Azərbaycan-İsrail əməkdaşlığı: Süni intellekt müxalifləri təqibdə istifadə oluna bilər?
Foto/kollaj: Toplum TV
Süni intellekt bu gün dünyada insanların gündəlik həyatının bir parçası olmağa başlayıb. İnkişaf etməkdə olan ölkələr bu sahənin inkişafına ciddi sərmayələr qoyur.
Azərbaycan da bu tendensiyadan yan keçmək istəmir.
Ötən ilin martında prezident İlham Əliyev sərəncamla “2025–2028-ci illər üçün süni intellekt strategiyası”nı təsdiqləyib.
24 səhifəlik sənəddə qeyd olunub ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları “ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər”.
Strategiyanın məqsədləri sırasında süni intellekt təlimi mərkəzləri yaradılması və ixtisaslaşmış işçi qüvvəsinin yetişdirilməsi göstərilib.
Lakin müasir təcrübə göstərir ki, ölkələr süni intellektdən təkcə iqtisadi inkişaf üçün istifadə etmirlər.
“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı bildirir ki, Rusiya və Çin kimi ölkələr süni intellektdən əhali üzərində nəzarət mexanizmi kimi yararlanır.
ABŞ-də də prezident Donald Trampın administrasiyası əvvəlki dövrlərdə ölkəyə gəlmə hüququ qazanmış xaricilərin vizalarını ləğv etmək üçün süni intellektlə işləyən “Catch and Revoke” (“Tap və Ləğv Et” - red.) tətbiqindən istifadə edir. Tətbiqin sayəsində ABŞ Dövlət Departamenti əməkdaşları vizaya sahib şəxslərin sosial media hesablarını nəzərdən keçirir və Tramp administrasiyasını və ya İsraili tənqid edənlərin vizasını ləğv edir.
Türkiyə və Gürcüstanda da hökumət əleyhinə etirazlarda iştirak etmiş şəxslərin müəyyən edilməsi üçün süni intellektlə işləyən üztanıma texnologiyalarından istifadə barədə hesabatlar var.
“Toplum TV”-yə danışan siyasi və sosial elmlər üzrə tədqiqatçı Samirə Ələkbərli deyir ki, texnologiya və süni intellektdən necə istifadə olunması onu alətə çevirən siyasi rejimlərin və dövlətlərin maraqlarından və prinsiplərindən asılıdır.

“Bu baxımdan, hazırda süni intellekt yarışı təkcə inkişaf və innovasiya yarışı deyil, həm də dəyərlərin yarışıdır. Bu cür texnologiyalar cəmiyyətlər və ictimai qurumlar üçün olduqca yeni olduğundan, onların insan davranışlarına, qərarlarına və həyatlarına təsiri hələ də tam şəffaf şəkildə araşdırılmayıb, istər fərdi, istərsə də siyasi-struktural miqyasda etik çərçivələri tam müəyyən olunmayıb. Beləliklə, bu texnologiyalar avtoritarizmin güclənməsinə də xidmət edir”, - o qeyd edib.
S.Ələkbərlinin sözlərinə görə, avtoritar dövlətlər süni intellekt və qabaqcıl rəqəmsal texnologiyalardan istifadə edərək vətəndaşlar üzərində nəzarəti gücləndirir və “əvvəllər ünsiyyət, bilik paylaşımı və insan həyatının asanlaşdırılması üçün nəzərdə tutulmuş vasitələri nəzarət, senzura və sosial manipulyasiya alətinə çevirir”.
“Məsələn, Çin də texnologiya sahəsində qlobal güclərdən biridir və süni intellekt texnologiyalarını dövlətin cəmiyyət üzərində repressiya və nəzarət aləti kimi uzun illərdir ki, həm daxildə, həm də xaricdə tətbiq edir. Bu texnologiyalar tekno-avtoritarizm daxilində həm də transmilli repressiyalar, monitorinq və izləmə imkanlarını artırır”, - o əlavə edib.
Fevralın 3-də Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, əməkdaşlıq superhesablama infrastrukturu, süni intellektin mühüm mülki sahələrdə tətbiqi, insan kapitalı və birgə elmi tədqiqatları əhatə edəcək.
S.Ələkbərli xatırladır ki, bu gün İsrail yüksək texnologiyalar sahəsində beynəlxalq arenada aparıcı ölkələrdən biridir və özünü ilk strateji milli kibertəhlükəsizlik siyasətini formalaşdıran dövlətlərdən biri hesab edir.
“Hazırda bu texnologiyaların istehsalı və satışı, eyni zamanda kiber bilik və süni intellekt potensialı İsrail üçün həm geosiyasi təsir vasitəsinə, həm də güclü diplomatik kapitala çevrilib. İsrailin bu texnologiyalardan necə və hansı məqsədlərlə istifadə etməsinə baxanda mənzərə yenə aydın olur. Məsələnin müasir inkişaf, iqtisadi və texnoloji tərəqqi kimi kosmetik tərəflərini kənara qoysaq, bu sistemlərin Fələstin ərazilərində, fələstinli əhali üzərində həm illərlə qurulmuş aparteid rejimi daxilində, həm də Qəzzada apardığı amansız müharibə dövründə həm hərbi qabiliyyətinin, həm də əhali üzərində nəzarət, izləmə və repressiya imkanlarının sınaqdan keçirilməsi və inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını görürük”, - o vurğulayıb.
İsrail ordusu 2023-cü ilin oktyabrından Qəzzada apardığı müharibədə rəqəmsal izləmə üzrə ixtisaslaşan ABŞ şirkəti “Palantir”in xidmətlərindən yararlanıb. Şirkətin icraçı direktoru Aleks Karp ötən ilin aprelində bir forumda fələstinli etirazçının sualına cavab olaraq deyib ki, “Palantir”in təmin etdiyi data məlumatları “əsasən, terrorçuları öldürür”.
Həm İsrail, həm Qəzza rəsmilərinin hesablamalarına görə, iki il davam edən müharibə ərzində 70 mindən çox fələstinli öldürülüb. Onların ən az 20 mini azyaşlılardır. Ötən il oktyabrın 10-da atəşkəs qüvvəyə minsə də, İsrail ordusunun müxtəlif vaxtlarda atəşkəsi pozması nəticəsində 500-dən çox sakin həlak olub.
Əliyevin təsdiqlədiyi strategiya sənədində yer alan məqsədlər sırasında “informasiya təhlükəsizliyinin təmin edilməsi və dezinformasiya təhdidlərinə qarşı mübarizə” də var.
S.Ələkbərli deyir ki, Azərbaycan həm rəsmi kanallar, həm də hökumətyönlü media vasitəsilə ölkənin kibertəhlükəsizlik sahəsində İsraillə əməkdaşlığını Azərbaycanın həssas geosiyasi mövqedə yerləşməsi, çoxsaylı xarici və daxili təhdidlərin mövcudluğu, eləcə də müxtəlif ölkələrin kiberhücumlar və sosial media üzərindən dezinformasiya kampaniyaları ilə ölkənin beynəlxalq imicinə zərər vurmağa çalışması ilə əsaslandırır.
“Xüsusilə, 2023-cü ildən başlayan repressiya dalğası fonunda Azərbaycanın son dövrlərdəki rəqəmsal siyasəti və yeni nəzarət mexanizmlərinin yaradılması təsadüfi deyil. İsrailin əsas ixrac etdiyi texnologiyalardan biri məhz dövlət sisteminin və dataların rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi üzərindədir”, - o əlavə edib.
Azərbaycanda 2023-cü ilin noyabrından başlayaraq 30-dan çox müstəqil jurnalist və vətəndaş cəmiyyəti üzvləri, əsasən, Qərb ölkələrindən xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunub. Onlar ittihamları rədd edirlər və ictimai-siyasi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Azərbaycanda dövlət sektorunda rəqəmsal texnologiyalarla bağlı yeniliklərdən biri də ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərkibində yaradılan Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemidir (MİRAS).
MİRAS-ın təsisatı barədə əsasnamə prezidentin saytında dərc olunsa da, sonradan silinib. Əsasnamədə MİRAS-ın məlumat bazasına hansı genişhəcmli məlumatların daxil olunacağı qeyd olunub. Bunlara şəxslərin identifikasiya məlumatları, müşahidə sistemlərindən əldə edilən məkan məlumatları, habelə ailə, iş, təhsil, fiziki və psixi sağlamlıq vəziyyəti haqda məlumatlar daxildir.
S.Ələkbərli düşünür ki, MİRAS kimi tədbirlər dövlət idarəçiliyinin sürətləndirilməsi və şəffaflığın artırılması kimi təqdim olunsa da, əslində biometrik dataların bir mərkəzdə birləşdirilməsi, kəşfiyyat, nəzarət və davranış analitikası funksiyalarını da yerinə yetirməyə imkan yaradır.
Tədqiqatçı həm də xatırladır ki, 2021-ci ildə Azərbaycan hakimiyyətinin İsrailin “NSO Group” şirkətinin “Pegasus” proqramı vasitəsilə yüzlərlə jurnalist və fəalı izlədiyi ifşa olunub.
“Bu texnologiyalar dövlətlərin təhlükəsizlik və kəşfiyyat strukturlarına gücləndirilmiş məlumat toplama, analiz və müşahidə qabiliyyətləri verir, xüsusən də biometrik tanıma, sosial media analizi və davranış proqnozlaşdırması kimi tətbiqlər üçün istifadə olunur. Avtoritar idarəetmələrdə süni intellekt, adətən, rəqəmsal izləmə və profilləşdirmə sistemləri yaratmaq üçün istifadə olunur, məsələn, müxalif fəalların monitorinqi, internet istifadəsi və sosial media davranışlarının süni intellektlə təhlili, potensial etirazların qabaqcadan müəyyənləşdirilməsini və s. misal çəkmək olar. Həmçinin, siyasi fəaliyyətlərin xəritələşdirilməsi, “riskli fərdlər” siyahılarının hazırlanması da siyasi nəzarət və rəqəmsal izləmə işini asanlaşdırır”, - o qeyd edib.
Azərbaycanın süni intellekt strategiyasında “süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün” normativ hüquqi baza hazırlanması da nəzərdə tutulub.
S.Ələkbərli isə deyir ki, avtoritar ölkələrdə qanunlar, əsasən, sadəcə legitimliyin istehsal aləti kimi istifadə olunduğundan, faktiki olaraq şəffaflıq, hesabatlılıq, insan hüquqlarının və məlumatlarının qorunması mexanizmlərin güclənməsinə yox, total nəzarət və gücün mərkəzləşdirilməsinə xidmət edir.
“Ən azı indiyə qədərki təcrübələr, avtoritarizmin qlobal yüksəlişi, artan militarizasiya və imperial maraqlar uğrunda gedən gərgin geosiyasi mühit bunu göstərir. Bundan başqa, təkcə daxili nəzarət və kəşfiyyat üçün deyil, həmçinin hazırda İsrail və ABŞ tandeminin qonşu İranla gərgin hərbi-siyasi vəziyyəti fonunda Azərbaycanın İsrail üçün İrana qarşı kəşfiyyat məlumatlarının toplanmasında uzunmüddətli effektiv tərəfdaş olduğunu da nəzərə almaq lazımdır”, - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
VOA
"Human Rights Watch" Azərbaycan hakimiyyətini Rüfət Səfərovu azad etməyə çağırır
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”