Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr, 2026
47

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib. 

O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib. 

“Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir:

“Məhkəmədə niyə iştirak etmirəm? 

Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır. 

Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə yazılı tapşırıqları icra edərkən bəzən müəllimim həmkarlarına telefon zəngi edirdi. Həmin telefon danışıqlarında o, ölkənin hüquqi vəziyyəti ilə bağlı (qanunun aliliyi, məhkəmələrin müstəqilliyi və s.) açıq şəkildə tənqidi mövqe sərgiləsə də, onun kitablarında və ictimai mövqeyində həmin tənqidlərdən əsər-əlamət görmək mümkün deyildi. İqtisadiyyat, jurnalistika, politologiya və s. ixtisaslarında təhsil alan azad fikirli gənclərlə söhbətlərimdən onların da müəllimləri ilə bağlı oxşar müşahidələrə malik olduğunu görmüşəm. Yəni hamı hər şeyi bilir, amma nələrisə itirməkdən qorxduğu üçün bildiklərini özünə saxlayır. 

Bizə hökm oxuyan hakim Azər Tağıyev də hər şeyi bilirdi. Bəzən çox qəzəblənəndə və iclasdan sonra kamera çəkilişi dayandırılanda işlətdiyi ifadələrdə səlahiyyətsizliyi ilə bağlı açıq sözlü olurdu. Eynilə müstəntiqlər də. Məsələn, “istintaq”ın sonunda 800 səhifəlik istintaq materialları ilə tanış olmağa başlayanda Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi mənə dedi: “Açıq danışacağam. Əgər bu qədər yazını özünlə bağlı nə isə axtarmaq üçün oxuyacaqsansa, oxuma, heç nə yoxdur. Maraq üçün oxumaq istəyirsənsə, oxu. Vaxt məhdudiyyətin yoxdur”. Nəticədə, Azər Tağıyev imzaladığı hökmdə müstəntiqin içi boş olduğunu etiraf etdiyi iş materiallarını olduğu kimi köçürdü. 

Oradakı saxtalaşdırmalarla bağlı onlarla misal çəkmək olar, amma hesab edirəm ki, nümunə üçün birini qeyd etmək kifayətdir. İttihamda saxta sübut kimi mənim banka xarici valyuta satdığım qeyd olunub. Lakin məhkəmə dövründə banka göndərdiyimiz rəsmi sorğunun cavabından aydın görünür ki, mən banka xarici valyuta satmamışam. Əksinə, banka manat valyutası təqdim edərək onu dollar valyutasına mübadilə etmişəm. Buna baxmayaraq, həmin ittiham sübutlar siyahısından çıxarılmadı və Azər Tağıyev hökmdə nə isə yazmağa məcbur olduğu üçün yenə qeyd etdi ki, banka 400 dollar satmışam və bu, qaçaqmalçı olmağımın sübutudur. Belə bir hökmün davamı olan məhkəmədə niyə iştirak edim?!

Məhkəmədə iştirak etməməyimin digər səbəbi hazırda sivil itaətsizlik aksiyası etməyimdir. Avqust ayının sonlarında ədliyyə naziri Fərid Əhmədova göndərdiyim açıq məktubda olan işgəncələrin araşdırılmasını tələb etmişdim. Bu istiqamətdə heç bir addım atılmadığı üçün 22 sentyabr tarixindən etibarən başlatdığım sivil itaətsizliklə sıra yoxlanışına, vəkil görüşünə, telefon danışığına, ailə görüşünə, müəssisə rəisinin qəbuluna və məhkəməyə çıxmayacağımı elan etmişəm. Bu müddət ərzində baş verənlərlə bağlı daha sonra ətraflı məlumat verəcəyəm. 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov 21 sentyabr tarixindəki hazırlıq iclasında ictimailəşmiş bu işgəncə faktlarına münasibət bildirmək əvəzinə onu tənqid edən Fərid İsmayılovun məhkəmə zalından çıxarılmasına göstəriş verdi. Bu şounun təşkilatçılarının məhkəmə keçirmək niyyətində olmadığını bilirdik, lakin görünür, heç məhkəmə görüntüsü yaratmaq niyyətləri də yoxdur.”


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb.  F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb.  F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə...
Siyasət

Hesabat: “Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşməkdə davam edir”

8 Oktyabr 2026

sosial media

Müstəqil Hüquqşünaslar Şəbəkəsi (MHŞ) Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair yeni hesabatını yayımlayıb.  Bu ilin əvvəlindən sentyabrın 1-ə qədər olan dövrü əhatə edən hesabatda qanunvericiliyə edilən dəyişikliklər, həbs yerlərində tibbi xidmətə çıxış imkanları və “Toplum TV işi” üzrə məhkəmə prosesləri qiymətləndirilib.  MHŞ monitorinqə əsasən Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinin pisləşməsi tendensiyasının davam etdiyini qeyd edib. Hesabatda yeni qanun dəyişikliklərinin insan hüquqlarına müdaxilə imkanlarını genişləndirdiyi, bu müdaxilələrə qarşı hüquqi müdafiənin isə səmərəsiz qaldığı göstərilib.  Hesabatda xatırladılır ki, iyulda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklərlə internet resurslarına məhkəmə qərarından əvvəl inzibati qaydada girişin məhdudlaşdırıla biləcəyi hallar dairəsi genişləndirilib.  Digər...

Seçilmiş Videolar

Toplum TV loqo