“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib
Toplum TV
Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb.
Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib.
İclas zamanı məhkəmə heyəti ilə təqsirləndirilən şəxslər arasında mübahisə yaranıb. Buna hakimin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına riayət etməsini tələb etdikdən sonra məhkəmə zalından çıxarılıb.
III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli də çıxışında məhkəmə prosesinin aparılmasını və hakimlərin davranışını tənqid etdikdən sonra zaldan çıxarılıb.
Təqsirləndirilən digər beş nəfər isə onlarla həmrəylik nümayiş etdirərək zalı tərk edib. Təqsirləndirilən şəxslərdən yalnız “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli və IDI əməkdaşı Ramil Babayev zalda qalıb.
Növbəti məhkəmə iclası oktyabrın 5-i saat 15:30-a təyin edilib.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15, Ələsgər Məmmədli və Əli Zeynal 14, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.
Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı da təmin edib. Dövlət ittihamçısının vəsatəti əsasında üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verilib.
“Toplum TV işi” üzrə həbslər 2024-cü il martın 6-da başlayıb. Həmin gün Daxili İşlər Nazirliyi redaksiyanın ofisində və bir neçə başqa ünvanda əməliyyat keçirib.
İlkin mərhələdə 7 nəfər həbs olunub. Fərid İsmayılov və Elmir Abbasov barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İsmayılov 2025-ci ilin yanvarında həbs edilib.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, həbslərini fəaliyyətləri ilə əlaqələndirir və siyasi sifariş sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”