Siyasət

Əli Zeynal prezidentə: “Bizim kimi ölkələrdə təmiz həqiqət yolu çikli və sənin qurduğun məhkəmələrdən keçir” 

5 Avqust, 2026
22

İDİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilən, jurnalist, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı (IDI) Əli Zeynalın son sözünü təqdim edirik.

Son sözü bəzilərimiz xalqa müraciət formasında edir. Bəzilərimiz övladına açıq məktub formasında. Bəlkə bəzilərimiz doğulmamış övladına, bəlkə heç doğulmayacaq övladına, kimisi gələcəyə, gənc nəslə ünvanlanmış çağırış formasında edir. Mən də çox düşündüm ki, görəsən, bəs mən kimə yazım. Ən birincisi, doğmalarıma, yaxınlarıma, dostlarıma ünvanlasaydım, düşünürəm ki, həm çox şəxsi, həm də dramatik, bəlkə də faciəvi olardı. Oxuyanı, dinləyəni, heç kəsi kövrəltməmək üçün dedim ki, qoy bir az şənləndirici olsun. Oxuyanların, dinləyənlərin üzündə təbəssüm oyatsın. Nəhayət, bir nəfərə ünvanlamağı qərara aldım.

Eh, bu açıq məktubu elə bir insana ünvanlayıram ki, o mənim qədrimi heç vaxt bilməyib. Yəqin ki, elə sona qədər də bilməyəcək. O, mənim barəmdə yəqin ki, ancaq neqativ şeylər düşünür. Ən pis şeylər nələrdirsə, elə onları arzulayır. Amma mən isə heç kimə olmadığı kimi, ona da pis heç bir şey arzulamıram. Hətta bu məktubu elə həssaslıqla, diqqətlə yazıram, hazırlayıram ki, heç kimin qəlbinə dəyməyim. Hətta özünün də xoşuna gəlsin. Nə vaxtsa oxuyası olsa, üzü gülsün, gülümsəsin və əhvalını qaldırdığım üçün "sağ ol" desin.

Ümumiyyətlə, pozitivə köklənsin. Neqativdən uzaq dursun. Beləliklə, cənab, zati-aliləri, möhtərəm, mötəbər, müzəffər ordumuzun ali baş komandanı, yox, dəmir yumruğu unutdum. Cənab, zati-aliləri, möhtərəm, mötəbər, müzəffər ordumuzun dəmir yumruqlu ali baş komandanı, aydaa... İndi də mənim favoritim olan "Şuşanın fatehi" ləqəbini unutdum. Nəysə, hər yaltaq özündən bir ləqəb, titul uydurur deyə, siyahı çox uzanır, ona görə bir-iki dənəsini də buraxmışam. İndi yadıma düşdü: dəyərli, hörmətli, məlahətli, sədaqətli, qayğıkeş və s. Mən elə qısaca "priz"dentim deyəcəyəm. Şifahi olaraq deyilişdə tam aydın hiss olunmur. Amma əsli bu cürdür: "priz"dent. "Priz" dırnaq içərisində. "Priz" rus dilində hədiyyə, mükafat mənalarında istifadə olunur. Bəlkə bəzilərimiz bilmir, amma "priz"dentim özü də "ruski yazıçnı" olduğu üçün onu rahat başa düşəcək. Sözün həqiqi mənasında, bu adam mənim bu ana qədərki həyatımda ən böyük "priz"dir (ən böyük və ən arzuolunmaz... Amma nəysə, dedik ki, neqativə köklənməyək. Ancaq pozitiv).

Oydaaa! Ümumiyyətlə, bir insanın həyatındakı ən böyük hədiyyə niyə İlham Əliyev olsun ki? Yüz faiz əminəm ki, məni tanımayan hər hansı bir insan mənimlə bağlı bu faktı eşitsə, mənim barəmdə çox da yaxşı şeylər fikirləşməz. Daha doğrusu, mənim barəmdə yox. Mənim həyatım barəsində heç də yaxşı şeylər düşünməz. İlham Əliyev ilk dəfə prezident "seçiləndə" mənim cəmi 7 yaşım var idi. İndi 30 yaşım var. "Priz"dentim hələ də elə eyni adamdır. Aralıqsız, fasiləsiz. Bax, həyatımla bağlı bu faktı eşidən insan isə artıq mən və ya mənim həyatım barədə yox, bu səfər artıq bu hadisənin baş verdiyi bütövlükdə ölkə və onun əhalisi barəsində heç də yaxşı şeylər fikirləşməyəcək. Yəni, mənim ölkəmin Azərbaycan olduğunu bilsə, bütövlükdə Azərbaycan və azərbaycanlılar barəsində. Heyif!

Üzr istəyirəm. "Priz"dentim və onun hökuməti demiş, "yenə ölkəmi və xalqımı pis təmsil etdim". Adına söz gətirdim. Kaş heç buralı olmazdım, amma sevimli "priz"dentimə də, ölkəmə və xalqıma da mənə görə, mənim ucbatımdan söz gəlməzdi. Hörmətli "priz"dentim, bax, özün də görürsən ki, mən sənin qorxduğun, düşündüyün qədər pis insan deyiləm. Bax, nədir səni məndən alıb verə bilmədiyin? Tək məndən də yox, əsasən gənc nəsildən, cavanlardan, yaşıdlarımdan. Nə istəyirsən məndən, bizdən? Niyə imkan vermirsən yaşayaq? Bax, mənim indi oturub "priz"dentə məktub yazan vaxtımdır? "Xalxın" ölkəsində insanlar heç prezidentlərinin adını bilmirlər. Sən məni tutdurmamışdan öncə Almaniyada çəkilmiş bir küçə sorğusuna baxmışdım. Gənclərin çoxu ölkə prezidentini heç tanımırdı. Biz isə bütün gün burada "didişirik". Jurnalistəm deyəndə tutdurub salmısan içəri. Nə var, nə var, sənin istədiyin kimi sənə təriflər yağdıran jurnalist olmadım deyə, bəyəndiyin, mükafatlandırdığın Azərbaycandakı əksər jurnalistlərdən biri olmadım deyə, özünə və peşəsinə hörmət etməyən jurnalistlərdən, insanlardan biri olmadım deyə, o çirkli, iyrənc, amma rahat və asan olan yolu seçmədim deyə, bağışla məni, sevimli "priz"dentim, sənin istədiyin kimi biri olmadım deyə, həyatı, tərbiyəni, peşəni təmiz, ləyaqətli, şərəfli, əxlaqlı insanlardan öyrəndim deyə, hansı ki, bir çoxu indi sənin bəyəndiyin jurnalistlər kimi sənin hədiyyə verdiyin evlərdə yox (hansı ki, buna rüşvət deyirik), sənin tikdirdiyin türmələrdə qalırlar. Məni də onlardan ayırmadığın üçün, kimlərdən olduğumu cümlə-aləmə göstərdiyin üçün sənə minnətdaram.

Çox sağ ol, hörmətli "priz"dentim, üzərimdə çox danılmaz əməyin var. Şərləyərək tutdurdun, 15 il həbs cəzası istədin. İndi hələlik mənə məlum deyil, sonda 20 il verəcəksən, ya ömürlük, bəlkə ölüm cəzası. Bir neçə dəfə etmişliyim var çünki. Mənim üçün fərq etmir, sənin əlindədir, hansını istəyirsən ver. "Slujba-slujba, drujba-drujba". Mən həyatı seçimimi edəndə, həyatımı seçəndə bunları bilirdim və gözə almışdım ki, nəticədə bu həyatı, bu təmiz yolu seçdim, əzab-əziyyətlərini bilə-bilə. Bu təmiz yol haqq, həqiqət yoludur və təəssüf ki, bizim ölkəmiz kimi ölkələrdə bu təmiz həqiqət yolu bu cür çirkli və həqiqətdən əsər-əlamət olmayan sənin qurduğun belə bir məhkəmədən də keçir. "Əsər-əlamət olmayan" demişkən, bu məhkəmədən, bu cür məhkəmə şoularından əlavə olaraq, bir də adını "Əsrin məhkəməsi" qoyduğun bir məhkəmə daha var. O "Əsrin məhkəməsi", bunlar da "yesir məhkəmələr" və ya "əsir-yesir olmuş məhkəmələr".

Mənim üçün maraqlı qalan bir məqam var. Haqqını danışaq, "pis-yaxşı" işləyən xarici siyasətin var. Əldə etmək istədiklərini ala bilirsən. Daha doğrusu isə, ala bilirdin. Bu "Əsrin məhkəməsi" layihənə və ya fantaziyana kimi. Doğrudur, o məhkəmə ilə bu məhkəmələr arasında yerlə göy qədər fərqlər var. Bunu ikimiz də bilirik və görürük. Heç təkcə biz də yox, bir çoxları. Amma o məhkəmələrlə bu məhkəmələrini birləşdirən ortaq və ən vacib olan bir şey var ki, onu gözardı etməyinin və ya edə bilməyinin səbəbi çox maraqlıdır. Sifarişlə işləyən məhkəmə, hüquq sistemi, daha doğrusu, sistemin.

Məhkəmələrinin sifarişlə işlədiyi hər kəsə məlumdur. Bu, müzakirə mövzusu deyil. Hətta mən daha doğrusu və daha da acı bir həqiqəti deyim: məhkəmələrin "sifarişsiz" işləmir. Bəs sən bu ideyanı deyəndə, bu fantaziyadan danışanda "niujeli" yanındakılardan bir nəfər ağıllısı durub demədi ki, "ay cənab prezident, bu alınmaz". İkincisi, mümkün deyil, mümkünatı yoxdur ki, beynəlxalq hüquq aləmi bu məhkəmə qərarını tanısın, qəbul etsin ki, doğrudan da cinayətkarların törətdikləri cinayətlər məhkəmə tərəfindən sübuta yetirildi, tam şəffaf formada və ictimaiyyətə nümayiş etdirildi.

Bəli, məhkəmə düzgün hökm çıxarıb. Özünü bunun göz ardına vurmağını, ciddiyə almamağını, qəbul olunmamağını bəlkə başa düşərəm. Çox çətin görünən bir işi bacarırsan, eyforiyaya qapılmısan, həvəslənmisən ki, bu işi daha da böyüdəsən, "şanın yürüsün". Bəs yanındakılar hissəsi, məsləhətçilərin, köməkçilərin? Məni maraqlandıran, hətta qorxudan məsələ bu məqamdır. "Niujeli" məsləhətçilərin, köməkçilərin arasında bir nəfər belə olsa deyə bilmir ki, sən dəqiqədə bir jurnalisti, aktivisti, siyasətçini, etirazçını şərləyərək həbs edib haqqında sifarişlə məhkəmə hökmü çıxardığında, sabah sən həqiqi cinayətkarı da həbs edəndə, haqqında hökm çıxaranda buna heç kim inanmayacaq. Gülməli tərəfindən gedək də, danışmışdıq axı ki, ancaq pozitivə köklənəcəyik. Gülməli tərəfi odur ki, bu reallığı dərk edən ağıllı birisinin sənin məsləhətçilərin, köməkçilərin arasında olmamasıdır. Belə ağıllı birinin olub, amma bunu dilə gətirməyə cəsarət edə bilməməsi isə işin o biri tərəfidir. Ağlamalı tərəfi olduğuna görə bu söhbəti bağlayıram. Pozitivə köklənək.

Əslində, Hikmət Hacıyevin prezident köməkçisi, məsləhətçi olması elə bəzi şeylərdən xəbər verir. Amma rəisə, haqqında hökm çıxarılmayan jurnalistlərə "qaçaqmalçı, maliyyə fırıldaqçıları" deyərək insanların "təqsirsizlik prezumpsiyasını" pozan birisi prezidentə hansı mövzuda kömək edir, hansı məsələdə məsləhət verir? Məncə, dövlətçiliyimizin təhlükəsizliyi naminə bu sualı diqqətdə saxlamaqda fayda var.

"Gənc kadr, gənc kadr" deyə-deyə Hikmət Hacıyevin vəzifəyə gətirilməsində əgər 0,1 faiz belə rol oynamışıqsa, onda bütün bunlar o yazıq Ramiz Mehdiyevin ahıdır, bizi tutub. Gənc kadr demişkən, cənab "priz"dent, yaxın dostunuz Mirşahin tez-tez efirdə sizin dediyiniz "mənim prezidentliyim dövründə doğulan gənclər" videosunu nümayiş etdirir. O gənclərlə bağlı da bəzi gerçəkləri çatdırmaq istəyirdim. Cənab "priz"dent, köməkçiləriniz bunları sizə deyən deyil. Köməkçiniz olmasam da, bunları deməklə həm sizə, həm də həmin o gənclərə köməklik etmək istərdim.

Cənab "priz"dent, gənclərin gəncliyi görün necə keçdi, nələrdən keçdilər. Bir il ərzində iki devalvasiya, yoxsulluq, kasıblıq, müharibə, hələ də davam etməkdə olan, artıq 6-cı ilinə girmiş karantin rejimi, sərhədləri qapalı ölkə, gənclərə və jurnalistlərə qapalı prezident, qapalı qapılar arxasında verilən şərlənərək həbs sifarişləri, işsizlik. Yoxdur işləri-gücləri. Yəni, cənab "priz"dentim, başqa sözlə desək, sizin prezidentliyiniz dövründə doğulanlar doğulmadılar, soxuldular bataqlığa, sizin prezidentliyiniz dövründə yaratdığınız bataqlığa və soxulduqları bu bataqlıqda boğuldular. Bir hissəsi isə boğulub qurtarmayıb, hələ boğulmaqda davam edir. Sizin davam edən prezidentliyiniz dövrü kimi, getdikcə artmağa, güclənməyə davam edən repressiyalarımız kimi.

Bu arada, indi bunu yazarkən fərqinə vardım, aydınlandım. Cənab "priz"dentim, mən də Heydər Əliyevin prezidentliyi dövründə doğulan gəncmişəm. Seçilmiş insan kimi tarixə düşə bilərəm. Hətta bu gedişlə Heydər Əliyevin prezidentliyi dövründə doğulmuş, İlham Əliyevin prezidentliyi dövründə yaşamış və ya türmədə yaşamış... Heydər Əliyevin prezidentliyi dövründə... Təzədən ən başa qayıtdım deyəsən. Bir dəqiqə... Yox, yoxladım, hər şeyi düz yazmışam. Əgər tarix təkrardan ibarətdirsə, tarix təkrarlanırsa, onda növbəti Heydər Əliyevin prezidentliyi dövründə görüşəcəyik deyəsən. Belə baxıram, nəsə elə görüşənə oxşayırıq, elə ona doğru gedirik. Gedək, görək bu dövrdə başımıza nə gəlir.

Sağ olun, sağlıqla qalın. Oxuduğunuz, dinlədiyiniz üçün minnətdaram. Özünüzə yaxşı baxın.

Demokratiyaya və ifadə azadlığına xidmət edirəm.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...
Siyasət

Vəkil: “Müdafiə etdiyim rusiyalı məhkum kəskin psixi pozuntu keçirib, müalicəsi barədə məlumat verilmir”

5 Avqust 2026

Sosial media

Ötən ilin iyulunda Bakıda həbs olunan Rusiya vətəndaşı Dmitri Fyodorovun psixi vəziyyətinin kəskin pisləşdiyi bildirilir. Bu barədə onun vəkili Elçin Sadıqov avqustun 5-də məlumat yayıb. Vəkilin sözlərinə görə, D.Fyodorovda hallüsinasiyalar və düşüncə pozuntuları yaranıb. "Nəticədə onun psixi vəziyyəti həm özü, həm də ətrafındakılar üçün təhlükəli həddə çatıb. Müvəkkilimin anası oğlunun səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün bir həftədir Bakıdadır və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə dəfələrlə müraciət edib. Bu gün də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində olduq, lakin bizi onu müayinə edən psixiatr Şəfəq Ağayeva ilə görüşdürmədilər. Bildirdilər ki, onun belə bir səlahiyyəti yoxdur", - deyə vəkil yazıb. E.Sadıqov əlavə...

Seçilmiş Videolar

Toplum TV loqo