə oktyabrın 6-da verdiyi qərarda jurnalistə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən hüquq pozuntularını tanıyıb.

A.Məmmədovun şikayəti Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin 2018-ci ilin iyulunda sui-qəsd cəhdinə məruz qalmasından sonra onun fəaliyyəti barədə məqalələr yazması və buna görə cinayət təqibinə məruz qalması ilə bağlı olub.

Həmin il iyulun 9-da Baş Prokurorluq "criminal.az" da daxil olmaqla məqalələrin dərc olunduğu saytlara girişin bloklanmasını tələb edib. Eyni gündə ərizəçi prokurorluqda dindirilib, onun iki mobil telefonu, noutbuku və müxtəlif sənədləri götürülüb.

A.Məmmədova qarşı
Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərinin həddini aşma) və 313-cü maddəsi ilə (vəzifə saxtakarlığı) ittihamları irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu bütün ittihamlar üzrə təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib və cəzanı 2 il sınaq müddəti ilə şərti tətbiq edib.

Avropa Məhkəməsi qərarında göstərib ki, jurnalistin şəxsi əşyalarının götürülməsi,
eləcə də telefonların məzmununun yoxlanılması  onun şəxsi həyatına hörmət hüququna müdaxilə təşkil edib. Bununla da, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin pozuntusu müəyyən edilib.

Digər məsələ götürülmüş əşyaların uzun müddət saxlanılması ilə bağlı olub. Noutbuk iş üzrə maddi sübut kimi tanınsa da, məhkəmə hökmü 2019-cu ilin iyunun 4-də qanuni qüvvəyə mindikdən sonra qaytarılmalı idi. Hökumət isə noutbukun bu tarixdən sonra saxlanılmasının hüquqi əsasını göstərə bilməyib. Mobil telefonlar isə ümumiyyətlə iş üzrə maddi sübut kimi tanınmayıb və onların qaytarılması barədə hələ 2018-ci ilin dekabrında qərar qəbul edilib. AİHM əşyaların saxlanılmasının davam etdirilməsini qanunsuz və özbaşına hesab edərək konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozuntusunu da müəyyən edib.

Əsas məsələ isə ərizəçinin məqalələrə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olub. AİHM məqalələri bütövlükdə araşdıraraq Cinayət Məcəlləsinin 281-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yönəlmiş hər hansı “açıq çağırış” müəyyən edə bilməyib. Yerli məhkəmələrin istinad etdiyi şahidlər də konkret hansı ifadələrin dövlət əleyhinə çağırış olduğunu göstərə bilməyiblər. Eyni zamanda, AİHM məqalələrdə zorakılığa təhrikin də olmadığını müəyyən edib. 

Nəticədə AİHM yerli məhkəmələrin ərizəçinin məhkum edilməsinə “müvafiq və yetərli” əsaslar göstərmədiyini və müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığını müəyyən edərək konvensiyanın 10-cu maddəsinin də pozuntusu barədə qərar qəbul edib.

Məhkəmə jurnalist üçün mənəvi zərərə görə 6 min, hüquqi xərclərə görə isə 1500 avro təzminat təyin edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

AXCP fəalı Anar Ərkivan 20 sutkalıq həbs olunub 

7 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Anar Hüseynov (Ərkivan) inzibati qaydada həbs olunub.  Bu barədə partiya fəalı Ceyhun Novruzov məlumat yayıb. Onun sözlərinə görə, A.Ərkivana 20 sutka müddətinə həbs cəzası verilib.  AXCP üzvləri A.Ərkivanın saxlanması barədə oktyabrın 6-da məlumat yaymışdı. Məlumata görə, fəal yaşadığı evdən zibil atmaq üçün çıxarkən 4-5 mülki geyimli şəxs tərəfindən saxlanılıb. Anar Ərkivan bu il müxtəlif vaxtlarda iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib. AXCP həmin həbslərin siyasi motivli olduğunu bildirib.  Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox üzvü həbsdədir. Həbs olunanlar ittihamları rədd...
Siyasət

“QHT işi” üzrə təqsirləndirilən Mehriban Rəhimliyə şərti cəza verilib

7 Oktyabr 2026

sosial media

Qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən, ABŞ-nin German Marşall Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimliyə hökm oxunub. Hök oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Mehriban Rəhimliyə 4 il sınaq müddəti olmaqla, 7 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin edilib. Mehriban Rəhimli daha öncə məhkəmədə verdiyi ifadəsində ittihamları rədd edib. O bildirib ki, 2008-ci ildən “German Marşal Fondu”nda xidmət müqaviləsi əsasında məsləhətçi kimi çalışıb, lakin fondun maliyyələşdirdiyi layihələr üzrə qərarların qəbulunda və vəsaitlərin köçürülməsində rolu olmayıb. “İlkin rəydən sonra hər bir layihəni...

Seçilmiş Videolar

Toplum TV loqo