Siyasət

CPJ “Meclis.info” işi üzrə 12 ilədək həbs cəzası istənilməsini pisləyib

23 Oktyabr, 2026
27

sosial media

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meclis.info” işi üzrə təqsirləndirilən şəxslərə 12 ilədək həbs cəzası istənilməsini pisləyən bəyanat yayıb.
Komitənin oktyabrın 22-də yaydığı açıqlamaya görə, oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı “Meclis.info”nun təsisçisi İmran Əliyevə 12 il, ictimai fəal Elgiz Qəhrəmana isə 11 il həbs cəzası verilməsini istəyib.

Təqsirləndirilən şəxslərdən Tamella Musayevanın səhhətində problem yarandığı üçün onun barəsində cəza istənilməsi həmin iclasda səsləndirilməyib. Məhkəmə prosesi təxirə salınıb.

CPJ Azərbaycan hakimiyyətini jurnalistlərə qarşı maliyyə cinayətləri ilə bağlı açılan işi dayandırmağa, İmran Əliyevi azad etməyə və onun həmkarlarına qarşı ittihamları ləğv etməyə çağırıb.

Komitənin Avropa və Mərkəzi Asiya proqramı üzrə direktoru Fiona O’Brayen bildirib ki, xarici maliyyələşmə ilə bağlı qanunvericilik müstəqil media qurumlarına təzyiq vasitəsi kimi istifadə olunur.

İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verilib, daha sonra ittihamların sayı səkkizə çatdırılıb.

İctimai fəal Elgiz Qəhrəman və Tamella Musayeva da eyni iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

CPJ bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaş cəmiyyəti təşkilatları xarici qrant almaq üçün dövlət qeydiyyatından keçməli və müvafiq təsdiq prosedurlarını tamamlamalıdır. Hakimiyyət “Meclis.info” və digər media qurumlarının bu tələblərə əməl etmədiyini deyir.

Komitə qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar işlərlə bağlı qərarlarında bu cür pozuntulara görə cinayət cəzalarının tətbiqini tənqid edib.

CPJ-nin məlumatına görə, xarici maliyyələşmə ilə bağlı oxşar ittihamlarla Azərbaycanda digər müstəqil media qurumlarının əməkdaşları da mühakimə edilir. 

2025-ci ilin iyununda “Abzas Media” ilə əlaqəli altı jurnalist və media əməkdaşı 9 ilədək həbs cəzasına məhkum olunub. 2026-cı ilin iyulunda isə “Toplum TV işi” üzrə doqquz nəfərə 15 ilədək həbs cəzası verilib.
CPJ-nin 2025-ci il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin həbsinə görə dünyada altıncı yerdə qərarlaşıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Məhkəmə Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb

23 Oktyabr 2026

sosial media

Oktyabrın 23-də LənkəranıAğır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub. Əfqan Sadıqovun vəkili Nemət Kərimli müvəkkilinin ev dustaqlığına buraxılması və məhkəmə iclasları zamanı onun yanında əyləşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib. Növbəti iclas noyabrın 3-nə təyin olunub. Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb....
Siyasət

RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”

22 Oktyabr 2026

sosial media

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib. “Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir. Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır. Jurnalistin...

Seçilmiş Videolar

Toplum TV loqo