Siyasət

İqbal Əbilov: Bu gün talış dili ölkədə küncə sıxışdırılıb

25 Oktyabr, 2025
261

Foto: sosial media

Həbsdə olan tədqiqatçı İqbal Əbilov saxlanıldığı Umbakı Penitensiar Kompleksindən ictimaiyyətə məktubla müraciət edib. 

O, məktubunda Azərbaycanda talış dilinə qarşı təzyiqlər olduğunu bildirib və məhz talış dilini müdafiə etdiyinə görə həbsdə olduğunu deyib. 

"Toplum TV" İ.Əbilovun məktubunu olduğu kimi təqdim edir:

"Bir dilin itməsi və tarixə qovuşması üçün nə etmək lazımdır? Onu bütün ictimai sahələrdən silmək, dörd divar arasına salmaq və hətta o divarların içində belə küncə sıxışdırmaq kifayətdir. Bü gün talış dilinin ölkədəki vəziyyəti məhz belədir. 

Bu vəziyyətə etirazımı bildirmək üçün mən haqqımda açılmış cinayət işi üzrə ilkin məhkəmə instansiyasında son sözüm zamanı və apellyasiya məhkəməsində çıxış edərkən tərcüməçi tələb edərək öz ana dilimdə - talış dilində çıxış etdim.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu tələbimə əvvəlcə anlaşılmaz səslərlə reaksiya versələr də, sonda xahişimi təmin etdilər. Lakin dəvət etdikləri iki tərcüməçinin heç biri fikirlərimi düzgün şəkildə tərcümə edə bilmirdi.

Tərcümələrə dəfələrlə düzəlişlər verməli olduğum üçün çıxışımı yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Şirvan Apellyasiya məhkəməsinin dəvət etdiyi tərcüməçi də eyni şəkildə işini peşəkarcasına yerinə yetirə bilmədiyi üçün çıxışımı özüm tərcümə etmək məcburiyyətində qaldım.

Bunun səbəbi onların talış dilini bilməməsi deyil, ölkədə bu dilin istifadə arealının qəsdən daraldılması, talış dili tərcüməçiləri və müəllimlərini hazırlayan heç bir təhsil müəssisəsinin mövcud olmamasıdır. Bu vəziyyəti dilə gətirən hər kəsin isə “xəyanətkar” damğası ilə 18 ilədək azadlıqdan məhrum edilə bilməsi problemi daha da dərinləşdirir.

Mənə verilən “cəza” sadəcə mənim, ailəmin və yaxınlarımın sınağı deyil - bu həm də cəmiyyətimiz üçün bir sınaqdır. Biz bir-birimizin bərabərliyinə, bərabər hüquqluluğuna nə qədər səmimi inanırıq?

Hər kəs, hər insan, hər xalq, hər dil gözümüzdə doğrudanmı bərabərdir? Yoxsa Corc Oruelin dediyi kimi: “Hər kəs bərabərdir, amma bəziləri digərlərindən daha bərabərdir”?  Əgər talış dilinin qapalı məhkəmə zalındakı qəfəsdən belə səsləndirilməsi kimisə narahat edib və qıcıqlandırıbsa, bu, özü-özlüyündə cəmiyyət üçün təəssüf doğuran bir haldır.

Mənim talış dilində danışmağımın səbəbi heç bir dili bəyənməməyim deyil, sadəcə öz ana dilimi müdafiə etməyimdir. Buna əsəbləşib sərt reaksiya verənlərin səbəbini bilmirəm. 

Amma öz adımdan deyə bilərəm ki, mən həmişə insanların, xalqların mədəniyyətlərinin və dillərinin bərabər hüquqlu olduğuna inanmışam. Bu sadə, amma vacib fikrə qətiyyətlə inanan bütün insanlara öz salamımı və dərin minnətdarlığımı çatdırıram".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ötən ay azadlığa çıxan AXCP üzvünün yenidən saxlanıldığı bildirilir

4 Sentyabr 2026

sosial media

Avqustun 7-də azadlığa çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan Rayon Təşkilatının sədri Zamin Salayevin yenidən saxlanıldığı bildirilir. Bu barədə sentyabrın 4-də fəalın yaxınları sosial mediada məlumat yayıblar. Onlar Zamin Salayevin hazırda harada olduğunu dəqiqləşdirə bilmədiklərini deyiblər. “Rəsmi şəkildə dəqiqləşdirə bilmədiyimiz iki məlumata görə, onu Salyanda saxlayaraq Bakıya aparıblar. Axşam saatlarında Zamin Salayev üç avtomobillə məhəlləsinə qədər təqib edilib. O, bu gün saat 12 radələrində əvvəlcədən planlaşdırdığı avtomobil cəriməsi ilə bağlı məsələni həll etmək üçün rayon polis şöbəsinə gedib. Təxminən saat 14 radələrində onun saxlanıldığı barədə xəbər tutmuşuq. Bu vaxta qədər Salayevlə telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Rayon polis şöbəsi...
Siyasət

“Amnesty International” Bəhruz Səmədovla bağlı petisiya başladıb

4 Sentyabr 2026

sosial media

“Amnesty International” beynəlxalq hüquq müdafiə təşkilatının Belçika bölməsi həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlığa buraxılması tələbi ilə petisiya başladıb. Avqustun 28-də başladılan petisiya Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb. Təşkilat Səmədova qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu və ictimaiyyətə heç bir etibarlı sübutun təqdim edilmədiyini bildirib. “Amnesty International” həmçinin onun həbsdə olduğu müddətdə fiziki və psixoloji vəziyyətinin pisləşdiyini qeyd edib.   Petisiyada Səmədov azadlığa buraxılanadək onun lazımi tibbi yardımla təmin edilməsi, beynəlxalq standartlara uyğun şəraitdə saxlanılması, müstəqil müşahidəçilərin və Ombudsman nümayəndələrinin onunla görüşməsinə şərait yaradılması tələb olunur. “Bəhruz Səmədov ağır saxlanma şəraiti ilə tanınan Umbakı Penitensiar Kompleksinin...

Seçilmiş Videolar

Toplum TV loqo