sosial media
Noyabrın 3-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Jurnalistin yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Sadıqov məhkəmə zalına əlləri qandallı, beş konvoy əməkdaşının müşayiəti ilə gətirilərək şüşə kabinəyə yerləşdirilib.
Hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə vəkil Nemət Kərimlinin müvəkkilinin şüşə kabinədən çıxarılaraq yanında əyləşdirilməsi barədə vəsatəti təmin edilsə də, onun qollarındakı qandal açılmayıb.
Hakim iş üzrə yeddi nəfərin zərərçəkmiş şəxs kimi tanındığını, onlardan üçünün məhkəmə iclasında iştirak etdiyini bildirib.
Dövlət ittihamçısı Taleh Səfərov ittiham aktının nəticə hissəsini oxuyub.
Sadıqov ittihamda yazılanların hamısının yalan olduğunu deyib. O, jurnalist fəaliyyətinə görə prezident İlham Əliyevin göstərişi ilə həbs olunduğunu deyib. Bundan sonra o, hakimin göstərişi ilə təkrar şüşə kabinə salınıb.
Dövlət ittihamçısı Sadıqovun özünü təqsirli bilmədiyini əsas gətirərək əvvəlcə zərərçəkmiş kimi tanınan şəxslərin dindirilməsini istəyib. Onlar isə əvvəlcə ifadə vermək istədiklərini bildiriblər.
Vəkil Nemət Kərimli isə məhkəmə iclasının təxirə salınması barədə vəsatət verib. O, indiyədək müvəkkili ilə görüşə bilmədiyini və onunla konfidensial ünsiyyət qurmaq istədiyini deyib. Dövlət ittihamçısı vəsatəti əsassız adlandıraraq məhkəmə iclasının davam etdirilməsini istəyib.
Məhkəmə tərkibi müşavirədən sonra iclasın davam etdirilməsi barədə qərar qəbul edib. Əfqan Sadıqov qərara etiraz edib və vəkilinin vəsatətini dəstəkləyib. Hakim isə məhkəmənin artıq qərar qəbul etdiyini bildirib.
Sadıqov bunun məhkəmə olmadığını deyərək həbsinin prezident İlham Əliyevin sifarişi ilə həyata keçirildiyini bir daha iddia edib. O, İlham Əliyevi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevi “quldurlar” adlandırıb, “Rədd olsun diktatura!” və “Siyasi məhbuslara azadlıq!” şüarlarını səsləndirib.
Hakim onun məhkəmə zalından çıxarılmasını əmr edib. Yaxınlarının məlumatına görə, konvoy əməkdaşları Sadıqovu itələyərək zaldan çıxarıblar. Jurnalist zorla çıxarıldığı zaman da eyni şüarları səsləndirməyə davam edib.
Bundan sonra vəkil Nemət Kərimli Əfqan Sadıqovun müdafiə hüququnun pozulduğunu bildirib və müvəkkili ilə ünsiyyət qurması üçün məhkəmə iclasının təxirə salınması barədə yenidən vəsatət verib. Hakim vəsatəti təmin edib.
Məhkəmə iclası noyabrın 16-sına təxirə salınıb.
Əfqan Sadıqov 2024-cü il avqustun 4-də Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda saxlanılıb. Tbilisi Şəhər Məhkəməsi onun həbsinə və Azərbaycana ekstradisiyasına qərar versə də, Avropa İnsan Hüquqları Məhkəməsi ekstradisiyanın icrasını dayandırıb.
Jurnalist 2025-ci ilin aprelində azadlığa buraxılıb. Azərbaycan Baş Prokurorluğu 2026-cı il aprelin 1-də onun barəsində aparılan cinayət işinə xitam verib. İki gün sonra Tbilisi Şəhər Məhkəməsi bu qərarı əsas götürərək Sadıqovun Gürcüstanı tərk etməsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.
Bununla belə, jurnalist 2026-cı il aprelin 4-də Tbilisidə yaşadığı ünvandan götürülərək Azərbaycana gətirilib.
İyunun 8-də Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182-ci maddəsi - hədə-qorxu ilə tələb etmə ittihamı ilə həbs olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi bu hadisə ilə bağlı Gürcüstan tərəfinin hərəkətlərindən narahatlığını ifadə edən açıqlama yayıb.
Əfqan Sadıqov ittihamları qəbul etmir, təqibin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
şəxsi arxivi
“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar